AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, iclasda “İnter” (futbolçu Sezar Meza Kolli və məşqçi Miloş Yevtiçlə bağlı qəbul edilmiş cəzaların ləğv olunması) və “Mil-Muğan” FK-nın keçmiş baş məşqçisi Məmmədov Mətləb Əli oğlu (cəzanın yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb.
Müzakirələrdən sonra qəbul edilən qərara əsasən, “İnter”in müraciəti təmin olunmayıb. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılıb.
“Mil-Muğan”ın keçmiş baş məşqçisi Mətləb Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilib. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılıb, digər 6 aylıq cəzadan isə 1 illik sınaq müddəti təyin olunmaqla azad olunub. 1 illik sınaq müddəti ərzində məşqçi Mətləb Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Xatırladaq ki, “İnter”in futbolçusu Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının 23-cü turunda AZAL-a qarşı matçda rəqib futbolçuya qarşı təhqiredici jestə görə AFFA onu 3 oyunluq cəzalandırıb. “İnter” klubunun fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç matçın rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanıb, klub 10 000 manat cərimə olunub.
