Futbol

Əliyar Ağayev Millətlər Liqasının oyununu idarə etdi

20.11.2018 , 11:51

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib. Təmsilçimiz Millətlər Liqasının VI turunda iş başında olub.

Ağayevin başçılıq etdiyi briqada B liqasının IV qrupunun Danimarka – İrlandiya qarşılaşmasında ədaləti qoruyub. Görüş 0:0 hesabı ilə başa çatıb.

16 qayda pozuntusu qeydə alan Ağayev 7 dəfə meydan sahiblərinin, 9 dəfə qonaqların foluna görə matçı dayandırıb. O, 90 dəqiqə ərzində yalnız 1 dəfə əlini cibinə salıb. Həmyerlimiz irlandiyalı Kristini sarı vərəqə ilə cəzalandırıb.

Formal xarakter daşıyan bu matç turnir cədvəlinə təsir etməyib. Danimarka 1-ci yerlə A liqasına yüksəlib, İrlandiya sonuncu yerlə C liqasına yuvarlanıb.

Qeyd edək ki, Orhus şəhərindəki Ceres Park stadionunda keçirilən Danimarka – İrlandiya qarşılaşmasında Ağayevin briqadasında Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov, Rəhim Həsənov və Orxan Məmmədov yer alıb.

Son yazılar

Yuxarı