QEYD: Söyə-söyə yox, sevə-sevə dəstək olan sumqayıtlılar

QEYD: Söyə-söyə yox, sevə-sevə dəstək olan sumqayıtlılar

845 Oxunma

Azərbaycan Kuboku 2017/18-ci il mövsümü start götürdükdə, hər kəs qalibin adını təxmin edirdi. Nəyinki təxmin etmək, buna hamı bir nəfər kimi inanırdı. “Qarabağ”ın sonda çempion olacağı turnirə baxmağa adam da gəlmirdi. Ancaq hər şeyi ən azı bu mövsümlük dəyişən bir komanda ortaya çıxdı. “Sumqayıt” son illərdə hegemon olan “Qarabağ”a qarşı hər iki oyunda göstərdiyi oyunla həm özünə rəğbət, həm də Azərbaycan Kubokuna azarkeş qazandı.

Azərbaycanda futbol sevilir, baxılır. Ancaq bəzən söyülə-söyülə. Söyərlər də, camaat əziyyət çəkib evindən gəlir, soyuq havada oyuna baxıb dincəlmək istəyir. Bəs oynayın da! Söyürlər? Lap belə əllərinin içindən gəlir. Gəncə, Qəbələ, Naxçıvan, Zirə kimi səfərlərdə xalalar tumu 50 qəpikdən, azarkeşlər də söyüşün birini bir qəpikdən satırlar. Amma, ancaq və lakin (!) söyüşlü futbolun olmadığı günü də gördük, qardaş, belə şey də olurmuş.

İlk oyunda “Sumqayıt” Suraxanı səfərindən elə də pis sayılmayacaq nəticə ilə (1:2) dönmüşdü. Öz meydanında qapısında qol görməmək şərti ilə qazanacağı minimal hesablı qələbə komandanı yarımfinala yüksəldəcəkdi. Elə bu ümidlə “Kapital Bank Arena”ya tribunaların çatmayacağı qədər azarkeş gəlmişdi. Oyun başlamamışdan qabaq bilirdim ki, yenə dərəcəsini təsvir edə bilmədiyim söyüşlər eşidəcəm. Olmadı, belə söhbət yaşanmadı. Bir-iki dəfə, o da yəni, ağız öyrəşib də, olmalıdır. Maraqlıdır, azarkeşlərin, belə necə deyim, ən ağzının danışığını bilməyəni də söyüş əvəzinə tərif deyirdi. Bəs niyə? Böyük ÇÜNKİ: Komanda o qədər təəccüblü, əzmkar oyun göstərdi ki, azarkeş beyni söyüş emal edə bilmədi.

Bilirsiniz də, söyüş söymək, həm də yaradıcılıqdır. Söyməmişdən qabaq beyin düşünür, ordan-burdan eşitdiyi ən öldürücü sözləri bir araya toplayır, vəssalam. Hansısa səfərdən eşitmişdim: "Ə, səni o vaxt bələyən həkimin zaat-əğrəbəsini...". Adam bu söyüşü söyməmişdən qabaq düşünər da, bəlkə o həkimin sənə qohumluğu çatır, etmə, eləmə də... Hətta hər komandanın yaradıcı söyüşcül azarkeşi var. Onlar bəlkə də hər oyun üçün ayrıca beyin məşqləri edir. “Sumqayıt”ın da yaradıcı azarkeşi oyuna bu cür hazırlaşıb gəlmişdisə, onun üçün heyif oldu...

Sumqayıtda 90 dəqiqə ərzində insanın beynində söyüş emal etmə əməliyyatı etməyi üçün vaxtı olmadı. Şərait yaratmadılar, çünki. Sumqayıtlılar matça hücumla başladılar, qorxmadılar, mübarizə apardılar. Qol vurduqdan sonra müdafiə ilə kifayətlənməyib hücum etməyə də imkan tapdılar. Bunun nəticəsi kimi tribunalarda söyüşün olmadığı, “Qarabağ”ın turnirlə vidalaşdığı və “kimyaçılar”ın Azərbaycan Kubokunun favoriti hesab ediləcəyi matç oynandı. Bəs nə olar ki, həmişə belə olsun? Söyülmək istəmirsinizsə, oynayın da, belə oynayın da!

Uzun sözün qısası, həzz aldığım bir 90 dəqiqə izlədim. Uduzan komandanın söyüşləri haqda yazmadım, özləri bilər...

Məmmədov İlkinSumqayıt



Köşə yazıları