Futbol

“Vasif Əliyevin klubun prezidenti Sadıq Sadıqovla heç bir qohumluq əlaqəsi yoxdur” (MÜSAHİBƏ)

25.06.2013 , 09:29

Gündüz Abbaszadə: “Vasif Əliyevin klubun prezidenti Sadıq Sadıqovla heç bir qohumluq əlaqəsi yoxdur”

Azərbaycan Premyer Liqasında mövsüm başa çatan kimi «Neftçi» klubunun ətrafında böyük söz-söhbət başladı. “Neftçi” rəhbərliyi də mətbuata komandanın aparıcı futbolçularına Avropadan xeyli təkliflərin gəldiyini və məvaciblərinin artırılmasını istədiklərini bildirirdi.

Bu kampaniya əsasən “Neftçi”nin aparıcı futbolçuları Erik Ramos, Julius Vobay və Nikolas Kanalesin ətrafında gedirdi. Ancaq futbol mütəxəssisləri bu söz-söhbətin mətbuata bilərəkdən, özü də klub rəsmiləri tərəfindən sızdırıldığını iddia edirdilər. Bu, bir növ «Neftçi»sayağı piar kampaniyası sayılırdı. Virtualaz.org saytı da klub ətrafında baş verənlərlə bağlı yazılar dərc edib.

Bu məsələlərlə bağlı yaranan söz-söhbətə “Neftçi” klubundan cavab gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə virtualaz.org-a açıqlamasında “Neftçi” klubuna və klub prezidenti Sadıq Sadıqova yönələn bu ittihamları əsassız sayır:

– Bu gün “Neftçi”yə qarşı açıq şəkildə kampaniya gedir. Daha doğrusu, bu kampaniya həmişə var idi. Amma “Neftçi”nin bu il “qızıl dubl” etməsindən sonra kampaniya daha da geniş vüsət alıb. Bu kampaniyanın haradan və niyə qaynaqlandığını deyə bilmərəm. Məqsəd bəllidir -“Neftçi”nin uğurlarına və bu uğurlarda böyük pay sahibi, flaqmanın əvvəlki əzəmətini qaytaran klub prezidenti Sadıq Sadıqovun nüfuzuna kölgə salmaq. Üstəlik, bu il “Neftçi” ötən il əldə etdiyi tarixi nailiyyəti təkrarlamağa çox yaxındır. Açıq şəkildə görünür ki, Sadıq Sadıqovun prezidentliyi dövründə “Neftçi”nin Azərbaycan futbolu üçün etdiklərini kimlərsə həzm edə bilmir. Bu, kimlərinsə planlarına mane olur. Ona görə də bu gün Sadıq Sadıqova və onun komandasına şər atmaqla ictimai fikrə təsir etmək istəyirlər. Amma sadə azarkeş bu uğurları görür və layiqli qiymətini verir. O ki qaldı etibarlı mənbə anlayışına, inanmaq istəyirəm ki, sizin sayt bu iyrənc kampaniyanın təsirində deyil. Etibarlı mənbənin kim olduğunu açıqlayın. Etibarlı mənbə dediyiniz hər kimdirsə və ya hər nədirsə, içimizdə də ola bilər. Amma inanın ki, bu, Sadıq Sadıqovun gördüyü işlərə kölgə salmaq cəhdindən başqa bir şey deyil. 

– Bəs əcnəbi futbolçuların transferləri zamanı baş verənləri hara yazaq? Axı fakt budur ki, Vobay, Kanales məsələləri, maaş fərqi var… 

– Erik Ramos və Julius Vobayın transferləri, onların “yay transferi”ndən sonra əvvəlki məvaciblərindən nə qədər artıq aldıqlarına və digər klublardan gələn yüksək təkliflərin dəyərləndirilməsinə gəlincə isə deyim ki, onların əvvəl nə qədər aldığı və indi nə qədər aldığını mətbuata açıqlamağım düzgün deyil. Amma tam səmimiyyətimlə deyirəm, bu futbolçular əvvəl nə qədər alırdısa, indi də həmin məbləği alacaqlar. O ki qaldı çox pul veriridilər və niyə getmədilər məsələsinə, buna futbolçuların özləri cavab versələr, daha yaxşıdır. Biz onlara konkret təklifimizi etmişik. Adıçəkilən futbolçular əgər son anda “Neftçi”ni seçiblərsə, deməli, bu, bizim uğurumuzdur. Əmin olun ki, bu futbolçular heç bir uğur qazanmayan klublarımızda çıxış edən bəzi futbolçulardan iki dəfə aşağı məvacib alırlar. Lakin istər Erik Ramos, istərsə də Julius Vobay “Neftçi”nin tarix yazmasında böyük pay sahibi olmaqla qazandıqlarının haqqını artıqlaması ilə veriblər. “Neftçi”nin konkret büdcəsi var və büdcəyə uyğun olaraq da hərəkət edirik. Tam səmimi deyirəm, ardıcıl üç çempionluq qazanan, Avropa Liqasının qrupuna düşən komandanın illik büdcəsi bəzi klublarımızın büdcəsindən geri qalır. Bəs niyə heç kim soruşmur ki, “Neftçi”nin bu uğurları fonunda büdcəsi qat-qat artıq olan klublar niyə nəticə göstərə bilmir. Bax, budur məsələ. Məhz bu sadaladıqlarım kimlərəsə sərf etmir, ona görə də “Neftçi”yə və onun rəhbərliyinə qarşı şər kampaniyası davam edir. Vacib bir məqama da toxunmaq istəyirəm. Avropada, eləcə də bütün dünyada qiyməti 300-500 min olan futbolçular “Odlar diyarı” Azərbaycanın adını eşidən kimi qiymətlərini bu ildən etibarən bəzi səbəblər ucbatından 3-5 dəfə artırırlar. Ona görə də məhdud büdcəmizlə minimum qiymətə layiqli futbolçu transfer etməyə çalışırıq. Son illərdəki transferlərimiz – Flavinyo, Vobay, Ramos, Kanales, Mitreski, Stamenkoviç göz qabağındadır. Son illərdə Azərbaycana ən yaxşıları gətirən məhz “Neftçi” olub. Vobay, Ramos, Mitreski… Bu futbolçuların məvacibləri arasında böyük fərq yoxdur. Ümumiyyətlə, ”Neftçi” futbol klubunda futbolçuların maaşları arasında böyük fərqin olmamasına önəm veririk. Çünki bu, komandadakı ab-havaya istər-istəməz təsir edir. ”Neftçi”də, eləcə də Azərbaycanın digər klublarında çıxış edən futbolçular arasında elə də böyük fərq yoxdur. Ona görə də məvacib fərqi də böyük olmamalıdır. Azərbaycan çempionatında Messi çıxış etmir ki, ona 20 milyon, başqalarına 300 min məvacib verəsən.

