QAVROŞLAR NƏ BİLSİNLƏR Kİ... (YAZI)

QAVROŞLAR NƏ BİLSİNLƏR Kİ... (YAZI)

4286 Oxunma
Elçin Vələdoğlu

elcincabbarov@mail.ru

- Biz azərbaycanlıları sevindirmək asandır, yoxsa əsəbiləşdirmək?

- Heç biri!

- Biz azərbaycanlıları bir-birimizdən gümansız etmək asandır.

Fransa və Azərbaycanın idman KİV-də iş adamı, futbola baxışlarında biznesmendən daha çox mesenat kimi edən "BAGHLAN GROUP" şirkətlər qrupunun prezidenti Hafiz Məmmədova qarşı qaragüruhun məntiqindən təəssüfləndim, milli-etik inciklik “Axı nə üçün” etirazına çevrilib, qəddarlıqla qulad dağı verdi. Xeyirxah əməllərin əvəzində, ədalətsiz sözlər eşitməyə dəyərmi?!

Bu yazını bir neçə həftə öncə yazmaq istəyirdim, ancaq bilərəkdən ara verdim ki, Fransadan “məhəbbətlə” – Hafiz Məmmədova hücum mahiyyətli qısametrajlı fars sona yetsin, dost-düşmən ehtirası soyusun, sonra tet-a-tet, öz aramızda – azərbaycanlılarsayağı məhrəm söhbət edək. Bir prinsipial cümlə ilə giriş verib, azca uzaqdan başlamaq istərdim. Ancaq o cümlənin məntiqini unutmayın, xahiş edirəm. Beləliklə...

Ölkənin milli futbol komandası – Şərəf işidir, klub futbol komandası – Biznesdir.

Söhbətimizin leytmotivi məhz bu paradiqmanın içindən keçəcək. Həmçinin, nəzərə alın ki, dünyada müsbət saldo ilə fəaliyyət göstərən çox-çox az FK var. Azərbaycanda isə ümumiyyətlə, yoxdur və yaxın gələcəkdə də gözlənilmir.

Əgər belədirsə, onda nə üçün min bir əziyyət, əsəb və qənaətlə sərmayə toplamaq istedadına malik iş adamları (məsələn, elə Hafiz Məmmədovun özü) bu kapitalı futbola sərf edir, pullarını göyə sovururlar?

Deməli, onların məqsəd, arzu, istək və bir də bu dünyadakı missiyası hamıda olan kökdən bəhrələnmir, tamam ayrı mənəviyyatdan qida alır. Yəni yuxarıdakı paradiqmanın birinci tərəfi ikinciyə qalib gəlir, Şərəf deyilən əlahiddə qiymətli uca amal zati-aliləri Biznesin özünü də xidmətinə cəlb etməyi bacarır. Zeynalabdin Tağıyev və müasirləri olan azərbaycanlı milyonçuların “kapital və xeyriyyəçilik” kredosunu xatırlasanız, kifayət edər...

...Bugünkü “Bakı”nın keçmişini ("Polis Akademiyası", "Qartal-95", "Dinamo-Bakılı") unutmamısınız ki? Hər il əldən-ələ keçən, adını dəyişə-dəyişə uçuruma gedən primitiv bir klubu respublikanın iddialı klubları sırasına kim çıxardı? Kim "Böyük "Bakı"- 2012" layihəsini hazırlayıb həyata keçirdi? Aşağı yaş qrup komandalarını formalaşdırdı? Klubun baza və stadionunu inşa etdirdi? Əminəm ki, cavabını bilirsiniz.

Prezident İlham Əliyevin 10 oktyabr 2005-ci ildə imzalandığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" müasir Azərbaycan futbolunun həyatında yeni mərhələnin əsasını qoyub. Bu Proqramda komandaların tərkibində alt qrupların yaradılması və uşaq futboluna diqqətin artırılması əsas hədəflərdən biri kimi qəbul olunub. Bəs həmin Proqrama əməli cavab verən ilklərdən biri kim oldu? Əminəm ki, cavabını bilirsiniz.

