Əvvəlcə Terim, sonra Məmmədov
14.09.2020 , 18:18

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-si saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu öncəsi komandaların keçirəcəyi son məşqin və mətbuat konfranslarının vaxtı dəqiqləşib.
Əvvəlcə “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir sentyabrın 16-sı Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 18:00-da başlanacaq. Saat 18:30-da “sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.
Həmin gün BOS-da “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandamızın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də başlanacaq.
Hər iki komandanın mətbuat konfransı və açıq məşqi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
