Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) yeni layihəsi olan “AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası 1-ci futbol çempionatı”nın açılış mərasimi oktyabrın 8-də “Akademiya şəhərciyi”nin İdman kompleksində olacaq
Korner.az-ın məlumatına görə, şura sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, çempionatın elanı bu ilin avqust ayında yayımlanıb. 16 institutun komandası çempionata qatılmaqla bağlı iştirak ərizəsini təşkilatçılara təqdim edib. İnstitutların gənc alim və mütəxəssislər şurası sədrlərinin iştirakı ilə püşkatma nəticəsində komandaların mübarizə aparacağı dörd qrup müəyyənləşdirilib. Çempionat əvvəlcədən nəzərdə tutulmuş təqvim üzrə keçiriləcək və oyunlar AFFA-nın peşəkar hakimləri tərəfindən idarə ediləcək.
Turnirdə 1-ci və 2-ci yerləri tutan komandalar pul mükafatı və kubokla təltif ediləcək. F.Salmanovun bildirdiyinə görə bu cür turnirlərin təşkilində məqsəd elmlə məşğul olan gənclərin idmana marağını artırmaq və onların fiziki tərbiyəsini inkişaf etdirməkdir.
