“Püf! Kim elədi?” Fərqi yoxdur, hamı boğulur - KÖŞƏ

“Püf! Kim elədi?” Fərqi yoxdur, hamı boğulur - KÖŞƏ

993 Oxunma
Vüsal Elay

elayvusal@mail.ru

Boynumuza alaq ki, həyatımzda heç olmasa 1 dəfə, lap, deyək uşaqlıq çağlarında belə xoşagəlməz halla rastlaşmışıq: ətraf mühit eyni məkanı bölüşən insanlardan birinin ehtiyatsızlığı üzündənmi, qidalanma və həzm prosesində yaşadığı problemlərə görəmi bağırsaq qazlarının gözyaşardıcı üfunətinə bürünüb. Aha! Dərhal beyinlərdə respirator sistemin də təkan verdiyi fantaziyalar bizi uzaqlara aparır, istər-istəməz hazırkı anda çox zəruri suala cavab aramağa çalışırıq: KİM? Bu sual eyni məkanı bölüşənlərin hər birini narahat edir, hamının qəlbinə şübhə toxumu səpir. Amma... Məsələ burasındadır ki, hadisənin səbəbkarının kimliyindən asılı olmayaraq, eyni məkanda qərar tutan insanlar eyni aqibəti bölüşür, eyni rahatsızlığı yaşayır və eyni intizarla atmosferin tezliklə paklanmasına ümid bəsləyirlər. Çünki hamı eyni mənbədən aldığı oksigenlə ciyərlərini zəruri həyat mayesi ilə təmin edir. 

Bax, əziz oxucu, hazırda “Neftçi” ətrafında baş verənlər də eynən təsvir etdiyimiz mənzərəyə bənzəyir. Azərbaycann ən nüfuzlu, ən köklü klubu batır. Artıq bu batmağın ayrı-ayrı işartılarından deyil, tam ciddi bir görkəm almış sürətli prosesdən danışırıq. İki göz lazımdır ki, “Neftçi”nin gününə oturub ağlasın. Əlbəttə, bir zamanlar əzəmətli kollektivi bu günə salanları, futbol mətbəximizi üfunətə bürüyənləri təqribi tanıyırıq, ehtimal veririk. Hələ bəzən onlara tənə vurur, başımızı çoxmənalı surətdə bulayır, “niyə abrınız yoxdur?” ritorik suallarını da veririk. Amma artıq elə bir mərhələyə yetişdik ki, bunun heç bir mənası yoxdur, “KİM?” sualının cavabı elə də əhəmiyyətli deyil. Çünki olan oldu. Bu acı hər birimizin qəlbini ağrıdır, qanını qaraldır. 

Azərbaycanda hazırda mövcud olan, ölkəmizi beynəlxalq arenada təmsil edən, azarkeşlərə layiqli futbol bəxş edən komandalarımızın hissiyyatına toxunmaq istəməzdik. Amma yəqin onlar da indi qeyd edəcəyimiz faktla razılaşar: Azərbaycan futbolunu dünyada, ən azından postsovet məkanında, ən azından orta və yaşlı nəsil azarkeşlər məhz “Neftçi” ilə tanıyıb və tanıyır. Eyni zamanda ölkəmizdəki futbolsevərlərin böyük əksəriyyəti bu ecazkar oyuna məhz “Neftçi”nin vasitəçiliyi ilə, Anatoli Banişevski, İsgəndər Cavadov, Maşallah Əhmədov, Vidadi Rzayev və digər “neftçilərin” sərgilədiyi oyunla vurulublar. “Neftçi” bu xalqın komandası, sevimlisidir. İstər Bakıda, istər Gəncədə, istər Lənkəranda, istərsə də Naxçıvanda “Neftçi” azarkeşlərin qəlbində məskən salıb. Bu komanda orta və yaşlı nəslin keçmişinin ayrılmaz və çox əziz bir hissəsidir. 

Bütün bunları niyə yazırıq? Ona görə yazırıq ki, futbol mətbəximizə bu üfunətlə divan tutanlar nə baş verdiyini anlasınlar. Baş verənlər ətrafında düşünsünlər. “Heç bir məsuliyyət daşımırıq” deyib yaxalarını kənara çəkə bilərlər. Sözsüz. Amma tarix artrıq yazıldı. Adlar bəlli, əməl göz önündə. Sual oluna bilər: bəs neyləsinlər? Biz məsləhət vermirik. Özləri düşünsünlər. Amma sadəcə bir xatırlatmaya ehtiyac duyuruq. Adətən mədə-bağırsağını ram etməkdə aciz olan insanın bu acizliyi gözlənilməz şəkildə ictimailəşəndə, həmin adam başını aşağı salıb dərhal bu acizliyinin reallaşdığı məkanı tərk edir. Düzdür, özü getsə də, əməlinin “acı güllərini” ordakılar bir müddət hələ qoxlamalı olurlar. Amma hər halda bu gedişdə də bir hikmət var. İnsan sanki deyir: “Məni bağışlayın. Mədəmi bu qədər yükləyəndə heç düşünmədim ki, bir müddət sonra acgözlüyümün və naşılığımın bədəlini belə rüsvayçı şəkildə ödəyəcəm”. Bu, ən ağılabatan addımdır həmin adam üçün. Amma bu bir xatırlatma idi. Dedik axı, biz məsləhət vermirik...

P.S. Yəqin ki, son model planşetin üzərində göyərti doğrayan nənəni əks etdirən kadrları çoxunuz görüb, bu əməlinə gülüb. Doğrudan da, gülüşə səbəb olacaq hərəkətdir. Amma məsələ burasındadır ki, o nənənin heç vecinə də deyil. Bilirsiniz niyə? Çünki xəbərsizdir, həm planşetdən, həm də futbol... Əstəğfrullah, müsair texnologiyadan demək istədim.

P.P.S. Öz aramızdır, futbolumuzda bağırsaq qazlarına sahib çıxa bilməyənlər və planşet üzərində göyərti doğrayan nənələrdən boluq ha!  



Köşə yazıları