<strong><font color=#ff0000>LAYİHƏ:</font></strong> “Səbail”in “Vətən”i və “ideal” görünən iş

LAYİHƏ: “Səbail”in “Vətən”i və “ideal” görünən iş

100 Oxunma

Korner.az və Sportfm.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?" layihəsi çərçivəsində altıncı yazısı

Ötən mövsüm "Turan Tovuz” Birinci Divizionda qızıl medalları qazansa da, məlum səbəblərdən Premyer Liqaya yüksələ bilmədi. Tovuz təmsilçisinin əvəzinə ölkənin futbol elitasına Bakını təmsil edən, yeni yaradılan "Səbail” klubu yarışacaq. Qısa zaman kəsiyində bir çox tələbi yerinə yetirən paytaxt klubu uşaq-gənclər futbolu ilə bağlı öhdəlikləri necə həyata keçirdiyini AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovdan dinləyək:
- Bu il Premyer Liqada mübarizə aparacaq "Səbail” komandası "Vətən” Uşaq Futbol Klubu ilə müqavilə bağlayıb. Biz dəqiq bilmirik. Ola bilər ki, gələcəkdə öz akademiyalarını açsınlar və yaxud "Vətən”lə əməkdaşlığı davam etdirsinlər. Amma bu qayda pozuntusu deyil. Şərtlərdə qeyd edilir ki, ya akademiya klubun nəzdində olmalıdır, ya da hansısa akademiya ilə müqavilə imzalanmalıdır. Yəni bu hala imkan verilir. Uzun illərdir fəaliyyət göstərən "Vətən” klubunda təcrübəli məşqçilər var. Ən azı, bizim tələb etdiyimiz tələblərə - ixtisasa, meydançalara uyğun akamdemiyadır. Ölkə daxilində və xaricində keçirilən yarışlarda iştirak edirlər. Əslində beynəlxalq yarışlarda iştirak tələbi yoxdur, ancaq bu da işin necə qurulduğunun göstəricisi sayılmalıdır. 
- Proqramla bağlı maddədə göstərilib ki, o, minimum 3, maksimum 7 illik dövrü əhatə etməlidir. Klublarımız hansı müddətə daha çox meyil edirlər? 
- Hər klubda müxtəlifdir. 3 il də var 7 il də. Məsələn, "Sumqayıt”da 7, "Qarabağ”da 6, "İnter” və "Qəbələ” isə 3 illikdir. 
- Maraqlıdır, o cür infrastruktur və şərait müqabilində "Qəbələ” nə üçün 3 illik proqram keçir?
- Klublar hər il bizə yenilənmə göndərirlər. Akademiyada daim dəyişikliklər olur. Ona görə də, hər il bizə yenilənmə gəlir. Eyni zamanda, məşq prosesinin monitorinqi üçün bu ildən sənədləşdirmə prosedurunu tətbiq etmişik. Klublar bizə ən azı 1 həftəlik, yaxud məşqlərin keçirilmə yeri, forması dəyişməyəcəksə, 3 aylıq məşq cədvəlini göndərirlər. Cədvəldə məşqlərin keçirildiyi yer, başlanma və bitmə vaxtları göstərilir. Biz həmin qrafikləri Məşqçilər Komitəsinin üzvlərinə ötürürük və bu da onlara imkan verir ki, əvvəlcədən xəbərdar etmədən, istədikləri vaxt akademiyaya getsinlər, monitorinq aparsınlar.
Elə klublar da var ki, öz meydançalarından istifadə etmir, icarəyə götürür. Ona görə də, onlar üçün uzunmüddətli qrafik cızmaq bir qədər çətin olur. Çünki bu, meydançanın sahibindən asılıdır. Bu səbəbdən onlar bizə müxtəlif yaş qrupu üzrə komandalarının həftəlik qrafiklərini göndərir. Öz meydançası olan klublar bir neçə aylıq plan cızır və dəyişilməz olaraq məşqləri davam etdirir.  Məşqçilər Komitəsi də öz planını qurur. Nə vaxt hansı klubu ziyarət edəcək və s. ilə bağlı planlar öncədən müəyyənləşir. 
- Ziyarətdən sonra sizinlə fikir mübadiləsi aparırlarmı?
