Premyer Liqanın XXXI turunda AZAL-ı qəbul edən “Rəvan” cari mövsüm son ev oyununu keçirdi.
Korner.az-ın məlumatına görə, komanda məğlub olmaqla ev matçlarındakı qələbə seriyasının qırılmasına mane ola bilmədi.
Paytaxt klubu Premyer Liqanın final mərhələsində buna qədər doğma divarlar arasında keçirdiyi 4 oyunun hamısında 3 xala sevinmişdi. “Xəzər Lənkəran” və “Turan”ı 1:0, “Sumqayıt”la “Kəpəz”i isə 3:0 hesabı ilə üstələyən “Rəvan” bu dəfə də 3 top vursa da, buraxılan 5 qol məğlubiyyəti qaçılmaz etdi. Maraqlıdı ki, AZAL final mərhələsinin ilk dövrəsindəki oyunda da “Rəvan”ın seriyasına son qoymuşdu. Aprelin 20-də baş tutmuş görüşdə komandanın 4 oyunluq qələbə seriyası qırılmışdı.
Buna qədər bütün ev oyunlarında AZAL-ı udan “Rəvan” bu dəfə yenilməklə həm də 81 gündən sonra doğma divarlar arasında xalsız qaldı. Buna qədər evdə son yenilgi fevralın 22-də “Qarabağ”la qalmaqallı oyunda olmuşdu.
Premyer Liqada mövsüm ərzində ikinci dəfə 8 qolluq oyunda iştirak edən “Rəvan” cari mövsüm 3 qol vurub 1 xal belə qazana bilməyən ikinci komanda oldu. Daha öncə elə bu turun “Turan” – “Kəpəz” görüşündə (3:5) anoloji vəziyyət yaranmışdı. Hərçənd buna qədər cari mövsümdə 1 oyuna ən azı 3 qol vuran komanda 39 dəfə qalib gəlmişdi.