“Bakı”nın bugünkü durumu bəllidi. İki dəfə ölkə çempionu olmuş klub can üstədi. Pul deyilən şeyin isə nə olduğunu, ümumiyyətlə, “Bakı”dakılar unudublar. Cibləri qızdıran kağız parçalarının yoxa çıxmasıyla bərabər, “Burada olmaqdan qürur duyuruq”, “Bakı” kimi köklü bir klubda çıxış etmək şərəfli və məsluyyətli vəzifədir” kimi nidalara da artıq rast gəlmirik. Əlbəttə, “yıxılana balta çalan çox olar”. Dünənə qədər “Bakı”nın təqdim etdiyi cah-cəlallı həyatı, başlarından sel kimi axıdılan yüzminləri də unudublar. Hamı bir üsulla bu xəstə klubdan canını qurtarmağa, ona “podnojka” vurmağa çalışır.. Vaxtında “Bakı”nın onlara verdiyi “podderjka”lar isə artıq heç kim üçün keçərli deyil…
“Bakı”ya “podnojka” verənlər” dedikdə isə ağıla ilk gələn Rauf Əliyevlə Əfran İsmayılovdur. Hansı ki, vaxtilə parladıqları, avrokuboklarda at oynatdıqları “Qarabağ”ı da elə pula görə tərk edib “Bakı”ya pənah gətirmişdilər. Hafiz Məmmədov isə onların “Qarabağ”a necə “podnojka” vurduğunu unuduraq onlara da “podderjka” verdi. Amma “öyrəşmiş qudurmuşdan da betərdir” “Bakı”nın qara günləri başlananda onlar da, digərləri kimi, “asta qaçan namərddir” deyib getdilər Amma getmək nə getmək. Klubun və baş məşqçinin “bostanını daş-qalaq” edə-edə getdilər. “Bağda ərikvar idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı”.
“Bakı”ya bir “podnojka”nı da Milinko Pantiç vurdu. Azərbaycanda çalışdığı dönəmdə futboldan başqa hər şeydən danışan serb mütəxəssis nəinki, özünü heç köməkçilərini də də “Bakı”ya qıymadı. Tələbə də ustadına bənzər. Pantiçin Azərbaycana dəvət etdiyi Mario Rubio, Alvarez Abrante,və Noquero Ripol Alberto da düzüldülər klubun bazasının önünə başladılar, “pulumuzu verin, pulumuzu verin!”, – deyə bağırmağa (görəsən, aksiya keçirmək üçün icazə almışdılar?).
Hə, az qala vampir dişli, “qaniçən” idman jurnalistlərini unutmuşduq. Dünənə qədər, kölgəsində gəzdikləri, hər zaman yaxşı münasibət gördükləri Hafiz Məmmədov indi onlar üçün sadəcə olaraq reytinq toplamaq üçün fiqurdur. Həmkarım Saleh Arslanın bu yaxınlarda yazdığı kimi. “Bir vaxtların “Hafiz müəllimi” indi “Hafka”ya çevrilib”. Hafiz Məmmədovun “jurnalistlər”ə verdiyi “podderjka”ların sayı azaldıqca “padnoşka”ların sayı tərs mütənasib nisbətdə artır. Bu yerdə isə Viktor Hüqonun “Səfillər” romanından kiçik bir çıxarışı qeyd etmək yerinə düşər: “İnsanın üzləşdiyi müsibət nə qədər böyük olarsa, cəmiyyət tərəfindən üzləşdiyi söyüşlər və təhqirlər bir o qədər ağır olar”.
“Bakı”ya “podnojka” vuranlar qədər, “podderjka” verənlər də oldu. İki gün pulun istiliyini hiss etməyən kimi hay-şüvən qoparan yerlilərin fonunda əcnəbilərdən Lukaş Mario Horvat və Risto Ristoviç maaşlarının azaldılmasına və bütün çətinliklərə rəğmən, klubdan üz döndərmədilər. Təəssüflə qeyd etməliyik, ki, əcnəbilərin əksinə, yerlilər üçün “cameə”, “kluba bağlılıq” anlayışlarının heç bir dəyəri yoxdur. “Neftçi”nin kapitanı Rəşad Sadiqov da 5-10 manat çox qazanmaq üçün əzəli rəqib “Xəzər Lənkəran”ın yolunu tutmadımı? Belələri üçün məşhur çex futbolçu Pavel Nedvedin bir sitatını qeyd etməyi özümə borc bilirəm: “Komanda çətinə düşərsə, futbolçular gedər, adamlar qalar”.
Ürfan MƏMMƏDZADƏ