– Bəs Kanalesin tələbləri problemi necə olsun? 

– O ki qaldı Kanales məsələsinə, tam səmimi deyirəm, Kanales haqlı olaraq məvacibinin artırılmasını tələb edir. Kanalesin, eləcə də menecerinin “Neftçi”yə dediyi irada haqq qazandırmamaq olmur. Adam deyir necə olur ki, Azərbaycanın digər klublarında mövsüm ərzində cəmi 2-3 top vuran futbolçu məndən iki dəfə çox məvacib alır. Amma sizin bizə şər atan “mənbə”nin dediyinin tam əksinə olaraq “Neftçi”də xərclənən hər qəpiyin hesabatı verilir və bizim futbolçu məvacibləri üçün nəzərdə tutulan müəyyən büdcəmiz var. Elə bu səbəbdən də Kanaleslə razıllığa gələ bilməmişik və çilili hücumçunun gələn mövsümdən “Neftçi”də çıxış etməyəcəyi dəqiqləşib. “Neftçi” son üç il ərzində sübut edib ki, digərləri ilə müqayisədə daha ucuz qiymətə futbolçu transfer etməklə, daha aşağı büdcəyə uğur əldə etmək mümkündür. Heç kimin gözləmədiyi halda Avroliqanın qrupuna düşməyimiz və bu il iddialı şəkildə qrup mərhələsi hədəfləri haqqında danışmağımız bunun əyani sübutudur. Sadaladıqlarımı Azərbaycan futbolunda illərdir uğur əldə edə bilməyən bəzi şəxslər həzm edə bilmir. Bu səbəbdən “Neftçi”yə və onun prezidenti Sadıq Sadıqovun gördüyü işlərə qara yaxmaqla məşğuldurlar. 

– Bəs neçə ildir futboldan uzaqlaşan Vasif Əliyev “Neftçi”də necə peyda oldu? Onun rəhbərlikdən kimlərəsə qohum olduğu deyilir. Bunu da inkar edirsinizmi? 

– Yəqin ki, Elvin Musazadəni tanıyırsınız. PFL prezidenti Ramin Musayevin oğludur. Qardaşımızdır, sözüm onda yox. Elvin Musazadə “Qarabağ”a transfer olunduqdan sonra klubun baş məşqçisi Qurban Qurbanovun keçidlə bağlı açıqlamasını xatırlayıram. Cavabın məğzi təxminən belə idi: “Dostumun oğludur və dost kimi borcumu yerinə yetirmişəm”. Vasif Əliyevə gəlincə isə bu misalı əbəs yerə çəkmədim. Komandamızın baş məşqçisi Böyükağa Hacıyev Vasif Əliyevin atası, Azərbaycan futbolunda xüsusi çəkisi olmuş Asif Əliyevlə yaxın dostdur. Mənə elə gəlir ki, Böyükağa Hacıyevin dostunun oğluna bir şans verməsi bu qədər böyük hadisəyə çevrilməməlidir. Sizin saytda dərc olunmuş yazıda elə qələmə verilib ki, sanki Vasif Əliyev birbaşa əsas heyətdə çıxış edəcək. Baş məşqçimiz özünü yaxşı tərəfdən göstərmək üçün ona qısamüddətli şans verib. Vasif Əliyev də bu şansı dəyərləndirməlidir. Vasif Əliyevin klubun prezidenti Sadıq Sadıqovla heç bir qohumluq əlaqəsi yoxdur. Biz azərbaycanlıyıq və dostluğa böyük önəm veririk. Əminəm ki, siz də mənim kimi düşünürsünüz və dostluğunuza görə dostunuzun oğluna şans verməyə dəyər. Vasif Əliyevin məvacibinə gəlincə isə başdan-ayağa qədər yalnış məlumatdır. Onun alacağı məvacib içi “Neftçi” qarışıq Azərbaycan klublarında futbolçulara verilən məvaciblərlə müqayisədə qəpik-quruşdur. Vasif Əliyevin bir illik müqavilə qarşılığında 130 min manat məvacib alacağı sadəcə gülüncdür. Bu, dəfələrlə şişirdilmiş rəqəmdir. 

virtualaz.org

Facebook Şərhləri

Son yazılar

Yuxarı