Rəşad Sadıqov: "Ona dedim ki, belə şəkildə tənqid etmək lazım deyil"

Rəşad Sadıqov: "Ona dedim ki, belə şəkildə tənqid etmək lazım deyil"

275 Oxunma

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəlib.

Matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov korner.az saytının əməkdaşının suallarını cavablandırıb.

- İlk öncə oyun haqqında fikirlərini bildirərdiniz...

- Maraqı oyun keçdi. Bizim üçün vacib görüşlərdən biri idi. Komandamız yaxşı oyun nümayiş etdi və 3 xalı qazandıq.

- Sonadək meydanda olmadın. Bunun səbəbi hər hansı problemin olması idi, yoxsa baş məşqçinin fikri idi?

- Yox, heç bir problemim yox idi. Məşqçilərin fikri idi. Bildiyiniz kimi, qarşıdan millinin oyunu gəlir. Bizim oyun qrafikimiz də sıx olduğu üçün məşqçilər sonadək oynamamağımı istəmədilər.

- Keçən tur “İnter”lə matçdan sonra azarkeşlərlə aranızda problem yaşanmışdı. Orada nə baş vermişdi?

- Bilirsiz, “Qarabağ”da istər rəhbərlik, istər azarkeşlər, istərsə də futbolçular hamımız bir ailəyik. Komandamızda həmişə mehribanlıq olub. Aramızda belə bir münasibət olduğu üçün oyundan sonra azarkeşlərə yaxınlaşdım. İlk olaraq “İmarət” azarkeş qrupuna yaxınlaşdım. Aramızda qısa dialoq oldu. Sonra tunelə girdiyimiz zaman bir azarkeş sərt şəkildə etirazını bildirdi. Mən də sadəcə ona dedim ki, belə şəkildə tənqid etmək lazım deyil. Çünki elə də ciddi bir səbəb yoxdur onun bu şəkildə etirazı üçün. Futboldur da bir gün udarsan, bir gün uduzarsan. Həmin azarkeşlə də oyundan sonra mehribanca danışdıq. “Qarabağ” bir ailədir. Bəzən ailənin içində də söz-söhbətlər olur.

- Komanda son zamanlar əvvəlki oyununu nümayiş etdirə bilmir. Bunun səbəbi nədir?

- Bu fikirlə razı deyiləm. Buna görə də fikir bildirmək istəmirəm.

- Qarşıdan millinin Qətərlə oyunu gəlir. Bu barədə nə deyə bilərsiniz?

- Yoldaşlıq oyunu olmasına baxmayaraq, vacib oyun olacaq  bizim üçün. Çünki martın 26-sı Almaniyaya qarşı oynayacağıq. Milli artıq 4-5 aydı birlikdə oynamır. Bu səbəbdən yoxlama oyunu bizim üçün vacib olacaq. Nəticə bizim üçün o qədər də önəmli olmasa da, oyun vacib olacaq.




Köşə yazıları