Boş-boş şeylər…

Boş-boş şeylər…

4617 Oxunma
Rəsul Şükürsoy

rshukursoy@hotmail.com

- Deyir, futbol azarkeşiyəm, vurulmuşam bu oyuna, rahat qalammıram, ölkə futbolunun vəziyyəti məni narahat eləyir, bunun axırı heç yaxşı görünmür, biabırçılıqdı, belə də davam edəcək, deyilmi?
- Ə, boş-boş şeylərdi, fikir verməynən..
- Eləmi qaqa, eləmi?!

- Ermənistan qrupda sökür-dağıdır, biz də hansısa Şimali İrlandiya qələbəsinə, teatral Rusiya heç-heçəsinə sevinirik. Deyir, Berti Foqtsu saxlamaq istəyirlər. Qurban Qurbanovda “qazanda aşım, ağrımır başım” formasında danışır. İndi yığmanın baş məşqçisi yenə də Berti Foqtsmu olacaq, yoxsa Böyükağa Hacıyevi gətirib yığmanı Sadıq Sadıqovun ixtiyarına verəcəklər, qaqa?
- Ə boş-boş şeylərdi, fikir verməynən...
- Eləmi qaqa, eləmi?!

- Dünya mənə dar gəlir, Tahir Süleymanov mətbuata açıqlama verib böyük-böyük danışanda. İndi də “Neftçi”də Süleymanovu cütlədilər. Nazim Süleymanov ciddi imici olan məşqçi idi. Görəsən yenə də o biri Süleymanov söz sahibi olacaq? Təzə Süleymanovu da digərləri kimi şil-küt eləməyəcəklər ki? Onun üçün “Neftçi” karyerasınln səhvi olmayacaq, deyilmi?
- Ə, boş-boş şeylərdi, fikir verməynən...
- Eləmi qaqa, eləmi?!
- Ye qaqa, ye, 500 dollar reklam, Tahir müəllim özü göndərib.
- Allah canını sağ eləsin, əslində, pis vitse-prezident deyil, eləmi?
- Elə qaqa, elə.

“Xəzər Lənkəranın” halından dəli olub çöllərə düşmüşəm. Con Toşak da illərdi dağ mənim, dərə sənin, gəzir, filan qədər klub çalışdıb. Nəticə verə bilmir, deyəsən heç verə bilməyəcək də. Görəsən, klubun İstanbuldakı əsas sahibi yenə də çıxış yolunu baş məşqçi ilə üzülüşməkdə tapacaq? Yoxsa Mais Mənsimovun biabırçı klub idarəçiliyinə son qoyulacaq? Tuyqun Nadirovla futbol komandası əmələ gətirməyin mümkün olmadığı qərarı Lənkəran futbolunu idarə edilən ofisdə nəhayət veriləcəkmi, qaqa?
- Ə, boş-boş şeylərdi, fikir verməynən...
- Eləmi qaqa?
- Ye qaqa, ala reklampulu, ye.
- “Xəzər Lənkəran” yaxşı klubdu, problem də yoxdu” yazım, eləmi?
- Elə qaqa, elə...

Hafiz Məmmədov da Azərbaycan futbolunda “doqquzu dörd elədi” keçdi Avropanın canına. Burdan göndərilən uşaqlardan görəsən, həqiqət futbolçu olacaqmı? Yoxsa, elə ulu öndərin əsgərləri kimi də şəhid olub gedəcəklər? Bir də, “Lans”a, “Atletiko”ya xərclənən pullarla nə qədər uşağı “Ayaks”, “Ayntraxt”ın və s. ciddi futbol akademiyalarının ödənişli qruplarına göndərmək olardı, bilirsənmi, qaqa?
- Ə, boş-boş şeylərdi, fikir verməynən...
- Eləmi, qaqa?
- Ye qaqa, “Delfin” otelin ikinci mərtəbəsində Zeynal müəllim səni gözləyir, tələs.
- Deyirlər, Hafiz müəllim əliaçıq adamdı, eləmi?
- Elə qaqa, elə.

“Qarabağ” Avrokuboklarda bizi sevindirir, indi çempionatda da pis getmir. İntəhası, axırda həmişə “Neftçi” çempion olur. Elə bil Ağdam klubunda da əvvəlcədən axırda belə olacağını bilirlər. Səsləri-səmirləri çıxmır. Deyəsən, bu mövsüm də komandanın qarşısında Avrokuboklara vəsiqədən o tərəfə keçən məqsəd qoyulmayıb, qaqa, deyilmi?
- Ə, boş-boş şeylərdi, fikir verməynən...
- Eləmi qaqa, eləmi?
- Ye qaqa, ye... Zəng elə Nurlana, get “Ruslan 93”-də söhbəti həll eləsin.
- Yo qaqa, o 200 dollardan artıq vermir, yemirəm.

Bəxtim olsaydı, qız olardım, bəs görəsən bu Vaqif Sadıqovun bəxti nə vaxt gətirəcək? Bu gün də Allahın “Sumqayıt”ı ilə bacarmadılar. Sadıqov 15 ildi harda işləyir, gələcəyin komandasını qurur. Gələcək, bəs nə vaxt gələcək, qaqa?
- Ə, boş-boş şeylərdi, fikir verməynən...
- Eləmi qaqa?
- Ye, qaqa...
- Ə, məzələnmə, yemirəm, AZAL reklam vermir.



Köşə yazıları