“Bizim üçün vacib oyun idi”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubu Topaz Premyer Liqasının ikinci turunda öz meydanında “İnter”i 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Çətinliklərimiz olsa da, futbolçular sona kimi mübarizə apardılar. Əsas odu. 3 xal əldə etdik. “İnter”ə gələn oyunlarda uğurlar arzulayıram”.
– Əvəzetmələri oyunun gedişinə uyğun fikirləşdiz?
– Düzü, bir əvəzetməni əvvəlcədən planlaşdırmışdım. Digərləri isə oyunun gedişinə uyğun olaraq etdim.
– Sizcə, bu oyun daha çətin idi, yoxsa “Kopenhagen”lə?
– Məncə, pis oynamadıq. Bu gün şans qazanan futbolçularda oyun təcrübəsi az idi. Belə olanda, istər-istəməz çətinliklər olur. Yaxşı fürsətlərimiz oldu. Bəzi texniki səhvlər etsək də, ümumilikdə yaxşı oynadıq. Düzdü, daha yaxşı ola bilərdi.
– Jezniçakın ilk “23”-lükdə olmamasının səbəbi nə idi?
– Ansi Aqolli ilə Yakun Jezniçaka tam istirahət vermişdim.
– Qapıçılarla bağlı rotasiyanı avrokuboklarda da görəcəyik?
– Qapıçıların təcrübə toplaması əsasdı. Çalışacağam ki, ikisinə də şans verim.
– Düşünmürsüz ki, Əfran bugünkü qolla özünə gəldi?
– Bilmirəm, Əfranı kim tənqid edir. Onlar nədən narazıdılar? Bizdə bu dəb halını alıb. Bir nəfər fikir bildirir, hamı həmin şəxsin üzərinə düşür. Buna normal baxıram. Belə şeylərə fikir verməməliyik. OlA bilər, bundan sonra iki-üç ay sonra qol vursun. Bu gün Əfran komandaya faydalıdı deyə burdadı. Açığı mən sosial şəbəkələrə girmirəm. Yəqin bu sözləri yazanların həmin vaxt kefləri yerində olur (gülür). Yenə deyirəm, bu gün Əfan komandaya faydalı oyunçudu. Keçən mövsümdə bizim üçün bir neçə faydalı qollar vurub. Elə kubokun finalında da meydanda ən yaxşılardan idi.
– Mahir Mədətov son vaxtlar formadadı. Onun mətbuatın gündəmində olması sizi narahat ertmir ki?
– Fikirləşin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədi ki, 99,9 faizi belə hallarda “ulduz xəstəliyi”nə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. “Kopenhagen”lə oyunda qol vurduqdan sonra əvvəlki oyunun 50 faizini oynamadı. Buna görə, gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Bu cür şeylərin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.
– Ola bilər ki, vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağa edilsin?
– Elə olur ki, futbolçu özü bununla maraqlanır. Dəfələrlə olub ki, futbolçulara müsahibə verməyi qadağan etmişəm. Ancaq buna nəzarət etmək çox çətindi. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub.
– “Kopenhagen”in stadionundakı atmosfer sizi qorxutmur ki?
– Bizim dəfələrlə çətin oyunumuz olub. Hətta elə olub ki, oyun zamanı böyük təzyiqlə üz-üzə qalmışıq. Çalışacağıq ki, komanda soyuqqanlı olsun. İlk dəfə deyil belə stadionda oynayacağıq. Həyəcan olacaq. Ancaq bu məsələylə bağlı futbolçularla danışacam.
– İlk dəfədi ki, Azərbaycan klubu ÇL-in qrup mərhələsinin bir addımlığındadı. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?
– Psixoloji amil əsasdı. Bu yolda daim çalışırıq. “Kopenhagen”lə oyun üçün bir az daha artıq çalışacağıq. (futbol11.az)
