“Oyunun çətin olacağını bilirdim. “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır".
Korner.az-ın pfl.az-a istinadən məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" – "Neftçi" matçından sonra qonaqların baş məşqçisi Əsgər Abdullayev deyib.
Abdullayev futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edib: "Komandamızda psixoloji durum yaxşı deyildi. Oyundan öncə futbolçularla görüşdüm, söhbət elədik, sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu. “Neftçi”nin yerli oyunçuları böyük potensiala malikdirlər. Futbolçularımın hər birinə güvənirəm. Amma daha yaxşı yerlərə oynamaq üçün yeni bir neçə oyunçuya ehtiyac var. Əgər futbolçu əsas heyətə düşə bilmirsə, əvəzedici heyətdə öz formasını qorumalıdır. Bu baxımdan Samir Əliyevin fikrinə hörmətlə yanaşıram".