Hazırda seçmə üsulu ilə "Bakı" futbol klubuna cəlb olunmuş 8-18 yaşlı uşaq və gənclər komandanın nəzdindəki kompleksdə yaşayır və məşq edirlər. Bu gün güclü milli, yaxud klub futbol komandası formalaşdırmaq, onu beynəlxalq miqyasda tanıtmaq üçün dünya təcrübəsindən faydalanmaq, aparıcı komandalarla əməkdaşlıq çox lazımdı. "Bakı" artıq bu işlərə də başlayıb. Dünyaca məşhur "Atletiko" (Madrid) klubu "Bakı" ilə əməkdaşlıq edir. Layihəyə əsasən, yüzlərlə gənc futbolçumuz Madriddə "Atletiko"nun futbol akademiyasında üç il təlim - tədris keçərək futbol gələcəyimizin xidmətində duracaqlar. Bəs bu işləri kim görüb? Əminəm ki, cavabını bilirsiniz.

Bu gün Azərbaycan millisinin az qala yarısını kim öz qanadı altına alıb, onların mənasız və futbolsuz keçən legioner həyatından xilas etdi? Əminəm ki, bunun da cavabını bilirsiniz, ancaq içindəki xıltı boğub etiraf edə biməyənlər üçün təkrar edirəm: Hafiz Məmmədov.

Hafiz Məmmədovun futbol mesenatlığının genişliyini və dərinliyini göstərmək üçün düşünülmüş şəkildə öz fikirlərimlə deyil, üzünü görmədiyim və heç tanımadığım insanların bu yazının qəhrəmanı haqqında, onun əməlləri qarşılığında dedikləri fikirlərdən sitatlar vasitəsilə mövqe göstərməyə çalışacam ( həm də ona görə sitatlara müraciət etdim ki, sənəd-sübut eşqi ilə yaşayanlar da məmnun olsunlar).

Əvvəlcə Hafiz Məmmədovun futbol haqqında düşüncələrinin direktivlərinə yığcam nəzər salaq ki, futbol metsenatının portret cizgiləri göz önünə gəlsin: “...Ümumiyyətlə, bu gün üçün futbol böyük siyasətin tərkib hissəsidir. Bu idman növünün inkişafı sayəsində Azərbaycanı dünyaya tanıda, təbliğ edə bilərik. Bu baxımdan "Bakı" klubu üzərinə düşən məsuliyyəti unutmur. "Land of Fire Azerbaijan" sözlərinin "Atletiko” (Madrid, İspaniya) və "Lans" (Fransa) kimi dünya şöhrətli klubların formalarının üzərində yazılması Azərbaycan adının dünyaya tanıdılmasına xidmət edir...

...Ən qürurverici hal ondan ibarətdir ki, Azərbaycanın bayrağı komandanın Feliks Bolların adını daşıyan 41 mindən çox azarkeş tutumu olan arenanın ən hündür hissəsində dalğalanır...

...Fransa kimi nəhəng bir dövlətdə dalğalanan bayrağımız ən güclü erməni lobbisinin yer aldığı bu ölkədə böyük qısqanclıqla qarşılanmaqdadır. "Lans"dakı (Lans Fransanın ən gənc şəhərlərindən biridir və Nor-Pa-De-Kale əyalətinin 4 milyon əhalisi, demək olar ki, “Lans” futbol klubu ilə nəfəs alır. – red.) yenilik bədnam qonşularımızı və onların diaspor təşkilatlarını o səbəbdən qıcıqlandırır ki, bundan sonra bu sahəyə əlləri girməyəcək, yad ünsür kimi kənara atılacaqlar...

..."Land of fire Azerbaijan" brendi sayəsində bundan sonra Fransada Azərbaycanın adı Ermənistandan çox çəkiləcək. Telekanalların hazırlayacağı verilişlər Azərbaycan həqiqətlərini, ermənilərin 20 faiz torpaqlarımızı işğal etməsi faktını üzə çıxaracaq...

