<strong><font color=#ff0000>LAYİHƏ:</font></strong> "13 ildir eyni formanı daşıyan "sonuncu Mogikan"

LAYİHƏ: "13 ildir eyni formanı daşıyan "sonuncu Mogikan"

448 Oxunma

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar" layihəsi çərçivəsində on birinci yazısı

Onu qətiyyətlə Azərbaycanın futzalının dünəni və bu günü adlandırmaq olar. O, 90-cı illərdə futzalımızın “qızıl nəsli” ilə birlikdə parket üzərində top qovub. Braziliyalıların gəlişindən sonra isə yığmamızda meydana çıxan tək-tük yerli oyunçularından biridir. Özü də 38 yaşında. Fərzəliyev soyadını ölkə futzalında hər kəs eşidib. Bəs, o bu idman növünə necə gəlib? Rivzan danışır:“Futzala gəlişim 1992-ci ilə təsadüf edir. Məktəb vaxtlarımdan futbola böyük sevgim vardı. Futzala isə böyük qardaşım Fuad Fərzəliyevin məsləhəti ilə gəldim. Həmin dövrdə orta məktəbdə təhsil alırdım. Karyeramın əvvəlində “Avtomobilçi” komandasında oynamışam. Daha sonra “Star LTD” komandası yarandı və bir müddət orada çıxış etdim. Sonra “Azərneftyanacaq” klubuna yollandım. Bu komandada yaxşı və pis günlərim olub. Bir çox acı və şirin xatirələrim var. 2000-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra milli komandaya dəvət aldım. Çox sevinirdim. Axı, həmişə yığmamızn şərəfini qorumağı arzulayırdım. Həmin dövrdə həm də “Azərneftyanacaq” komandasında çıxış edirdim. Bu klubla Azərbaycan Kubokunun qalibi oldum. Daha sonra çempionatda “Qızıl Oyun” oynamalı idik. Mənim həmin görüşlə bağlı bu gün belə heyifsləndiyim məqamlar var. Matçın əsas vaxtı bərabərliklə yekunlaşdı, oyun əlavə vaxta getdi. Ancaq təəsüflər olsun ki, əlavə vaxtda komandama kömək edə bilmədim. Çünki hərbi xidmətdən qayıtdıqdan sonra mənim ayağım sınmışdı. Zədə öz sözünü deyirdi. Sınıq olan yeri bintlə bağlayırdım ki, ağrını hiss etməyim. Qarşılaşmanın sonlarına yaxın ayağım işləmədi, meydandan çıxmalı oldum. İstədim daha sonra meydana çıxıb mübarizə aparım, ancaq bacarmadım. Parketin üzərinə ayaq basan kimi dözülməz ağrı hiss etdim, hərəkət edə bilmədim. Həmin dövrdə pik formada idim, komandaya xeyir verə bilərdim. Mən oynaya bilmədim və biz “Qızıl Oyunu” uduzduq. Daha sonra “Viləş”dən dəvət gəldi. Növbəti mövsüm “Gömrükçü”yə keçdim. 2004-cü ildə “Araz” yarandı və məni Naxçıvan klubunun heyətinə çağırdılar. Məhz həmin vaxtdan etibarən karyeram bu klubla bağlıdır. Bir mövsümü çıxmaq şərti ilə artıq 13 ildir ki, bu komandanın uğurları üçün çalışıram”. 

Təbii ki, Rivzan Fərzəliyev bu müddət ərzində “ağ-qırmızıların” heyətində bir çox uğur qazanıb:”Çox şadam ki, “Araz”ın və milli komandanın qazandığı nailiyyətlərdə mənim də payım var. Ümid edirəm ki, gələcəkdə daha böyük uğurlara imza atacağıq. Hər zaman irəliyə baxmaq lazımdır. Bizi qarşıda Avropa çempionatı gözləyir. O turnirə çox ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, bu turnir bizim üçün uğurlu olacaq. Milli komandanın forması ilə 7 il əvvəl yaşadıqlarımı ömrüm boyu unutmaram. Düşünürəm ki, həmin hadisəyə hər bir azərbaycanlı azarkeş üzülür. 2010-cu ildə Avropa Çempionatında “Dördlər Final”ına vəsiqə qazandıq. Yarımfinalda güclü Portuqaliya yığması ilə mübarizə aparırdıq. Görüşün əsas vaxtında qalib müəyyən olmadı. Penaltilər seriyasında isə rəqibə uduzduq. Üçüncü yer uğrunda qarşılaşmaya çıxdıq. Qrupda məğlub etdiyimiz Çexiya yığmasına yenilgidən boyun qaçıra bilmədik. Çünki psixoloji olaraq bərbad vəziyyətdəydik. Beləliklə, mükafat ala bilmədik. Milli komanda karyeramla bağlı bu hadisə yadıma düşəndə, daim üzülürəm. Böyük uğura imza ata bilərdik, amma şans bizdən üz döndərdi. Bilirəm ki, idmanda belə hadisələr olur. Öncədən heç nəyi təxmin etmək mümkün deyil”. 

