Futbol

SORĞU: Media əhli “Neftçi”dəki dəyişiklik haqda nə düşünür?

16.02.2018 , 11:03

Bu gün ölkə futbolunda iki istefa xəbəri yayıldı. Orxan Hüseynzadə “Neftçi”nin, Kamran Quliyev isə “Sumqayıt”ın prezidenti postundan “şəxsi istəkləri” ilə ayrıldılar. Çox keçmədi Kamran Quliyevin “Neftçi”nin prezidenti postuna təyin edildiyi açıqlandı.

Quliyevin təyinatı ilə uzun müddətdi ölkənin ortabablarından olan “Sumqayıt”ın prezidenti postunu tutan futbol funksionerinin “ağ-qaralar”da hansı nəticələrə imza atacağı müzakirə mövzusuna çevrildi.

Komanda.az idman mediasının üzvlərinə “Sizcə, Kamran Quliyev “Neftçi”də uğurlu olacaq” sualı ilə müraciət etdi:

Kənan Məstəliyev (rekord.az)

“Bu istefaların eyni anda açıqlanması heç cür təsadüf ola bilməzdi. Hər iki klubun prezidentinin bu postlara gəliş forması, yəni təyin edilmə prosesi, mənbəyi məlum idi. Kamran Quliyevin hələ ötən il bu posta gəlməsi məsələsi müzakirə olunmuş, hətta AFFA-nın baş katibi Elxan Məmmədovla aralarında bu barədə müzakirələr aparılmışdı. Ancaq o vaxt alınmadı və Orxan Hüseynzadə gətirildi. Məmmədovun “kapitanlar”ı arasında ən çox bəyəndiyim adam məhz Kamran Quliyevdi. Çünki adamın futbola həqiqi sevgisi var və son illərdə müəyyən futbol adamlığı təcrübəsi də toplayıb. “Sumqayıt”ın çox kiçik büdcə ilə nələr edə bildiyini, hansı səviyyəyə qalxdığını bu mövsüm açıq-aşkar görə bilirik. Məncə, Quliyevin gəlişi “Neftçi”yə xeyir verə bilər”.

Araz Əhmədov (sportfm.az)

“Orxan Hüseynzadə özünü klub prezidenti kimi doğrultmadı “Neftçi”də, bir çox proseslərdən kənarda qaldı. Kamran Quliyev isə əksinə, “Sumqayıt”da gördüyü işlə gözə bata bildi. Onu “Neftçi”yə qurtarıcı kimi təyin ediblər. O ki qaldı Kamran Quliyevin “Neftçi”də uğur qazanmasına, onu zaman göstərəcək”.

Saleh Arslan (korner.az)

“Kamran Quliyev “Sumqayıt”da ona yaradılan şərait müqabilində müəyyən işlər görə bilib. Düzünü deyim, məncə, idarəçi kimi Orxan Hüseynzadədən daha uğurludu. Ancaq “Neftçi” və “Sumqayıt” bir-birindən müqayisə olunmayacaq dərəcədə fərqli klublardı. Bu klubların idarəçilik forması fərqlidi. Ona görə, Kamran Quliyevin “Neftçi”də uğur qazanıb-qazanmayacağını zaman göstərəcək. Lakin “Neftçi”də zehniyyət dəyişməyəcəksə, yenə kommunist partiyası idarəçilik sistemi ilə idarə olunacaqsa, Kamran Quliyev yox, kim gəlirsə gəlsin, heç nə dəyişməyəcək. İlk növbədə zehniyyət dəyişməlidi. Baxaq görək, Kamran Quliyev bu zehniyyəti dəyişə biləcək, ya yox. Bunu isə zaman göstərəcək. İndidən nə isə fikir bildirmək çox çətindi”.

Vüsal Mahmudov (futbolinfo.az)

“Kamran Quliyevin 10 illik “Sumqayıt” karyerasına baxsaq, onun “Neftçi”də uğur qazanması şübhəlidi. Lakin bir az da gözləyək. İlk addımlarından biləcəyik. İslahata nədən başlamasını bildikdən sonra proqnoz vermək daha asan olacaq”.

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Son yazılar

Yuxarı