- Məşqçilər Komitəsinin üzvləri monitorinqlə bağlı özləri üçün qeydlər götürürlər. O qeydlər ətrafında müzakirə aparmırıq, çünki biz məşqçi deyilik. O tövsiyələri onlar Texniki Departamentlə müzakirə edirlər. Biz də öz növbəmizdə həm UEFA, həm də Premyer Liqaya vəsiqə üçün eyni tələbləri irəli sürürük. Proqramda nələr olmalıdır? Əvvəlcə gənclər futbolun inkişafının məqsədləri və əsas prinsipləri açıqlanır. Bundan sonra gənclər futbol sektorunun təşkilati strukturu, işçi heyəti ilə bağlı məlumatlar yazılır. Əslində, bu məsələ kadr inzibati meyarlara bağlıdır deyə, həmin ekspert idmanla bağlı mütəxəssisə məlumat verir və birlikdə işləyirlər. Eyni zamanda, uşaq gənclər yarışlarının təşkili şöbəsi var. Onlar müəyyən yaşlar üzrə yarışlar keçirirlər. Klublar bizim formanı doldurur, ev oyunları və məşqlər üçün meydançaları müəyyən edirlər. Əgər qanunidisə, həmin meydançalar təsdiq edilir. Maliyyə resursları ilə bağlı bizə illik büdcəni təqdim edirlər. Ötən maliyyə ili ərzində bu sektora nə qədər maliyyə ayrıldığı aylar üzrə bölünür və maliyyə ekspertinə təqdim edilir. Biz də araşdırırıq ki, həmin xərclər klubun ümumi maliyyə hesabatına daxil olub, ya yox? Oyun qaydaları üzrə təlim proqramları bəndi S09-la (Maddə 23 – S.09 İrqi bərabərlik və ayrı-seçkiliklə mübarizə siyasəti) əlaqələlidir.  Biz belə bir tələb qoymuşuq ki, klublar ildə, ən azı, bir dəfə Hakimlər Komitəsindən bir nəfər dəvət etməlidirlər. Həmin nümayəndə iclas keçirir, oyun qaydaları, yeniliklərlə bağlı təqdimat edir, məşqçilərin futbolçuların suallarını cavablandırır. Həmin iclaslarda ya klubun bütün uşaq məşqçiləri, ya da inkişaf rəhbəri iştirak edir və sonra akademiyada ayrıca təlim keçir. Bununla bağlı bizə təsdiqedici sənəd də təqdim olunmalıdır. Anti-dopinq üzrə də təlim-məşq proqramı var. Klubun həkimi ildə bir dəfə təlim keçir. Bundan başqa, klublar ildə, ən azı, bir dəfə aşağı yaş qrupu üzrə komandalarının üzvlərini tibbi yoxlanışdan keçirmək və bununla bağlı bizə rəsmi sənədləri təqdim etmək öhdəliyi daşıyırlar. Eyni zamanda bizim həkimin həmin sənədləri yoxlamaq səlahiyyəti var. Danışılmış oyunlarla da bağlı təlim proqramları mövcuddur. Bununla bağlı biz UEFA-dan tövsiyələri alır və klublara məlumat veririk. Klubların da öhdəliyi var ki, gənc oyunçularla bu istiqamətdə mütəmadi olaraq iş aparsınlar. 
- İş aparılmalıdır, ancaq aparılırmı? İşin aparıldığına necə əmin olursunuz?
- Ən azı, hər görülən işin protokolla təsdiqini istəyirik. Hətta bəzi hallarda klublar sübut qismində fotolar da göndərirlər. 
- UEFA-nın klub yarışlarına lisenziya qazanmaq üçün müəyyən edilmiş qaydalardakı "Gənclər futbolunun inkişafı proqramı” ilə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müəyyən edilmiş lisenziyalaşdırılma üzrə qaydalardakı "Gənclər futbolunun inkişafı proqramı” nöqtə-vergülünədək eynidir. Bu eynilik UEFA-nın tələbidir, yoxsa AFFA istədiyi vaxt həmin proqramın müddəalarına əlavə və dəyişiklik edə bilər?
- Bu qaydalar AFFA icraiyyə Komitəsi tərəfindən təsdiq edilib və onun üzvlərinin istəyindən asılı olaraq əlavələr, yaxud dəyişikliklər etmək olar. UEFA ölkədaxili yarışlarla bağlı tələblərə qarışmır və bu, tamamilə AFFA-nın səlahiyyətində olan məsələdir. Bir şeyi də deyim ki, bəzi maddələr proqrama bağlıdır.
Məsələn, oyunçuların qeyri-futbol təhsili. Bu, çox vacib məsələdir. Klub yazılı şəkildə öz üzərinə öhdəlik götürür ki, bütün uşaqların məktəbə getməsinə, U-19-un üzvlərinin isə ali təhsil almasına şərait yaradacaq. Eyni zamanda, uşaqlar bizdə qeydiyyat proqramında qeydiyyata alınanda məktəbdən arayış tələb olunur. Bu məsələyə çox ciddi nəzarət olunur. 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



Köşə yazıları