Rəşad Sadıqovun 2, Əfran İsmayılovun 10 aydan sonra gözlədiyi oyun
Dünən Gəncədə ölkənin 2 köklü klubunun mücadiləsi baş tutdu.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 120 dəqiqə davam edən qarşılaşmada “kubok komandası” kimi tanınan “Qarabağ” tarixində ilk dəfə olaraq bu turnirdə “Kəpəz”dən üstün oldu.
Bu qarşılaşma “Qarabağ”ın iki futbolçusu üçün də maraqlı məqamla yadda qaldı. Belə ki, matçın 76-cı dəqiqəsində hücumçu Rauf Əliyevi əvəzləyən Rəşad Sadıqov hücumameylli yarımmüdafiəçi, başqa sözlə desək, oyun qurucusu qismində meydana çıxdı. Bu isə uzun müddətdir zədədən əziyyət çəkən kapitanın 7 oyundan və ya 2 aydan sonra dönüşü deməkdir.
115-ci dəqiqədə hesabı qonaqların xeyrinə 2:0-a çatdıran Əfran İsmayılov da meydana Rəşad kimi ikinci hissədə çıxmışdı. Bu, Əfranın “Qarabağ”ın heyətində rəsmi oyunlarda 10 aydan, daha dəqiqi, 287 gündən sonra vurduğu ilk qol idi.
Qeyd edək ki, İsmayılov sonuncu dəfə ötən mövsüm fevralın 15-də Ağdam təmsilçisinin “Bakı”nı səfərdə məğlub etdiyi oyunda (3:0) fərqlənmişdi. Həmin vaxt futbolçu penaltidən hesabı açmışdı.
