Əliyar Ağayev ÇL-də: qırmızı vərəqə, penalti
09.08.2018 , 11:51
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.
30 yaşlı referi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Zalsburq” – “Şkendiya” matçında ədalət təmsilçisi olub.
Avstriyada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Zalsburq” rəqibinin qapısından 3 cavabsız qol keçirib. Avstriya təmsilçisi qollardan birini penaltidən vurub.
Əliyar Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb. O, “Zalsburq”un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev “Şkendiya”nın futbolçusu Mevlan Muratini “sarı” ilə cəzalandırıb.
Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
