AFFA Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz” – AZAL matçındakı qalmaqallı epizodla əlaqədar tədbir görüb.
Korner..az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə komitənin sədri Xaqani Məmmədov məlumat verib.
O, bildirib ki, Gəncədə baş tutmuş qarşılaşmada AZAL-ın futbolçusu Alamadine Omega Robertsin meydan sahiblərinin oyunçusuna qarşı aqressiv davranışı səbəbindən cəzasız qalmasının məsuliyyəti referi Orxan Məmmədovun üzərinə düşür: “Burada səhv baş hakimdədir, epizodu gözdən qaçırıb. Yan xətt hakimi Mübariz Haşımovun günahı yoxdur. Orxan Məmmədov cəzalanıb. Lakin cəzanın nədər ibarət olduğunu açıqlamaq istəmirəm”.
AFFA İntizam Komitəsi “Kəpəz” – AZAL matçının videoyazısını izlədikdən sonra A.Robertsin rəqib oyunçuya qarşı aqressiv hərəkətə yol verdiyini təsbit edib. Bu səbəbdən, liberiyalı futbolçu 3 oyunluq cəzalanıb və kluba 2 400 manat cərimə kəsib. Eləcə də, görüşün hakimi haqqında lazımi ölçü götürüb, komitənin məlumatlandırmasına dair qərar verilib.
Qeyd edək ki, adətən AFFA Hakimlər Komitəsi ciddi səhvlərə yol verən ədalət təmsilçilərini 5 oyunluq cəzalandırır.
