“Almeydanın ustalığı və təcrübəsi bizə kömək edəcək” – “Astana”nın prezidenti
04.07.2018 , 13:23

“Biz bu futbolçunu çoxdan izləyirdik. Riçard son illər Azərbaycanın ən yaxşı klubu “Qarabağ”ın liderlərindən biri olub. O, bu komandada çıxış etdiyi illər ərzində avrokubokların qrup mərhələlərində yaxşı təcrübə toplayıb. Riçard beynəlxalq arenada ümumilikdə 55 oyun keçirib. O, “Çelsi”, “Atletiko”, “Roma”, “İnter”, “Tottenhem”, “Monako” və “Anderlext” kimi komandalara qarşı oynayıb”.
Bu sözləri “Astana”nın prezidenti Sayan Xamitcanov klubun rəsmi saytına açıqlamasında deyib. Riçard Almeydanın transferinə münasibət bildirən klub prezidenti braziliyalı yarımmüdafiəçinin təcrübəsi və ustalığı sayəsində qarşıya qoyulan hədəflərə çatacaqlarına inandığını deyib:
“Almeyda yarımmüdafiənin mərkəzində pleymeyker mövqeyində çıxış edir. Hansı ki, bizdə çoxdandır bu mövqedə boşluq var. Kifayət qədər məhsuldar futbolçudur. Son pasları verə və yaxud özü zərbə vura bilir. Azərbaycanda keçirdiyi uzun müddət ərzində Riçard bu ölkənin spesisifik şərtlərinə uyğunlaşmağa müvəffəq olub. Hesab edirik ki, onun Qazaxıstana öyrəşmək müddəti də qısa olacaq. Almeydanın oyun üslubu və imkanları “Astana”nın baş məşqçisi Roman Qriqorçuka da yaxşı tanışdır. İnanırıq ki, Almeydanın yüksək fərdi ustalığı, böyük avrokubok təcrübəsi komandamızın bu mövsüm qarışıya qoyduğu məsələləri həll etməyə kömək edəcək”.
Qeyd edək ki, mövsümün sonunda “Qarabağ”dan ayrılan Riçard Almeyda bu gün Roman Qirqorçukun çalışdırdığı “Astana” ilə müqavilə bağlayıb.
