Alman futbolçu “Qarabağ”la oyundan danışdı
10.01.2019 , 15:38

Almaniyada 2-ci Bundesliqanda mübarizə aparan “Sankt-Pauli”nin futbolçusu Yohannes Flum karyerası haqda fikirlərini bölüşərkən “Qarabağ”ı da xatırlayıb.
Yerli mətuata danışan 31 yaşlı alman yarımmüdafiəçi 2013-2017 ci illərdə çıxış etdiyi “Ayntraxt”dakı xatirələrini bölüşərkən 2013-14 mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la səfər görüşündən də bəhs edib. O, həmin oyunun karyerasında ilk avrokubok görüşü olduğunu bildirib:
“Ayntraxt”dakı ilk ilimdə Avropa Liqasında çıxış edirdik. Pley-off mərhələsində “Qarabağ”la oynayırdıq. Avropa arenasındakı debüt oyunuma Azərbaycanda çıxdım. Bakıdakı qarşılaşma yaxşı yadımdadır. “Qarabağ” pis oynamırdı, ancaq Aleks Meyerin qolları sayəsində 2:0 hesabı ilə qalib gəldik. Həmin vaxt komanda yoldaşlarımdan birinə dedim ki, Aleks çox yaxşı oyun keçirdi. Cavabı isə belə olmuşdu ki, buna öyrəşəcəksən, normal haldır”.
Qeyd edək ki, Bakıda 2:0, Frankfurtda isə 2:1 hesabı ilə qalib gələn “Ayntraxt” qrup mərhələsinə vəsiqə qazanmışdı. Həmin mövsüm almanlar 1/16 finalda “Porto”ya məğlub olaraq mübarizəni dayandırmışdılar.
