Xəbər verdiyimiz kimi, bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçiriləcək. Korner.az-ın məlumatına görə,Tədbirə dünya futbolunun bir çox tanınmış simaları dəvət olunub. Onlardan biri də almaniyalı futbol veteranı, uzun illər Avropanın tanınmış klublarında, eləcə də Bundestimin heyətində uğurla çıxış etmiş Ditmar Hamanndır. Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Ditmar Hamann arasında görüş keçirilib. E.Məmmədov FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin yüksək səviyyədə təşkil olunması üçün görülən işlər barədə məlumat verib. Almaniyalı futbol veteranı püşkatma mərasiminə dəvət olunmasına görə təşəkkürünü bildirib, Azərbaycanda olmaqdan və mötəbər tədbirdə iştirak etməkdən böyük məmnunluq hissi keçirdiyini qeyd edib. D.Hamann dünya çempionatına hazırlıqla bağlı görülən işlər barədə əldə etdiyi məlumatlara əsasən mundialın yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.