...“Lans”da bizim görüşümüz oldu. İnanın 3-4 futbolçu özü dedi ki, “Bakı”ya gəlmək istəyirlər. “Bakı”ya ulduz futbolçunun gətirilməsi planda yoxdur. Çünki ulduz futbolçu gəlib burada kimlə oynayacaq?! Səviyyəli argentinalı oyunçu Fransada 400 minə oynamağa razıdır, amma bura bir milyona gəlmir. Çünki Fransada yaşayıb, orda oynayacaq. Mən “Lans”da futbolçuların qazancına baxıram, 200-300 min avro qazanırlar. “Bakı”dakı oyunçular onlardan çox qazanırlar...

...Bu yaxınlarda 14 yaşadək futbolçulardan ibarət komandamızın məşqçilərinə dedim ki, ... hamınız yetirmələrinizi göndərin Fransaya, İspaniyaya ... oxuyub gəlsinlər, burada çalışsınlar. Uşaqları burdan çıxarmaq lazımdır, onlar Avropa futboluna transformasiya olunmalıdırlar...

...Məni daha çox uşaq futbolu narahat edir. 5 nəfəri “Atletiko”ya göndərmişik. İndi daha 5 nəfəri də “Lans”ın düşərgəsinə yollayacağıq. Ancaq hər iki klub daha çox uşaq qəbul etməyə hazırdı. Bir şərtlə ki, perspektivli olsunlar. ... Qərar qəbul etdik ki, hər klub 1-2 nəfər uşaq versin. İnandırım sizi, həmin uşaqlar Avropa meydanlarında ölkəmizi təmsil edəcəklər və milli komandalarımızın üzvləri olacaqlar...

...“Canal+”dakı sujetin axırında belə bir cümlə var idi: “Hafiz Məmmədov komandanın formalarına atasının adını yazmayıb ki... ölkəsinin adını yazdırıb”. “Lans”a da, “Atletiko”ya da sərmayəni ölkəmə fayda vermək üçün qoyuram. Görəcəksiniz, faydasını verəcək də...”

“...Lazım gəlsə, Falkaonu da, İbrahimoviçi də alarıq...”

“Hafiz Məmmədov “Hotel de Paris”də Monako şahzadəsi II Albertlə görüşüb. “Bakı” futbol klubunun prezidenti “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib... II Albert Hafiz Məmmədovun “Lans”a göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb...“

Necə deyərlər, no comment!

Son hadisələrin süjeti axarında bir az ətraflı düşünəndə qəribə fikirlər yaranır. Gəlin birlikdə son bir neçə ilin keçmişinə ekskurs edək; belə məlum olur ki, Hafiz Məmmədovun Fransanın futbol biznesinə daxil olması, leqal fəaliyyətə başlaması o qədər də asan keçməyib. Azərbaycanda və xaricdə verdiyi müsahibələrdə Vətəninin furbollu sosial maraqlarını coşğunluqla müdafiyə etməsi dünya futboluna yeni bir vətənpərvər şəxsiyyətin gəldiyini deyir və bu, heç də hamının – özümüzünkülərdən də bəziləri daxil – xoşuna gəlmir. Onun Monakonun knyazı, həmçinin başqa siyasilərlə sıcaq münasibətlər qurması isə irəliyə hesablanmış geniş və münasib siyasi aura, lobbiçilik yaratmaq niyyəti kimi dəyərləndirənlər tapıldı və o həriflər elə başlanğıcında Hafiz Məmmədovun qarşısında sədlər çəkməklə bu işi bələkdə ikən boğmağa çalışdılar. İnformasiyalar zəmanəsində isə bu işi jurnalistlərdən yaxşı heç kim bura bilməzdi. Fransadan gələn xəbərə bir daha diqqət yetirək: “Hafiz Məmmədov Fransa futbol ictimaiyyətinin və azarkeşlərinin əsas mövzusudur. Fransanın “Lans” klubunu alan H.Məmmədov bu ölkənin “Canal+Sport” telekanalının əməkdaşlarını Bakıdakı malikanəsində qəbul edərək onları 16 min dollarlıq saatla ələ almaq cəhdindən sonra bu dəfə şəxsiyyətə pərəstiş kimi qarşılanan yeni əcaib reklam videosu çəkdirib.”

