<strong><font color=#ff0000>LAYİHƏ:</font></strong> “Bizim seçimimiz təkcə yaxşı futzal oynayan yox, həm də yaxşı insan olanlardı”

LAYİHƏ: “Bizim seçimimiz təkcə yaxşı futzal oynayan yox, həm də yaxşı insan olanlardı”

53 Oxunma

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar" layihəsi çərçivəsində beşinci yazısı

Ölkəmizdə bir çox futzal klubları var və olub. Layihə çərçivəsində onlar haqqında dolğun məlumat veriləcək. Haqqında bəhs edəcəyimiz ilk futzal klubumuz – uzun illərdir fəaliyyət göstərən “Baku Fire” komandasıdır. Birinci Liqada çempionluq uğrunda mübarizə aparan komandanın İdarə heyətinin üzvü Orxan Məmmədov 14 ildir mövcud olan klub haqqında məmnuniyyətlə danışdı. Gənc klub yönəticisi “Baku Fire”ın yaranmasından, fəaliyyətdən və məqsədlərindən bəhs etdi: “Klubumuz 2003-cü ildə yaradılıb və Bakı şəhərini təmsil edir. Klubun yarandığı ilk günlərdən əsas məqsədimiz Azərbaycan idmanının inkişafına xidmət etməkdi. Komandanın bu cür adlandırılmasının səbəbi əlbəttə ki, Azərbaycanla - Odlar Yurdu ilə bağlı bir məqamdı. Komandamızın Odlar Yurdunu və onun paytaxtını təmsil etdiyini bildirmək üçün bu adı ingiliscəyə çevirib, daha geniş auditoriyaya tanıtmaq başlıca hədəfimizdir. Loqomuz sadə olmasıyla bərabər, Odlar Yurdunun rəmzi olan alovu da əks etdirir. Bunu Bakı alovu ilə bərabər idmançılarımızın gözündə parlayan alovun rəmzi olaraq da xarakterizə edirik. Uzun illərdir bir çox idman tədbirlərini təşkil etməklə yanaşı, ölkə səviyyəsində keçirilən turnirlərdə çıxış edərək, müxtəlif uğur və nailiyyətlər qazanmışıq. Uğur və nailiyyət dedikdə biz klub olaraq yalnız qazanılan medalları nəzərdə tutmuruq. Vaxtilə bizim klubda yetişən və hal-hazırda digər komandalarda çıxış edən futzalçıların olması bizim üçün böyük naliyyətdi. Klub olaraq fəlsəfəmiz gəncləri sıralarımıza qatıb, onlara idmanı sevdirmək, əzmkarlığı, mübarizə ruhunu aşılamaq, kollektivə və komandaya uyğunlaşdırıb cəmiyyətə sağlam ruhlu insanlar yetişdirməkdir. Elə bu səbəbdən də uşaq məktəbi klubun ən böyük fəaliyyət istiqamətlərindən biridi. Göstərici kimi, 2012-2013 mövsümündə U-15 Liqasında 2-ci yer, 2013-2014 və 2014-2015 mövsümlərində U-17 liqasında ardıcıl 2 dəfə 1-ci yerin sahibi olmağımızı misal çəkə bilərəm”.

