Bu gün Çempionlar Liqası III təsnifat mərhələsin cavab oyunları çərçivəsində “Qarabağ” Çexiya çempionu “Viktoriya”nı qəbul edib.
Korner.az-ın məlumatına görə, oyunda qalib müəyyən olmayıb – 1:1
Ağdamlılar iki oyun nəticəsinə görə mübarizəni dayandırıb.
Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb
Çətin olacağını bilirdik. Futbolçularıma təşəkkür edirəm. Bəzən futbolda istəmədiyimiz nəticələr də olur. İstədiyimiz qolu vurduq. Amma hesabı qoruya bilmədik. Rəqibi təbrik edirəm. Diqqətimizi çempionata və Avropa Liqasına yönəltməliyik.
– Sizcə, son iki əvəzetmə artıq deyildi?
– Futbolçuların üzərinə böyük yük düşürdü. Rəqib getdikcə təzyiqi artırırdı. “Viktoriya” meydana 3 hücunmçu buraxdı. Əvəzləmələrin oyuna mənfi şəkildə təsiri olmadı. Oyunun gedişatı bunu tələb edirdi.
– Avropa Liqasına köklənə biləcəyikmi?
– Futbol elə bir oyundur ki, istənilən hesaba hazır olmalısan. Hamımız bu oyunu yaddan çıxarmağa çalışacağıq. Təzyiqdən çıxmalıyıq. Artıq məğlub olmuşuq. Artıq daha da çox çalışmalıyıq.
– “İnter”lə oyunda daha çox zərbə almışdız, yoxsa bu oyunda?
– Dediyim kimi, futboldur. Nəticələrə hazır olmalıyıq. Ümidimizi itirməməliyik. Qismətimizdə yoxdursa, barışmalıyıq. Ən azından oyunumuzdan azarkeşlər həzz aldı. Nə “İnter”i, nə də u oyunu həmişə fikirləşməməliyik.
– Artıq ikinci dəfə bəxt sizdən üz döndərdi. Qismətdir yoxsa bəxt sizdən üz döndərib?
– Qismətimizdə belədir. Barışmalıyıq. Belə bir turnirdə sona qədər mübarizə aparmaq istəyirik.
– Reynaldo ötürmə verməyi xoşlamır. Niyə öyrənə bilmir? Sizcə, Reynaldo niyə belə edir?
– Öyrənməmək düz çıxmır. Biz futbolçulardan lazım olanları tələb edirik. Reynaldonun hücumçu olduğunu nəzərə almaq lazımdır.
– Bu gün çempionatın zəifliyi belə oyunlarda öz təsirni göstərir?
– Çexiya çempionatı bizim Liqadan daha güclüdür. Amma biz rəqibdən zəif oynamadıq. Əlbəttə çempionat güclü olsa, futbolçu da inkişaf edər.
– Elvin Yunuszadə meydana daxil oldu və rəqib qol vurdu. Sizcə bu olmasaydı, hesab 1:0 bitərdi?
– Oyunu udsaydıq, başqa fikirlər olacaqdı. Oyunun gedişatına görə, əvəzetmələr etdik. Rəqib 1 qol şansı yaratdı və istifadə etdi.
– İlk oyunda hücum futbolu oynasaydınız, olmazdı?
– Səfər oyunu çətin olur. Ev oyunu isə nisbətən rahat olur. Futbolçualr azarkeşləri önündə daha rahat olur. Səfərdə daha diqqətli oynadıq və müdafiəyə fikir verdik.
