"İnter” nə qədər güclü olsa da, hədəfimiz yenə eynidir".
“Hazırda bütün diqqətimizi “İnter”lə oyuna yönəltmişik. “Neftçi”ylə matçı unutmuşuq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.
Albaniyalı legioner klubun rəsmi internet saytına açıqlamasında komandasının Topaz Premyer Liqasındakı çıxışı haqda danışıb:
“Bizim “Neftçi”ni ardıcıl 3 oyunda məğlub etməyimiz “ağ-qara”ların liderlik kürsüsündə əyləşməsinə mane olmayıb. İndi bizə vacib olan “İnter” üzərində uğurlu nəticə qazanmaqdır. “Ağ-göy”ləri cari mövsüm uda bilməmişik. Üstəlik, rəqib stabil futbol sərgiləyir və bizimlə eyni hədəflər uğrunda mübarizə aparır. Bakılıların ən böyük üstünlüyü bəlli sistemlərinin olmasıdır. Kimin oynaması onlarda elə də fərq etmir. Amma biz də görüşə qələbə üçün çıxacağıq. Ev oyunumuzda qələbə qazanmaq istəyirik”.
Müdafiəçi komandadakı durumdan da danışıb: “Hazırda “Qarabağ” yaxşı formadadır. Komandamızda zədəlilərin də düzəlməsi vəziyyətimizə müsbət təsir edib. Demək olar ki, hər mövqedə ciddi rəqabət var. Bu da ümumilikdə komandanın “artırmasına” kömək edir. Hər bir oyuna xüsusi motivasiya ilə hazırlaşırıq. Bəli, bu o deməkdir ki, bütün oyunlara 3 xal üçün çıxırıq. “İnter” nə qədər güclü olsa da, hədəfimiz yenə eynidir. Futbolun gözəlliyi istənilən nəticəyə açıq olmasıdır. İnanıram ki, “İnter”lə görüş baxımlı olmaqla yanaşı istəyimizə uyğun başa çatacaq”.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu aprelin 13-də baş tutacaq.