“Əsas heyətin 4 futbolçusunun xidmətindən məhrum olmuşduq. Buna görə də heyəti qurarkən müəyyən dəyişikliklər etməli olduq”.
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş “Qarabağ” – “Kəpəz” qarşılaşmasından sonra qonaqların baş məşqçisi Şahin Diniyev deyib,
Diniyev məğlubiyyətə görə konkret kiminsə günahlandırılmasının düzgün olmadığını da söyləyib: “İlk dəfə idi ki, “Qarabağ”a qarşı 3 müdafiəçi ilə oynadıq. Heyətdə məcburi taktiki dəyişikliyə əl atdıq. Səhvlərə yol verdik və “Qarabağ” bu səhvləri bağışlamadı. İki qolda təkcə Tərlanın səhv etdiyini deyə bilmərik. Çünki rəqibin hücumunun başladığı andan başlayır səhvlər. Səhv, başda mən olmaqla, ümumilikdə bütün komandanındır. “Qarabağ” bizim “top-klub”umuzdur və ona qarşı oynayarkən maksimum diqqətli olmağa məcbursan”.