Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, Premyer Liqanın XVII turunda oynanılmış qarşılaşmalarla bağlı aşağıdakı qərarlar verilib.
"Bakı" – "Qarabağ" oyunun 90+1-ci dəqiqəsində qonaq komandanın futbolçusu Qara Qarayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. Futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaqdı.
"Rəvan" – "Sumqayıt" matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur.
"Qəbələ" – "Simurq" matçında Zaqatala klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 85-ci dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.
Oyun başa çatandan sonra "Simurq"un 22 №-li futbolçusu David Peterzkeviç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.