Topaz Premyer Liqasının VIII turunda "Zirə"yə uduzan "Neftçi"nin Premyer Liqada işləri qaydasında getmir.
Korner.az-ın məlumatına görə, "Zirə" ilə görüşdən də xal almadan ayrılan "flaqman"ın Premyer Liqadaki təqviminə nəzər salsaq, növbəti üç turda da xal qazanması sual altındandı
Belə ki, "xalqın komandası" çempionluq uğrunda mübarizə aparan üç komanda – "Qarabağ", "Qəbələ" və "İnter"lə ardıcıl olaraq qarşılaşacaq.
"Neftçi" oktyabrın 25-i Topaz Premyer Liqasının IX turunda "Qarabağ"ı doğma meydanda sınağa çəkəcək. Qurban Qurbanovun lider "Qəbələ"dən 4 xal geri qalmasını nəzərə alsaq, bu matçda ağdamlıların tam gücü ilə mübarizə aparacağını görərik. Belə olduqda, "Neftçi"nin hazırda göstərdiyi oyunla nəyinki "Qarabağ"ı məğlub etmək, hətta xal almağı da real görünmür.
X turda Qəbələyə səfər edən Elxan Abdullayevin yetirmələri oktyabrın son günlərində "Qəbələ" klubuna qonaq olacaq. "İnter"lə oyunda itirilən xalı və "Qarabağ"ın liderə yaxınlaşmasını diqqətdə saxlayan qəbələlilər bu qarşılaşmada mütləq qələbəyə oynayacaq.
Nəhayət, yeni başlayan "qapqara zolağ"ın son oyununda "İnter"i qəbul edəcək "flaqman" ən azı bu matçda xal götürməyə çalışacaq
"Neftçi" Premyer Liqada 8 oyuna 6 xal toplayıb və komandada təcili dəyişikliklər olmasa, növbəti üç turda da xalların sayı dəyişməyə bilər.
