Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi boks turniri davam edir.
Korner.az-ın məlumatına görə, yarışın ikinci günündə boksçularımızdan ilk olaraq Pərviz Quliyev (64 kq) rinqə çıxıb. Həmyerlimiz gürcü rəqibi İşkeran Madiyevə uduzaraq, mübarizəni dayandırıb – 0:3. Yarışda komandamızın heyətində ilk qələbəni 75 kq çəki dərəcəsində çıxış edən Hacı Dilbazov qazanıb. Boksçumuz litvalı Tadaş Sakoçiusu üstələyib – 3:0. Millimizin üzvü növbəti mərhələdə rusiyalı Tulpar Atayevlə üz-üzə gələcək. 49 kq çəki dərəcəsində mübarizə aparan Samir Hüseynli də komanda yoldaşının uğurunu davam etdirib. Hüseynli Rusiya idmançısı İqor Yeqorovu məğlub edib – 2:1. Boksçumuzun növbəti rəqibi qazasıxtanlı Saken Biboşinov olacaq. Elşən Qafarlı (52 kq) yarışla erkən vidalaşıb. Yığmamızın üzvü Gürcüstan nümayəndəsi Georgi Çarqaziyaya uduzub – 0:3. Hüseyn Tarverdili (69 kq) irlandiyalı Maykl Nevinə, Əli Qurbanov isə (81 kq) rusiyalı Vitali Baxmatova məğlub olub.
Qeyd edək ki, yarışa aprelin 3-də yekun vurulacaq.