Avropa auditoriyası üçün hesablanmış və hədəfi az qala korrupsiyada suçlamaqla qalmaqal salmaq üçün hazırlanıb yayımlanmış informasiyanın hardan və nədən güc aldığının cizgilərini görməmək ən azı siyasi korluqdur. Həmçinin... həmin saat məsələsinə sonra yenə qayıdacağıq. Ancaq söhbətimizi davam etdirmək üçün kiçik bir yaddaşca...

Situasiya durulandan sonra belə məlum olur ki, Fransadakı ermeni diasporu bir azərbaycanlının orada futbol klubu almasına imkan vermək istəmirmiş. Bu niyyətlə də klubun prezidentinə, Fransa Futbol Federasiyasina təzyiq gostəriblər ki, sərmayənin mənşəyi bilinmədiyi üçün klubu azərbaycanlı iş adamına satmaq olmaz. Hafiz Məmmədov belə bir riyakarlığa əks amil kimi beynəlxalq reytinq agentliklərinin hesabatını təqdim edir və sərmayəsinin mənbəyinin şəffaf oldugunu sübuta yetirir. Digər tərəfdən, Lüksemburqdan bir bank da həmin “Lans”ı almaq istəyibmiş, lakin Hafiz Məmmədovun şərtləri daha uyğun, maliyyə durumu sabit və qanuni olduğundan, klub rəhbərliyi üstünlüyü həmyerlimizə verib.

Məkrli qüvvələrlə Olum, ya Ölüm döyüşündən qalib çıxandan sonra olunan etiraflar bu qələbənin çəkisini və məzmununu dərk etməyənlər üçün faydalı ola biləcəyindən yenə bir neçə sitat... buyurun, Fransa tərəfinin etiraflarına yenidən birlikdə şahidlik edək.

Klub prezidenti Jerve Martel: “Cənab Hafiz Məmmədova təşəkkürümü bildirmək istəyirəm. O, klubumuzun xilaskarıdır, çətin durumdakı “Lans”a dəstək verməklə 100-dən artıq yaşı olan klubumuza ikinci nəfəs verdi... Biz bunun məsuliyyətini dərk edirik. Komandamız Fransa 1-ci Liqasına vəsiqə uğrunda mübarizə aparır və mən sizə söz verirəm ki, biz bu çətin vəzifənin öhdəsindən gələcəyik... Vurğulamaq istəyirəm ki, Azərbaycan idmana böyük diqqət ayrılan lider ölkələrdən biridir. Təsadüfi deyil ki, bu maraq ölkə sərhədlərini aşaraq Fransaya qədər uzanıb. Biz “Azərbaycan Land of Fire” reklamı ilə çıxış etməkdən qürur duyuruq... Bu ölkənin Hafiz Məmmədov kimi fədakar insanları var. İnanıram ki, əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq. Azərbaycan futbolunun inkişafına öz töhfəmizi vermək istəyirik. Arzu edərdim ki, yaxın zamanlarda “Lans”da azərbaycanlı futbolçuların çıxışlarını izləyək. Bunun üçün bütün zəruri şəraiti yaratmağa hazırıq.”

Məhz belə bir qarşılıqlı iş birliyinin ləzzətini pozmaq üçün çox keçməmiş Bakıya fransalı jurnalist-desant çıxarıldı, beləliklə, yuxarıda qeyd etdiyim bədgümanlıq aşiqlərinə “pas” ötürüldü. Duydum, duymadın deməyin, ey dili-qafillər, fikrimizi davam etdiririk: “...Fransanın futbol ictimaiyyəti təəccüblənir: azərbaycanlı milyarderin şəxsiyyətinə pərəstiş formalaşdırmaqda məqsədi nədir? ...Hafiz Məmmədov Fransa futbol ictimaiyyətinin və azarkeşlərinin əsas mövzusudur. Fransanın “Lans” klubunu alan Hafiz Məmmədov bu ölkənin “Canal+Sport” telekanalının əməkdaşlarını Bakıdakı malikanəsində qəbul edərək onları 16 min dollarlıq saatla ələ almaq cəhdindən sonra bu dəfə şəxsiyyətə pərəstiş kimi qarşılanan yeni əcaib reklam videosu çəkdirib.”

