Dar küçələr və yox olan ənənələr! <strong><font color=#ff0000>(LAYİHƏ)</font></strong>

Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)

72 Oxunma

Korner.az və Sportfm.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?" layihəsi çərçivəsində səkkizinci yazısı 

"İnter" klubunun Uşar-Gənclər Futbol Məktəbinin (UGFM) rəhbəri Rövşən Babayev ötən yazıda çalışdığı klubda gənclər futbolunun inkişafı üçün görülən işlərdən, ölkəmizdə bu sahədə olan çatışmamazlıqlardan bəhs etmişdi. Düzdür, hazırda Azərbaycanda futbolu kompleks şəkildə inkişaf etdirmək üçün AFFA respublikanın bütün bölgələrində bu idman növü ilə məşğul olan uşaqlarda, yeniyetmələrdə, gənclərdə və daha böyük yaş qrupuna daxil olan şəxslərdə futbola maraq oyatmaq üçün müxtəlif tədbirlər, festivallar və turnirlər həyata keçirir. Bununla yanaşı, FIFA və UEFA tərəfindən elan olunan Grassroots günlərində də AFFA-nın təşkilatçılığı ilə kütləvi futbol festivalları təşkil edilir. Bütün bunlar yetərlidirmi? R.Babayev bu suala aydınlıq gətirməklə yanaşı, Azərbaycanda yox olmaq üzrə olan məhəllə futbolu barəsində danışdı. Mütəxəssis uşaq futbolunun inkişafı üçün hansı işlərin görülməli olduğundan da söz açdı:

Bakıda uşaqlar bu zövqdən məhrum olub

Futbolda kütləvilik olmalıdır. Hər şey kütləvilikdən başlayır. Bu birinci meyardır. Dünyanın hər yerində belə qəbul edilir. Beynəlxalq qurumlar daim bunu vurğulayır. Bu oyuna könül verən hər kəsə oynamaq üçün şərait yaradılmalıdır. Bütün ölkələrdə həvəskarlar liqası fəaliyyət göstərir. Bu əsas tələblərdən biridir. Bizdə əvvəllər məhəllə futbolu vardı, təəssüflər olsun ki, hazırda belə bir şey yox olmaq üzrədir. Ancaq gəlin keçmişə nəzər salaq, görün nə qədər ulduz futbolçu məhz məhəllə futbolundan böyük futbola addım atıb. Mən düşünmürəm ki, hansısa uşaq kiçik yaşlarında küçədə topun dalınca qaçmayıb. İndi Bakıda kiçikyaşlı uşaqlar bu zövqdən məhrum olub. Paytaxtımızda yer qalmayıb, küçələr dardır. Uşaqların oyun meydançalarında hündürmərtəbəli binalar tikilib. Topla oynamaq üçün heç yanda yer qalmayıb. Uzun illərdən bəri formalaşan ənənələr məhv olur. AFFA-nın məhəllə futbolu layihəsi həyata keçirilir. Yadımdadır, regionlarda ilk dəfə Şəkidə belə bir layihə baş tutdu. Layihə çərçivəsində rayonlarda süni örtüklü meydançalar quraşdırılır. Layihənin məqsədi uşaq futboluna dəstək verməkdir.



