“Mən rəqibimizin zəif komanda olduğunu deməzdim. Bizə tamamilə normal komanda düşüb. Amma biz bu komandanı keçməyə borcluyuq. Bunun üçün yetərli gücümüz var. Allah eləsin ki, öz imkanlarımızdan lazımınca istifadə edə bilək”.
Korner.az-ın məlumatına görə, bu sözləri “İnter”in direktoru Natiq Məmmədov Avropa Liqasının ilkin təsnifat mərhələsindəki rəqibləri – Finlandiyanın “Mariehamn” klubu barədə danışarkən deyib.
“Bankirlər”in rəsmisi sözlərinə belə davam edib: “Bizim hədəfimiz iki mərhələ keçməkdi. İkinci mərhələdə “Selye” (Sloveniya) – “Tromse” (Norveç) cütünün qalibi ilə görüşə bilərik ki, bundan da razıyam. Çünki daha təhlükəli komandalarla düşə bilərdik. Amma bu, baş vermədi. Həm Sloveniya, həm də Norveç klubu ilə oynaya bilərik. Onlar da təxminən bizim gücümüzdədi”.