“Rəqibə minnətdarlığımı bildirirəm ki, bizə hörmətlə yanaşdılar, əsas heyətlə oynadılar. “Borussiya”nın son oyunlarını izləmişdim. Onların qapısı qarşısında bugünkü oyundakı qədər təhlükəli vəziyyət olmamışdı. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasını qrup mərhələsində “Borussiya” (Dortmund) ilə oyundan (1:3) sonra keçirdiyi mətbuat konfransında deyib.
– Son iki oyunda “Qəbələ” qələbə qazanmayıb. Necə düşünürsünüz, qrupdan çıxmaq şansınız var?
– “Krosnador”la oyunda qalib gələ bilərdik. Ancaq “Borussiya” ilə görüş bizim üçün çox çətin oldu. Futbolçularımla fəxr edirəm və düşünürəm ki, komandamız bu oyundan sonra daha yaxşı çıxış edəcək. Düzdür, ilk dəqiqələrdə qol epizodları yaratdıq. Amma onları dəyərləndirsəydik belə, matçın necə davam edəcəyini bilmirik. Rəqib topa daha çox nəzarət edirdi. Mən gördüm ki, “Borussiya”nın səviyyəsi çox yüksək idi. Qarşıda hələ 3 oyun var və bu görüşlərdə 9 xal yığmaq mümkündü. “Borussiya” ilə səfər matçında işimiz daha da çətin olacaq. Onlar bizdən yüksək səviyyəli komandadırlar. Amma yenə deyirəm ki, öz futbolçularıma minnətdaram, onlarla fəxr edirəm. Bunu deməyə əsasım var. “Qəbələ” indki məqamda çox ciddi komandadır.