Əliyar Ağayevin idarəçiliyindən narazıdırlar: “Ləng idi…”
09.08.2018 , 13:02

“Azərbaycanlı hakim ümumilikdə oyunu yaxşı idarə etmədi, çox ləng idi”.
Bu sözləri Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Marko Rouz bildirib. 41 yaşlı almaniyalı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya 3:0 hesablı qalib gəldikləri oyundan sonra oyunun baş hakimi Əliyar Ağayevin idarəçiliyi haqda danışıb. Mütəxəssis Ağayevi yanlış qərarda suçlayıb: “Yunusoviçin qırmızı vərəqə aldığı epizodla bağlı fərqli qərar da vermək olardı, amma çox danışmaq istəməzdim. Cavab matçında onu əvəz edəcək futbolçularımız var”.
Oyunun 83-cü dəqiqəsində ikinci sarı vərəqə ilə oyundan qovulan 30 yaşlı avstriyalı futbolçu Zlatko Yunusoviç bu qərara etiraz edib: “Qırmızı vərəqə almağım lazımsız qərar idi. İlk sarı vərədə tamamilə yanlış oldu. İkinci vəziyyətdə rəqib cəzalandırılmalı idi, mən yox”.
Qeyd edək ki, Əliyar Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb. O, “Zalsburq”un futbolçusu Zlatko Yunusoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev “Şkendiya”nın futbolçusu Mevlan Muratini “sarı” ilə cəzalandırıb.
