“AFFA bizi I Diviziona buraxsa, regionu təmsil edəcəyik” – klub prezidenti
05.01.2019 , 14:46

“AFFA bizə I Divizionda oynamaq icazəsi versə, regionu təmsil edəcəyik”.
“FC Baku”nun prezidenti Cavidan Qorçiyev belə deyib.
Region Liqasında mübarizə aparan komandanın rəhbəri bununla bağlı müvafiq planlarının olduğunu bildirib.
Sitat: “Bakıda yerləşən klubların sayı kifayət qədər çoxdu. Biz onlardan biri olmaq istəmirik.
Məqsədimiz bölgəyə köçmək, bununla da, həm dövlətimizin bu sahəylə bağlı proqramına, həm də AFFA-nın apardığı siyasətə xidmət etməkdi.
Son vaxtlar rayon komandalarının sayı azalıb. Növbəti mövsüm Diviziona buraxılsaq, Siyəzəni təmsil edə bilərik.
Siyəzən futbol rayonudu. Mən bunu “Şahdağ”la orda keçirdiyimiz oyunda da gördüm.
Stadiona kifayət qədər çox azarkeş gəlmişdi. Bu, özümüzə də ləzzət elədi.
Hər halda çoxlu azarkeş qarşısında çıxış etməyi kim arzulamaz? İstər həvəskarların çempionatında olsun, istər peşəkarların.
AFFA-dan heç nə istəmirik, bircə Divizionda iştirakımıza şərait yaratsınlar.
Mən inanıram ki, AFFA bizə icazə verəcək. Çünki federasiyanın özü də region klublarının sayının artmasında maraqlıdı.
Siyəzən stadionu yaxşı vəziyyətdədi. Meydançanı tamamilə yararlı hala gətirmək, paltardəyişmə və hakimlər otağını təmir etmək və bəzi başqa xırda-para işləri görmək bizə çətinlik yaratmır.
Bunları da etməyə hazırıq və AFFA-dan heç bir təmənnamız, istəyimiz yoxdu”. (Sportinfo.az)