“Hafiz Məmmədovu alqışlayırıq” adlı videoçarx “Lans” klubunun azarkeşləri arasında da heyrətlə qarşılanıb. Videoçarxda onun Parisdə qarşılanması, Luvr muzeyini gəzməsi, “Lans” klubunun məşq meydançasına və soyunub-geyinmə otağında futbolçularla söhbəti musiqi sədaları altında təqdim olunur.”

Telekanalın qeyd etdiyi və bəzi yerli sosial səbəkələrin də onlara istinadən tirajladığı şərhlərdən əlavə bir misal: “Bu kadrlar təvazökarlıqdan çox uzaqdır. H.Məmmədovu kadrlarda “Lans” klubunun prezidenti Daniel Perçeron müşayiət edir. H.Məmmədov kadrlarda daim gülümsəyən tərzdə yer alır, soyunub-geyinmə otağında əlini futbolçuların çiyninə qoyub onları “yaxşıların yaxşısı” adlandırır. Bildirir ki, bu saat 9 milyonluq Azərbaycan xalqı “Lans” klubunu dəstəkləyir.”

Xanımlar və cənablar, burada “əcaib və təəccüblü” nəsnə varmı? Həə, anladım, Hafiz Məmmədov muzeyə getməkdə səhv edib, XIV Lüdovikdən qalma antikvar, macəralar çarpayısını satın alıb, Sena sahillərində 1001 gecə nağıllarını yaşamaqla diqqəti cəlb etməli imiş. Həm də onu klub rəsmiləri deyil, başqa bir kimsə (misalçün, bir gözəlçə?!) müşayiət etməli imiş. Kadrarxası da müsiqi deyil, başqa bir gözəlçənin xumarlı qəhqəhələri müşayiət etməli imiş. Yazıqlar olsun sizə, müsyö.

Biz nikbin insanlarıq, əminik ki, Fransada kimsə, nə vaxtsa Azərbaycan və azərbaycanlılar barədə ağzını büzüb, cəfəng danışanda heç olmasa bir nəfər fransalı tapılacaq ki, vicdanı susmayacaq və deyəcək: “Müsyö, madam, madmuazel, Tanrı eşqinə, yalan danışmayın, düz danışın”. Bax, onda biləcəksiniz ki, Hafiz Məmmədov və onun kimi iş adamlarımızın əməyi, pulu hədər getməyib.

Uzaq Fransadan Azərbaycana əyalət kimi baxanların baltasına sap olmaq yetər. Yalançı və müvəqqəti Fransa ətirinə bürülərək içimizə atılan hər xəbərə xüsusi eşqlə yanaşıb, onun əsiri olmaqdan çəkinməyin vaxtı çoxdan çatıb.

Həə, tamam unutmuşdum... Bahalı saat məsələsini deyirəm.

Qavroş əsilli həmin iki həpənd gərək polis Javerin azərbaycanlı məslək dostlarına tapşırılardı, onda dədələrimizə də rəhmət oxuyardılar... Öz aramızdı, axı onlar hardan bilsinlər ki, Azərbaycanda evə qonaq dəvət etmək ən ali insani hörmətdir. Belə münasibətdən sonra əgər “qonaq” cibində gizli kamera ilə evimizin kandarından içəri qədəm basırsa, deməli, duz-çörək qədri bilən deyil, gədədir.

Gədələrlə dostluq etməyin, insanlar, onları qonaq etməyə dəyməz!

Əslində, Hafiz Məmmədov həmin jurnalistlərə layiq olduqları üçün deyil, öz adına layiq qonaqpərvərliyi göstərib. Onlar bunu başa düşmürlərsə, gördükləri hörməti qiymətləndirməyə mərifətləri çatmırsa, onun nə günahı?!

Nə isə... Azərbaycan futbol dünyası, bayram ərəfəsindəyik, 31 Dekabr məsləki daim sizə yar olsun. Gəlin bir-birimizin qədrini bilək və ciddi məqamlarda həmrəy olaq!

P.S. Qavroşlar nə bilsinlər ki, azərbaycanlılar millət adına və öz adlarına layiq qonaq qarşılayar, yola salanda isə hədiyyə verərlər... Bəs bizim özümüzə nə olub..?



Köşə yazıları