Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində baş verən hadisələrlə əlaqədar müvafiq qərarlar çıxarılıb.
Azərbaycan Premyer Liqasının III turunun “İnter” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “İnter” klubunun 18 nömrəli futbolçusu İlia Kandelaki, 28 nömrəli futbolçusu Baçana Sxadadze və “Xəzər Lənkəran” klubunun 2 nömrəli futbolçusu Elnur Allahverdiyev aqressiv hərəkətə görə 2 oyunluq cəzalanır, “İnter” klubu 4 min manat, “Xəzər Lənkəran” klubu 2 min manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra meydançada təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi klub 3 min manat cərimələnib.
Hər iki klubunun futbolçuları tərəfindən analoji hadisənin baş verəcəyi təqdirdə klublara qarşı daha ciddi saksiyalar tətbiq ediləcəkdir.
Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cəza kəsilib.
Oyunun 20-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Aftandil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Matçın 44-cü dəqiqəsində “Qarabağ” klubunun 2 nömrəli futbolçusu Qara Qarayev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib.
