Adrian Skarlatake 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində dubla imza atan ilk futbolçu oldu.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqasının VIII turunun AZAL-la qarşılaşmasında 5 dəqiqəyə 2 qol vuran rumıniyalıya qədər mövsümün 4 avrokubok və 6 çempionat matçında 1 oyuna 2 dəfə rəqibi məyus edən futbolçu olmamışdı.
“Ağ-yaşıllar”ın heyətində bunu bacaran son futbolçu Eder Bonfim ötən mövsümün “Qarabağ”la keçirilən XXXII turunun matçında fərqlənmişdi. O, 145 gün əvvəl mayın 11-də Lənkəran şəhər stadionunda 2 qolun müəllifi olmuşdu.
2012-ci ildə komandamızın 2-ci, 2012/13 mövsümündə 1-ci dublunun müəllifi olan Skarlatake mövsümdə vurduğu qolların sayını 4-ə çatdırdı. Bununla da o, Branimir Subaşiçlə şərikli bombardirimiz oldu.
“Xəzər Lənkəran” ın 8 illik tarixində 62-ci dublun müəllifi olan Skarlatake özü üçün ilkə imza atdı. O, komandamızda dubl edən 33-cü futbolçu kimi tarixə düşdü. Bu 62 dubldan 41-i Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb.
Adrianla bağlı daha bir məqam isə onun 2 qolu 4 dəqiqə intervalında, yəni 5 dəqiqəyə vurmasıdır. Bu isə “Xəzər Lənkəran” tarixində dəfələrlə rast gəlinən hadisədir. Eyni futbolçunun 1 matçda 5 və ya daha az dəqiqəyə 2 qol vurmasına ilk dəfə komandamızın debüt mövsümündə təsadüf olunub. Həmin vaxt – 2004/05 mövsümündə “Ədliyyə” ilə matçda Oqtay Dərəlioğlu vurduğu 3 qoldan ikisini 73 və 76-cı dəqiqələrdə, yəni 4 dəqiqəyə rəqib qapısından keçirmişdi. Sonunu belə oyunçu isə İvan Svetkov olub. Bolqarıstanlı 2008/09 mövsümünün I dövrəsində əvvəl “Turan”la görüşün 84 və 87-ci dəqiqələrindəki qolları ilə dubl edib. Sonra isə MOİK-lə poker etdiyi qarşılaşmada 2 qolu 5 dəqiqədə (30-cu və 34-cü) vurub.
