Azərbaycan hakimlər arasında müsbət mənada fərqlənən, UEFA-nın həmyerlilərimiz arasında ən çox güvəndiyi referilərdən biridi Anar Salmanov. Böyük perspektiv vəd edən hakimin bir xətası ona çox baha başa gəlmişdi. Söhbət 2012-2013-cü illər mövsümündə Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından gedir. Təyin etdiyi şübhəli penalti başına olmazın dərdlər açdı. Artıq ilyarımdan da çoxdur ki, Premyer Liqa matçlarına təyinat almır. Ara-sıra Birinci divizion oyunlarına təyinat almasını istisna etsək, uzun müddətdir “böyük futbol”dan uzaq qalıb…
– Uzun müddətdir Premyer Liqada görünmürsüz. Nə vaxtsa yenidən ora qayıda biləcəyinizə ümidiniz varmı?
-İnşallah, Allah qoysa, bu yaxınlarda reallaşacaq.
– UEFA bayrağı altında keçirilən yarışlara mütəzəm olaraq təyinat almağınıza rəğmən, ölkə hüdudlarında sıxışdırılmağınız parodoksal deyilmi?
-Yox,sıxışdırılmaq deyəndə ki, burda sıxışdırılmalıq bir şey yoxdu. Öz buraxdığım səhvə görə,cəzalanmışam və indi də bu cəzanı çəkirəm. Gələcəkdə bu cür səhvlərin təkrarlanmamasına çalışacam. Ölkə daxilində baş vermiş şeyin UEFA-ya nə dəxli? Bunlar fərqli şeylərdir, qarışdırmaq düzgün deyil.
– İndi ən biabırçı səhvləri edən hakimlər belə, uzağı 3-5 tur cəza alırsa, siz bir xətaya görə ilyarımdan da çoxdur məsul oyunlara təyinat almırsız… Bu, kimlərinsə qərəzinin məhsuludur?
– Vallah,bu suala bir şeylə cavab verə bilərəm ki, bütün bunları Hakimlər Komitəsi, rəhbərlik müəyyənləşdirir. Onlar necə məsləhət görürsə, elə də olacaq.
– Heç Xaqani Məmmədovla bu haqda söhbət etmisiz?
– Yox,bu haqda, heç kim mənə demir ki, cəzam 5 aydır, 6 aydır, yoxsa 1 ildir. Bütün bunlara cavabdeh Hakimlər Komitəsidir.
– Azərbaycanda hakimliyin səviyyəsini qənaətbəxş hesab etmək olarmı?
– Yaxşıdır, ildən-ilə olan inkişaf göz qabağındadır.
– Xaqani Məmmədov bir neçə həftə öncə demişdi ki, bir hakimin bir tur ərzində iki matça təyinat alması mümkündür. Bu nə dərəcədə doğrudur?
– Əgər hakim bunu edə biləcək gücdədirsə, niyə də olmasın? Azərbaycanda yetərincə gənc hakim var. Onlara nəzəriyyədən çox, praktika lazımdır. Hakimlərin praktika qazanması baxımından belə bir qərar qəbul olunsa, dəstəkləyərəm.
– Mənə elə gəlir ki, bir hakim eyni turda iki oyunu eyni səviyyədə idarə edə bilməz.
– Əgər onun fiziki durumu buna imkan verirsə, edə bilər, Hər şey insanın öz əlindədir.
– Hakimlərin qiymətlərinin ictimaiyyətə açıqlanmamasını Hakimlər Komitəsinin öz səhvlərini ört-basdır etmək cəhdi kimi qəbul etmək olar?
– Bu təkcə Azərbaycanda yox, Avropada da qəbul olunmuş sitemdir. Dünyanın çox az ölkəsində belə şeylər ictimaiyyətə açıqlanır. Bunu harasa yozmaq lazım deyil. Şəxsən mən bunu normal qəbul edirəm.
– Azərbaycanlı hakimləri avrokubokların qrup mərhələsində görmək üçün neçə il gözləmək lazımdır?
– Gözləmək lazımdır deyəndə ki, bunun üçün müəyyən olnumuş 1-ci kateqoriyaya düşmək lazımdır. Bizdə neçə ildir, bunun üzərində çalışırıq. Bu baş tutduqdan Avropa Liqası və Çempionlar Liqası kimi turnirlərin qrup mərhələlərində bizim hakimlərə də şans verilə bilər.
– Bəs siz nə vaxtsa bunu reallaşdıra biləcəyinizə inanırsızmı?
– Yüz faiz! Buna əmin ola bilərsiz! (bu sözləri deyərkən Anar bəyin özünə necə əmin olduğunu görmək lazım idi)
– “Araz Naxçıvan” bu yaxınlarda “Sumqayıt”la matçdan sonra hakim qərarlarıdan narazılıq ifadə etmiş, çempionatdan çəkiləcəyi ilə bağlı bəyanat vermişdi. Bu məsələyə münasibətiniz necədir?
– Vallah,mən indi həmin epizodlara baxıram. Özünüz də bilirsiz, mən həmişə düzgünlüyün tərəfdarı olmuşam.Orda hakim düzdür. Hər şey qaydalar çərçivəsində baş verir. Hakim qərəzindən, ümumiyyətlə,söhbət gedə bilməz.
– “Qəbələ” – “Araz Naxçıvan” görüşündən sonra Rəhim Həsənov 3 turdur ki, Premyer Liqada görüş idarə etməyib. Həmin matçdan sonra da “Araz Naxçıvan”ın bəzi narazılıqları olmuşdu. Olmaya, onu da sizin aqibətiniz gözləyir?
– Vallah, o barədə mən heç nə deyə bilmərəm, bizdə komitə sədri var. Belə məsələlərə o,baxır. Yaxşı olardı ki, bu tip sualları ona ünvanlayasız.
– Xaqani Məmmədovla münasibətləriniz necədir?
– Yaxşıdır. Mənim heç kimlə pis münasibətim olmayıb və olmayacaq da. Hər biri ilə münasibətim yaxşıdır.
Ürfan Məmmədzadə