Məmmədov, “Baku Fire” komandasının tam 7 il əvvəl ölkə çempionatlarında iştirak etməyə başladığını bildirir: “2010-cu ildə ölkə çempionatlarında öz çıxışına başlamış klub, 2011-2012 mövsümündə Həvəskarlar Liqasının qalibi, 2012-2013-ci illərdə Həvəskarlar və Birinci Liqanın gümüş medalçısı(İki komanda ilə təmsil olunub – red.), 2013-2014-də İkinci Liqanın qalibi olub. Hazırda, klubun 2 Liqada çıxış edən oyunçularının bir çoxu komandamızın U-15 və U-17 komandalarında oynamış gənclərdi. Yüksək Liqadan başqa futzal üzrə Azərbaycanın bütün turnirlərində iştirak edirik. Təbii ki, Yüksək Liqada da təmsil olunmaq istəyərdik, lakin burda artıq sponsorun olmağı vacibdi. Elə bir müddət olub ki, biz beş liqada eyni vaxtda mübarizə aparmışıq: Həvəskarlar, Birinci və İkinci Liqa, həmçinin, U-15 və U-17 Liqaları. Futzal üzrə Yüksək Liqadan başqa AFFA tərəfindən hansısa turnir keçirilsə, biz orda mütləq iştirak edəcəyik. 15 yaşlıların yarışında qızıl medalları qazanmışıq və ən əsası yığmaya bir neçə futzalçı göndərmişik. Hazırda millimizin qapısını qoruyan Rövşən Hüseynli hərbi xidmətdən qayıtdıqdan sonra birinci bizim komandada oynayıb. Belə futzalçıların sayı çox olub. Kiçik büdcəmizin olmasına baxmayaraq, 2013-2014 mövsümündə Yüksək Liqada çıxış etdik və böyük təcrübə əldə etdik. Təəssüflər olsun ki, büdcəmiz imkan vermədiyi üçün həmin liqada öz çıxışımızı müvəqqəti olaraq dayandırdıq. Ancaq gələcəkdə yenidən futzal elitasında öz sözümüzü demək istəyirik. Hal-hazırda klubda görülən işlərin məqsədi Yüksək Liqa başda olmaqla bütün futzal liqalarında çıxış etməsi və ölkə idmanına xidmət göstərməsidi”. 
Orxan bəy, klubun İdarə Heyətinin əsas məqsədinin təkcə yaxşı futzalçı yetişdirmək olmadığını deyir: “Bizim seçimimiz təkcə yaxşı futzal oynayan yox, həm də yaxşı insan olanlardı. Seçimimizdə bu cür kriteriyalara üstünlük veririk. Ona görə də, uşaqlarla işləmək çox vacibdir. 5 ildir bu prisiplərə əməl edirik. Bundan sonrada edəcəyik. Bir dəfə Yüksək Liqada oynamışıq. Çalışırıq ki, hər şeyi düzgün quraq, işimizdə qüsurlara yol verməyək. Baş məşqçi nə mənim qohumumdur, ya da başqa İdarə Heyətində olan şəxsin yaxını deyil(gülür). Ona işinə görə qiymət veririk. Teymur Eyvazovla çalışmaqdan çox məmnunuq. O bu mərhələyə pillə-pillə gəlib. Öncə Həvəskarlar Liqasından başladı. Daha sonra İkinci Liqaya yüksəldi, hazırda isə Birinci Liqada mübarizə aparırıq. Artıq hər bir liqada bizdə ayrı-ayrı mütəxəssislər işləyir. Qəti şəkildə heç bir mütəxəssisin işinə qarışmırıq. Məsuliyyəti onlar daşıyır. Necə istəyirlər, qərar verməkdə müstəqildirlər. İstər futbolçu seçimi olsun, istərsə də start heyətin müəyyən olunması məsələsi. Düşünürəm ki, əgər məşqçini bu posta təyin etmişiksə, demək ki, ona inanıram. Biz komanda olaraq hər ay iclas keçiririk, ancaq oyunlarla bağlı məsələlərə toxunmuruq, o iş baş məşqçinindi. Ancaq transfer pəncərəsi açılanda – dekabr ayında ayrıca iclas olur və orda yeni qərarlar qəbul edirik. Kimlərlə güclənə bilərik, ya da hansı futzalçı ilə vidalaşa bilərik, bunları müəyyənləşdiririk. Bizə lazım olan futzalçılarla danışıqlar aparırıq. Elə olub ki, komanda nəticə göstərib, ancaq təlim-tərbiyə məsələləri yüksək tutulub deyə, bəzi futzalçılarla yollarımızı ayırmışıq. Komandaya gələn oyunçulara daim bunları əvvəlcədən başa salırıq. Onlar ab-havaya uyğunlaşmalıdı. Bəzən olur ki, digər klublarda çıxış edən çılğın futzalçıları rənglərimizə qatırıq. Mövsüm başlamadan öncə, onlara hər şey izah edilir və çempionatın gedişində həmin oyunçular bizə böyük fayda verirlər. Çünki, “Baku Fire”da hər şey bünövrədən belə qurulub”. 
İdarə Heyətinin üzvü komandanın xeyriyyə işlərində də iştirak etdiklərini bildirib: “Bu işlərə xüsusi diqqət ayırırıq. Uşaq evlərini ziyarət edirik. Əlimizdən gələn köməyi, dəstəyi göstəririk. Tez-tez vaxtımızı həmin uşaqlarla keçiririk. Bir yerdə oyunlar oynayırıq. Onlar da bildirir ki, nə yeməyə, nə geyimə ehtiyacları yoxdu. Dövlət tərəfindən hər şeylə təmin olunurlar. Əsas olan diqqət və qayğıdır ki, biz də komanda olaraq bunu uşaqlara göstəririk”.

Bəs, “Baku Fire” klubu necə idarə olunur? Bu barədə də Orxan bəydən soruşduq: “Komandanın idarəetməsinə gəlincə, klubun İdarə Heyətinin üç nəfər üzvü var. İdarə heyətinin sədri Tağı Tağızadədir. Uzun illərdir bir yerdəyik. Komandanı öz gücümüzə yaratmışıq. Azərbaycan idmanında aktiv iştirak etmək istəyirik. Gələcəkdə Futzal Federasiyası 5 Liqa da təşkil etsə, onların hamısında iştirak edəcəyik. Birinci Liqada qızıl medalları qazansaq, sponsor tapılsa da, tapılmasa da, Yüksək Liqada oynayacağıq. Ötən il çempion olmağa çox yaxın idik. Ancaq son anda birinci ola bilmədik və “Nəbi” titulu qazandı. Ölkə Kubokunda finala qədər irəlilədik. Həlledici görüşdə isə “Neftçi”yə uduzduq. Elə il olub ki, üç liqada iştirak etmişik. Hər üç turnirdə bürünc medalları əldə etmişik. Yəni nəticələrimiz olub. Biz böyük bir ailəyik”.
Qeyd edək ki, “Baku Fire” klubunun İdarə Heyətinin digər üzvləri Orxan Məmmədov və Əziz Vahidovdur. Klubun məşqçiləri Teymur Eyvazov və Vladislav Ledyayevdir. Komandanın inzibatçıları isə Sərxan Vəliyev və Nadir Quliyevdir. Ardı var...

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



Köşə yazıları