Rusiyalı tennisçi Mariya Şarapova Fransanın açıq çempionatında (“Roland Garros”) qadınların fərdi mübarizəsinin qalibi olub.
Korner.az-ın məlumatına görə, Şarapova finalda italiyalı Sara Erranini yenib – 6:3, 6:2.
Bu, 25 yaşlı idmançı üçün “Böyük dəbilqə” seriyalı turnirlərdə 4-cü qələbə olub. Əvvəllər o, “Uimbldon”, “US Open” və “Australian Open”də hamıdan güclü olub. “Roland Garros”dakı qalibiyyət sayəsində Şarapova “karyera dəbilqəsi”ni (“Böyük dəbilqə” seriyasının bütün 4 turnirinin qalibi) rəsmiləşdirib. Əvvəllər bu, yalnız 5 qadın tennisçiyə – avstraliyalı Marqaret Kort, ABŞ təmsilçiləri Kris Evert və Serena Uilyams, çexiyalı Martina Navratilova və almaniyalı Şteffi Qrafa nəsib olub.
Qeyd edək ki, Mariya Şarapova son qələbəsinin ardından Qadın Tennisçilər Assosiasiyasının yeni reytinq siyahısında liderliyə yüksəlib. //lent.az