Rayonlarda şərait var, boş yer çoxdur. Ancaq təəssüflər olsun ki, orada olan uşaqların əksəriyyətini izləyən yoxdur. İşini sevən məşqçilər var, onlar gedib bölgələrdə yeniyetmələri izləyirlər, sadəcə, onların sayı azdır. İstedadlı futbolçuları üzə çıxardıqda isə onları paytaxta gətirmək problem olur. Aşağı yaş qrupları üzrə keçirilən yarışlarda oyunların sayının azlığı işə ciddi təsir edir. Oyun sayı çox olmalıdır. Gənclər ilboyu oynamalıdır. Futbol turnirləri keçirilmir. Əvvəllər “Dəri top”, “Sevinc” adlı futbol turnirləri var idi. Bir çox tanınmış futbolçu həmin yarışlarda özünü göstərib. İndi bəzi turnirlər keçirilsə də, bu yalnız Bakıda təşkil olunur, bəs rayonlar? Axı, rayon komandaları paytaxtda keçirilən yarışlara gələ bilmirlər. Düşünürəm ki, gənclər futbolunun inkişafına təkan verəcək daha bir layihə məktəblərarası çempionatlar ola bilərdi. Hazırda bu sahədə durğunluq yaşanır. Halbuki, yaxşı və yaxud pis hər bir məktəbin futbol meydançası mövcuddur. Onlar boş qalıb, yalnız idman dərslərində orada top qovan uşaqları görürük. Bundan istifadə etmək lazımdır. Sizə bir misal gətirim. Mən “Simurq”da çalışdığım dönəmdə akademiyamıza futbolçu seçimində heç bir problem yaşamırdım. Bilirsiniz niyə? Çünki, rayonun 27 kəndində futbol turnirləri təşkil edilirdi. Bizə isə həmin yarışları izləyib, seçim etmək qalırdı. İl ərzində daima davam edən turnirlərdən “Simurq”a xeyli sayda futbolçu seçmişdim. Klubun akademiyasında məhz həmin turnirlərdən seçib gətirdiyimiz uşaqlar çıxış edirdi. Onlar özlərini çox yaxşı tərəfdən göstərirdi. Şərait var idi, paytaxta getmək lazım deyildi. Belə olan təqdirdə necə futbolçu yetişdirməyəsən? Bir çox bölgələrdə belə şərait yaratmaq olar.

Həmin akademiya Azərbaycan futbolunun “lokomotiv"i idi

Hazırda 10 milyonluq ölkədə cəmi bir uşaq-futbol akademiyası fəaliyyət göstərir. Bu dəhşətli rəqəmdir. Axı, “Qəbələ”nin futbol akademiyası bu boyda ölkənin futbol “yükünü” təkbaşına çəkə bilməz. Orada çox böyük işlər görülür. Gənclərin futbol biliklərinə yiyələnməsi ilə yanaşı, təhsillərinə də böyük önəm verilir. Xarici təcrübədən istifadə olunur, turnirlər təşkil edilir. Uşaq komandaları xaricdə keçirilən yarışlara qatılır. Azərbaycan futbolu gələcəkdə bunun bəhrəsini mütləq görəcək. Belə futbol turnirlərində gənclərimizin nəyə qadir olduqlarını görmək mümkündür. Əvvəllər “Bakı” akademiyası fəaliyyət göstərirdi. Görün, oradan nə qədər istedadlı futbolçu çıxdı. Hazırda demək olar ki, Premyer Liqanın bütün klublarında “Bakı” akademiyasının yetirmələri çıxış edir.



Həmin akademiya olduğu dönəmdə uşaq futbolunun inkişafından danışmaq olurdu, indi o da yoxdur. Təsəvvür edirsiniz, “Bakı”nın akademiyasında olan uşaqların yarıdan çoxu rayonlardan gəlmişdi. Həmin akademiya Azərbaycan futbolunun “lokomotiv”i idi. Bir müddət əvvəl Zaqatala təmsilçisi“Simurq”da bu istiqamətdə böyük işlər görüldü, komanda dağılandan sonra isə uşaqların çoxu “Qəbələ” akademiyasına yollandı. Uzun illərdir fəaliyyət göstərən “Vətən” uşaq-gənclər məktəbi də akademiya yaratmaq istəyirdi. Sonradan nədənsə alınmadı və bu işlər yarımçıq qaldı.Təbii ki, yaratsaydılar böyük inkişaf olacaqdı. Mən orada olduğum müddətdə bu işləri sistemli şəkildə qurmuşduq, bölgələrdən xeyli sayda uşağı “Vətən”in məktəbinə cəlb etmişdik. Tək akademiya yaratmaqla deyil, həm də akademiyada struktur düzgün qurulmalıdır. Bunu üçün isə klub rəhbərliyi, rəsmilər bu işə dəstək verməlidir. Məşqçilər tərəfindən seçim düzgün aparılmalıdır. Seçim aparıldıqdan sonra isə onlara düzgün məşqlər verilməlidir. Onda inkişaf olacaq...

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



Köşə yazıları