Azərbaycan idmanına ağır itki üz verib.
Korner.az-ın apasport.az-a istinadən məlumatına görə, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Mirkamil Rəhimov dünyasını dəyişib.
O, bu gün səhər saatlarında vəfat edib. 60 yaşında dünyasını dəyişən mərhum bu gün torpağa tapşırılacaq.
Mirkamil Rəhimov 1956-cı il iyunun 18-də Bakı şəhərində anadan olub.
1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşğul olub və idman ustalığına namizəd normasını yerinə yetirib.
1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsinə daxil olub və institutda ictimai əsaslarla qrup Komsomol katibi vəzifəsini yerinə yetirib.
1977-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra Rusiyanın Xabarovsk vilayətinin Svobodnıy şəhərində bir il yarım hərbi xidmət keçib.
Hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 №-li avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz işinə qayıdıb.
1979-cu ildən “Spartak” KİC RŞ-də təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb.
1987-ci ildə Həmkarlar İttifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı, sonra da sədr müavini vəzifəsinə təyin olunub.
1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
1992-ci ildə AHİŞ İdman Sarayının direktoru təyin edilib.
1992-1994-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində idarə rəisinin müavini və sonradan idarə rəisi vəzifəsində çalışıb.
1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İdman İdarəsi (sonradan şöbəsi) rəisi vəzifəsində çalışırdı.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti idi.
“Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.