Azərbaycan Kubokunun final matçı 28 may – Respublika günündə baş tutmayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, buna milli komandamızın mayın 27-də ABŞ-la keçirəcəyi yoldaşlıq görüşü səbəb olub. Musayev final görüşünün mayın 21-də və ya 22-də olacağını əlavə edib: “Bir müddət öncə yığmamızın baş məşqçisi Berti Foqts final matçının vaxtını daha irəli tarixlərə salmağı xahiş etmişdi. O, millimizin mayın sonlarında yoldaşlıq görüşü keçirəcəyini bildirmişdi. Amma həmin vaxt komandamızın rəqibi və oyununun tarixi bilinmirdi. İndi isə mayın 27-də ABŞ-la San-Fransiskoda yoldaşlıq görüşünün keçiriləcəyi dəqiqləşib. Biz hər zaman millimizə şərait yaratmalıyıq. Həm yoldaşlıq görüşünü, həm də ABŞ-la 12 saatlıq fərqi də nəzərə alaraq, final matçını mayın 21-də və ya 22-də keçirmək niyyətindəyik”.
Yığmamızın oyunu təkcə ölkə kubokunun yox, Topaz Premyer Liqasının son turlarının keçirilmə tarixlərində də ciddi dəyişikliklərə səbəb olacaq. Hazırkı təqvimə əsasən, çempionatın son 3 turu müvafiq olaraq, 7-9 mayda, 16 mayda və 21 mayda olmalıdı. PFL prezidenti çempionatın son turlarının oyun günlərində də yerdəyişmələrin ediləcəyini təsdiqləyib. Musayev həm Premyer Liqanın son turları, həm də Azərbaycan Kubokunun final matçının dəqiq tarixini məsləhətləşmələrdən sonra açıqlayacaqlarını əlavə edib.
lent.az