Ölkə futbolu

Samir Abasov açıqladı: “Zirə” afrikalı futbolçuları transfer edir

11.01.2019 , 12:30

“Uşaqlar yaxşı təsir bağışlayır. Futbolçulara proqram vermişdik. Bunu fasiləyə yollanandan sonra onların mobil telefonuna da göndərmişdik. Görünən odur ki, bir-iki nəfəri çıxmaq şərtilə qalanları hazır gəlib. Çatışmazlıq hiss olunanlarda isə bu, onların müəyyən zədəsinin olması ilə bağlıdır. Hər şey yaxşıdır, ürəkaçandır. Legionerlər də artıq bizə qoşulublar. Əcnəbilərə bir qədər artıq istirahət vermişdik. Bu da təbiidir. Başqa ölkələrdən gəlirlər, aylarla burda olurlar. Onlara bir qədər fürsət verdik ki, ailələri ilə vaxt keçirsinlər. Bir sözlə, hər şey normaldır. Bu gün iki məşqimiz var. Bununla da Bakıdakı hazırlıq prosesini başa vurub, Antalyaya yollanırıq”.

Korner.az futbol11.az-a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov çempionatın ikinci hissəsinin hazırlıqlarının birinci mərhələsini dəyərləndirərkən deyib.

Son günlər “Zirə”də ab-havanın elə də yaxşı olmadığı haqda informasiyalar dolaşır. Abasov həmin məsələ ilə bağlı bunları söyləyib: “Ab-havanı müəyyənləşdirmək üçün ən azı komandanın içində, futbolçulara yaxın olmalısan. Açığı, komandadakı ab-havanı düzəltmək üçün vaxta ehtiyac var. Hər bir xasiyyətə uyğunlaşmaq lazımdır, yaxud da belə bir şey olarsa, hər kəs bir-biri ilə dil tapmalıdır. İnanın, doğrudan hər şey əladır. Ab-havadan şikayət etmirik. İstəyimiz məşqlərdi, bu da super keçir”.

Gənc çalışdırıcı heyətə bir neçə futbolçu dəvət edəcəklərini, artıq biri ilə danışıqların yekunlaşmaq üzrə olduğunu bildirib: “Türkiyəyə iki nəfər gələcək. Biri baxışa, digəri isə birbaşa müqaviləyə. Başqa bir-iki nəfərin də olacağına ümid edirik. Bu da tapıb-tapmamağımızdan asılıdır. Gələn oyunçuları götürüb-götürməməyimiz isə onların bizi nə dərəcədə qane edəcəyinə bağlıdır. Rəhbərlik və transfer imkanı baxımından hansısa problem yoxdur. Sadəcə, oyunçunu bəyənməliyik. Gələcəyi dəqiqləşən hər iki futbolçu hücumameyillidir. İkisi də afrikalıdır, dediyim kimi, biri baxışa gəlir, özü bunu istəyib, biz də “hə” demişik. Ondan başqa bir neçə futbolçunun baxışa gələcəyi istisna deyil. Agentlər tərəfindən bizə təklif olunur, bizim də itiriləsi bir şeyimiz yoxdur. Gəlsinlər, baxacağıq. Bir nəfərlə isə anlaşma yönündə proses gedir, ancaq hələ ki, müqavilə bağladığımızı deyə bilmərəm. Danışıqlar həll olmaq üzrədir. Onun tərəfindən problem çıxmasa, münasibətlər rəsmiləşəcək. Problem də Azərbaycana gəlmək ola bilər, yaxud da agenti beyninə nəsə sala bilər. Bunlar olmasa, biz razılıq vermişik ki, götürəcəyik”.

Abasov Bakıda yoldaşlıq görüşü keçirməmələrinin də səbəbini izah edib: “Burda yoxlama görüşü keçirməməyimizin səbəbi var. Az öncə qeyd etdiyim kimi, legionerlərə əlavə istirahət imkanı vermişdik. Onlardan ən sonuncusu yanvarın 9-da düşərgəyə gəlib. Ona görə də qalan iki günə yoxlama oyunu salmağa ehtiyac görmədik. Səbəb budur. Bizə bu məşqlər də yetərlidir. Sevindirici haldır ki, komanda kimi komplektləşmişik, istəkli şəkildə məşq edirik. Əfsuslar olsun ki, İlkin Muradov məşqdə zərbə vurarkən ayağında ağrı hiss etdi. Bu gün həkimlər onun durumu ilə bağlı bizə məlumat verəcəklər. Ancaq o da bizimlə Antalyaya gedəcək. Orda 4 yoxlama oyunu keçirəcəyimizi bilirsiniz. Bir sözlə, hər şey ürəkaçandır”.

Son yazılar

Yuxarı