Avrokuboklar

Rəşad Sadıqov: “100-cü oyun hayında deyiləm”

30.11.2018 , 10:00

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda evdə “Sportinq”ə 1:6 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib.

Avrokuboklarda 100-cü oyununa çıxan təcrübəli müdafiəçi sualları cavablandırıb.

– Avrokuboklarda 100-cü oyununu keçirdin və bu qarşılaşma ağır məğlubiyyətlə yekunlaşdı. Hisslərinizi bölüşərdiniz.

– Çox danışacaq bir şey yoxdu. Hesab hər şeyi deyir.

– Lissabonda bu rəqibə 0-2 hesabı ilə uduzsaz da, bu dəfə daha fərqli oldu. Nə baş verdi?

– Bu gün tam fərqli “Sportinq” oynayırdı. Bilmirəm, bu, baş məşqçi dəyişikliyinə görədi, yoxsa yox, amma rəqib tam fərqli cür oynadı. Kubok oyununda onları təhlil etmişdik, çox aqressiv çıxış edirdilər. Səviyyə fərqi çox böyükdü, meydanda açıq-aşkar görünürdü. Desək ki, bizim futbolçularda istək yox idi, mübarizə aparmırdılar, adamın dili gəlməz belə şeyi söyləməyə.  Ustalıq səviyyəsi adi epizodlarda özünü göstərdi.

– Yığma komandamızın Millətlər Liqasındakı uğursuz çıxışları sizə təsir edib?

– İnanmıram. O oyunlarının buna aidiyyatı yoxdu. Toparlanıb ilin sonuna kimi 5 oyuna çıxmalı, daha sonra II dövrəyə və növbəti avrokubok mövsümündə hazırlaşmalıyıq. Nə qismət olsa, ona hazırlaşmalıyıq. Ruhdan düşmək və “sınmaq” vaxtı deyil. Bizə yaraşmayan formada acınacaqlı şəkildı yenilgi yaşadıq. Belə məğlubiyyət ağlımıza gəlməzdi. Bu, ən böyükhesablı ev məğlubiyyətimiz oldu. 70-ci dəqiqəyə kimi qapıya gələn dörd zərbənin hamısı qol oldu. Ümumiyyətlə, bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur. Ötən mövsüm xal aldığımız oyunlarda bəzən rəqib istifadə edə bilmirdi, bizə də motivasiya gəlirdi və hərdən istifadə ediridik. Ancaq bu il tam fərqli ssenari gedir. Sanki Çempionlar Liqasında oynayırıq. Düzdü, ötən il də 6 qolla uduzmuşduq. Amma belə ağır oyunlarımız olmamışdı. “Arsenal”dan evdə üstün çıxış etmişdi, “Sportinq”lə də səfərdə pis oynamamışdıq. Komanda şəklində ruhdan düşmək olmaz. Qışda özümüzə gəlmək üçün vaxt olacaq. Ağır period keçiririk.

– İbrahim Şehiç üçün darıxırsınız?

– Şehiç söhbəti deyil. Çatışmayan şeylərimiz var, hamı bunu anlayır. Birdən-birə hər bəzi şeylər düzəlmir. Bunun üçün vaxt lazımdı.

– “Qarabağ”ın bu mövsümkü zəif çıxışını nə ilə əlaqələndirə bilərsiniz?

– Çox şeylə əlaqələndirmək olar. Bu gün səbəb gətirmək zamanı deyil. Özü də belə məğlubiyyətdən sonra. Çatışmayan cəhətlər var. İnşallah, zamanla bunlar həll olar. Qış və ya yay transfer dönəmlərində komandamız düzələcək.

– Avrokuboklarda 100-cü oyununuzu keçirdiniz. Sizə hansısa yerli futbolçu çata bilərmi?

– Bu dəqiqə 100-cü oyun hayında deyiləm.

Son yazılar

Yuxarı