7 il öncə böyük uğurun astanasında büdrəyən “gəminin kapitanı” millimizin digər zəfərinə də imza qoya bilməyib:”Kolumbiyada keçirilən Dünya Çempionatında mən milli komandaya kömək edə bilmədim. Bunu karyeramın ən böyük faciəsi hesab edirəm. Mən hətta Latın Amerikası ölkəsinə yollanan heyətdə yer alırdım. Özümü çox yaxşı hiss edirdim. Ürəyimə dammışdı ki, bu turnirdə sensasiya edəcəyik. Məşqlərdə var gücümlə çalışırdım, qarşılaşmalara çıxmaq üçün günləri sayırdım. Ancaq əfsuslar olsun ki, məşqlərin birində adi epizodda zədələndim. Kolumbiyaya çatdıqdan sonra bizim məşqə çıxdıq. Uzun yol qət etdiyimiz üçün yüngül məşq etməli idik. Həmin yüngül məşqdə ciddi zədə aldım. Məlum oldu ki, diz bağlarımda qopma var. Komandaya kömək edə bilmədim. Sadəcə olaraq, kənardan dəstək verməklə kifayətlənirdim. Dünya çempioatında ilk dəfə çıxış etməyimizə baxmayaraq, 5-ci yeri tutduq. Bu əla nəticə idi. Hər kəs bizim sürpriz komanda olduğumuzu deyirdi. Dünya Çempionatının sayəsində, reytinqdə bir çöx ölkələri arxada qoyduq. Məhz həmin turnirdən sonra bizim yığmamıza ciddi rəqib kimi yanaşmağa başladılar”. 

Ömrünü futzala həsr edən Fərzəliyevin bu idman növündən getmək istədiyi dönəmlər olub:”Bir müddət əvvəl həvəsdən düşmüşdüm. Futzal oynamaq istəmirdim. Çünki yaş artdıqdan sonra zədənin sağalma prosesi çox uzun çəkir, belə olan təqdirdə oynamağın mənası yoxdur. Həmin ərəfədə ciddi zədə almışdım. Zədəli olduğum dövrdə ailəmdən böyük dəstək gördüm. Onlar məni yenidən yüksək səviyyədə oynaya biləcəyimə inandıra bildilər. Dostlarım da çox kömək etdilər. Bu işdə valideynlərimin rolu isə danılmazdır. Məhz onların mənə olan etimadını və inamını doğrultmaq üçün bu fikrimdən daşındım. Çalışmağa başladım və əvvəlki formama qayıtdım. Hələ ki, özümdə güc hiss edirəm(gülür). Düzdür, Kolumbiyada komandama kömək edə bilmədim, onun əvəzini 2018-ci ildə Sloveniyada keçiriləcək Avropa Çempionatında çıxmaq istəyirəm”. 

Yığmamızın və “Araz”ın kapitanı əvvəlki illərdə uğurun niyə bizdən üz döndərməsi ilə bağlı öz fikri var:”2000-ci illərdə biz beynəlxalq arenada böyük uğurlar əldə edə bilmirdik. Lakin “Araz” klubu yarandıqdan və Zaur Axundovun futzala gəlişindən sonra bu idman növündə inkişaf dövrü başladı. Qazandığmız uğurların səbəbkarı Zaur müəllimdir. Onun gəlişi ilə sanki yeni nəfəs gəldi. Bir sıra nailiyyətləri onun dəstəyi ilə qazanmışıq. Göstərilən diqqətə görə təbii ki, AFFA-ya da təşəkkür düşür. Mən futzala gələndə Mahir Eyniyev, Allahverdi Babayev, Ağatahir Əzimov kimi ustalar oynayırdı. Ağatahir hazırda da əzmlə oynayır, mübarizə aparır. Yaşına baxmayaraq meydanda gənclərdən fərqlənmir. Mənim fikrimcə, bütün cavanlar onu özünə nümunə götürməli, onun kimi olmağa çalışmalıdır. Futzalla məşğul olanların ondan öyrənəcəyi çox şey var. Mən də təbii ki, onun kimi cavanlara kömək etməyə çalışıram. Mən orta məktəbdə oxuyan vaxtlarda dəstək olan çox olub. Yaxşı yadımdadı, milliyə ilk dəfə dəvət alanda orda ən cavan oynçu mən idim. Əsas heyətdə oynayırdım, hər kəs dəstək olurdu. Xüsusən də Allahverdi Babayev, Natiq Məmmədkərimov, Vitali Borisov öz tövsiyələrini əsirgəmirdi. Hazırda gənclər bu oyunçulara baxıb ibrət götürməlidir. Bizlər bu yaşa qədər formamızı qorumuşuq, komandamıza kömək edirik. Mən təkcə özümü demirəm, Rəcəb Fərəczadə, Vitali Borisov kimi oyunçular hazırda yüksək səviyyədə çıxış edir. Düşünürəm ki, insan öz qabağına məqsəd qoysa, bir çox uğurlara imza ata bilər. Hal-hazırda 38 yaşım var, yenə də oynamaq istəyirəm. Ağatahir Əzimov 1974-cü il təvəllüdlüdür, ancaq hələ də əla formadadır. Ona görə heç kəs yaşı düşünməsin. İnsan öz üzərində işləməldir. Mən daima əlavə məşqlər edirəm. Hər şey göz qabağındadıır”.

Qeyd edək ki, Rizvan Fərzəliyev millimizin forması ilə 100-ə yaxın oyunda meydana çıxıb. “Araz”ın liderlərindən biri Naxçıvan klubunun heyətində 251 oyunda “tər töküb”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



Köşə yazıları