Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Neftçi" ilə oyunda qalmaqla yaratmaqla meydandan qovulan Serbiyanın "Partizan" klubunun futbolçusu Aleksandr Mitroviç etdiyi hərəkətə görə üzr istəyib.
Korner.az-ın məlumatına görə, Serbiya mətbuatına danışan Belqrad təmsilçisinin futbolçusu Mitroviç bunları deyib:
“Neftçi" ilə oyunda səhv etdiyimiz etiraf edirəm. Həmin anda mən “Neftçi” futbolçularından xahiş etdim ki, sərbəst zərbə zamanı topu lazım olan yerdən oyuna daxil etsinlər.
Lakin həmin an hakim məni səhv başa düşdü. Bu da məni lap qıcıqlandırdı. Bilirəm ki, səhv etdim. Buna görə də Bakıdakı hərəkətim üçün komanda yoldaşlarım, məşqçilər və azarkeşlərdən üzr istəyirəm. Hamıya aydındır ki, futbolçu belə etməməlidir. Lakin meydanda mübarizə vaxtı hər şey olur. Lakin bu da mənə haqq qazandırmır. Mən günahkaram və cəzalanmağa layiqəm. Klub rəhbərliyinin istənilən cəzasını qəbul etməyə hazıram”.
