Üçqat dünya çempionuyuq! (KÖŞƏ)

Üçqat dünya çempionuyuq! (KÖŞƏ)

2079 Oxunma
Kamal Rza

kamal_r@mail.ru

Futbol üzrə yığmamızı üçqat dünya çempionu adlandırmaq olar. Səhv etmirsiniz, söhbət milli komandadan gedir. Robert Prosineçki komandaya təyin olunan üçüncü dünya çempionudur. Dünya çempionatına yollanmaq arzularımızın uzun illər xəyal olaraq qalacağı realdı. Əvəzində, futbolçu yığınına artıq üçüncü dünya çempionu başçılıq edir. Baş məşqçilər üzrə üçqat dünya çempionu olan millimizi planetimizin aparıcı ölkələrindən biri kimi qələmə vermək olar. Nailiyyətlərimizi kiçiltməyin.

Ümumiyyətlə, AFFA-nın baş məşqçi seçimlərini izləyərkən qəribə mənzərənin şahidi olursan. Bu məqamda məşhur «Evləri köndələn yar» tamaşasından bir epizod yada düşür: “qız evindən professor olsa, oğlan evindən gərək akademik olsun”. Karlos Alberto Torres, Berti Foqts və Robert Porsineçki. Əvvəlki iki mütəxəssis Braziliya və Almaniya yığmalarının heyətində dünya çempionu titulunu qazanmışdılar. Prosineçki də bu uğura nail olub. Amma Yuqoslaviyanın gənclər yığmasının heyətində. Göründüyü kimi, futbol təsərrüfatımıza rəhbərlik edənlər istəklərinə çatıblar. Ən pis halda, gənclər arasında dünya çempionu olmuş adam tapıldı. İtaliyalı Tardellinin də namizədlər arasında olması seçim zamanı hansı kriteriyalara üstünlük verildiyini çılpaqlığı ilə nümayiş etdirir.

Bundan sonra onlar, yəni AFFA-da oturanlar seçimi əsaslandıra biləcəklər. Prosineçki gənc kimi dünya çempionu olub və gənclərimizə uğur qazanmağın yolunu göstərəcək. Foqtsla illəri qurban verən federasiya Məşqçilər Komitəsini yaratmaqla gözdən pərdə asması də vəziyyətdən çıxış yolu deyil. Normal futbol məktəbləri olmayan bir ölkədə milyonların havaya sovrulması heç bir nəticə verməyəcək. 20 ildə dəyişməyən Azərbaycan futbolunun yaxın 10 ildə ciddi uğur qazanacağına inanmaq sadəcə öz-özünü aldatmaqdır.

Prosneçkinin necə mütəxəssis olması əsas deyil. Çoxları onun futbolçu yığımında uğur qazana bilməyəcəyini düşünür. Guya, başqası qazana biləcəkdi?



Köşə yazıları