Futbol

“Qarabağ”la oyunda uğurlu seriyamızı davam etdirməliyik”

07.11.2018 , 13:42

Topaz Premyer Liqasının X turunun iki gün öncə keçirilən “Sabah”la oyunu (2:1) “Qəbələ”də əlamətdar hadisə ilə yadda qalıb.

Qəbələ şəhər stadionundakı görüşə kapitan sarğısı ilə çıxan Ürfan Abbasov “qırmızı-qara” formada 200-cü oyununu keçirib. Bu göstəricidə rekordçu olan müdafiəçi yubileyi barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:

“Qəbələ” mənim doğma klubumdur. Burada 200-cü oyunumu keçirməyim sevindiricidir. Belə qarşılaşmada qələbə qazanmağımız da yubileyə əlavə sevinc qatdı. Bu müddətdə xeyli yaddaqalan oyunlarımız olub. UEFA Avropa Liqasında keçirdiyim matçlar hafizəmdə xüsusi yer tutur. Daxili yarışlarda da belə qarşılaşmalar az olmayıb. 2012-ci ildə “Xəzər Lənkəran”la oyundakı debütüm də mənim üçün unudulmazdır. İkinci hissənin ortalarında meydana daxil olmuşdum. Bundan sonra da komandamın uğurları üçün çalışacağam. “Qəbələ”nin heyətində ən azı daha 200 oyun keçirmək arzusundayam”.

“Qırmızı-qaralar”ın vitse-kapitanı komandanın mövsümdəki çıxışına da toxunub: “Mövsümə qələbə ilə başladıq. Lakin sonradan uğursuzluq zolağına düşdük. Bizə bir qələbə lazım idi ki, buna son qoyaq. Artıq həmin dövrü arxada qoymuşuq. Qələbələr qazanmışıq. İnanıram ki, bunun ardı da gələcək. Ön sıralarda qərarlaşan komandalarla xal fərqimiz çox böyük deyil. Uğurlu çıxış edib, layiq olduğumuz mövqeyə yüksələcəyik”.

Növbəti turda “Qəbələ” son 5 mövsümün çempionu “Qarabağ”la qarşılaşacaq. Abbasov bu matçda da qələbəyə iddialı olduqlarını bildirib: “Qarabağ”la oyunlarımız həmişə maraqlı və çətin alınıb. Bu dəfəki görüş də istisna olmayacaq. Artıq matçın hazırlığına start vermişik. Bütün qarşılaşmalar kimi bu oyuna da ciddi hazırlaşırıq. Doğma divarlar arasında oynamağımız bizim üçün əlavə stimuldur. Meydana qələbə üçün çıxacağıq. Çalışacağıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək. Cari mövsüm öz meydanımızda məğlub olmamışıq. Bu seriyanın davamı üçün əlimizdən gələni edəcəyik”.

Facebook Şərhləri

Son yazılar

Yuxarı