Layihə

LAYİHƏ: Rikardinyonun Azərbaycana kəsdiyi ikinci cəza!

06.03.2018 , 07:50

Korner.az və Sportfm.az saytlarının “Futzal: yığmamızın Avropa çempionatındakı çıxışı” layihəsi çərçivəsində beşinci yazısı

Sloveniyada keçirilən futzal üzrə Avropa Çempionatında qrup mərhələsinin son matçında İspaniyaya qarşı sözün əsl mənasında qorxaq oyun sərgiləyən yığmamızın üzvləri növbəti qarşılaşmada nələrin baş verəcəyindən xəbərsiz idi. Yəqin ki, öz taktikası ilə açıq-aşkar ispanlardan çəkindiyini göstərən baş məşqçimiz Joze Alesio Da Silva da ¼ final mərhələsində alacağı ağır zərbənin dozasını bilsəydi, qrup birinciliyi üçün var gücü ilə çalışardı. Amma artıq gec idi. Necə deyərlər, qatar getmişdi. Püşk bizə heyətində futzal sehrbazı Rikardinyo olan Potuqaliyanı rəqib seçmişdi. O Portuqaliyanı ki, hər zaman gözəl oyunu ilə göz oxşasa da, ara-sıra uğurlara imza atsa da, stabil çıxış etmirdi. Pireney yarımadasının təmsilçiləri ilə görüşdə bizim əsas ümid yerimiz Alesionun hiyləgər taktiki gedişləri olmalı idi. Ancaq oldumu?

Ukraynalılardan götürülməyən ibrət

Avropa Çempionatında C qrupunda yer alan Portuqaliya yığmasının rəqibləri Rumıniya və Ukrayna idi. “Arena Stojiçe”də ilk matçını rumınlara qarşı keçirən “avropanın braziliyalıları” Balkan yarımadasının təmsilçilərinin çətinlik çəkmədən 4-1 hesabı hesabı ilə məğlub etdilər. Portuqalların baş məşqçisi Jorje Braz bu görüşdə komandanın lideri olan Rikardinyoya dincəlmək imkanı verdi. Belə ki, bəstəboy ulduz yalnız meydanda vəziyyət çətinləşəndə parket üzərinə çıxırdı. Öz təcrübəsi və ustalığı ilə yığma üzvlərinə inam aşılayan Rikardinyo rumınların qapısına yol da tapa bildi. Tribunalara toplaşan azarkeşlər 36-cı dəqiqədə onun ifasında şedevr qol izlədi. İspaniyanın “İnter Movistar” klubunun 32 yaşlı ulduzu autdan oyuna daxil edilən topu ram edərək, iki nəfəri aldadıcı fəndlə keçərək, dabanı ilə estetik qola imza atdı. 31 yanvarda baş tutan ilk qarşılaşmadan sonra portuqallar bir də fevralın 4-də meydana çıxdı. Bu dəfə rəqib son illər fuztalda ciddi irəliləyişə nail olan Ukrayna yığması idi. İlk hissədə “sarı-göyləri” iki dəfə meydanın mərkəzinə dəvət edən “Rikardinyonun drujinası” ikinci hissədə çətin anlar yaşadı. Belə ki, Kolumbiyada keçirilən Dünya Çempionatında yığmamızın yolunu kəsən portuqaliyalılar 28 və 32-ci dəqiqədə qapılarında qol görərək, hesabın bərabərləşməsinə mane ola bilmədi. Lakin rəqibinə nisbətən cəmi bir gün dincəlmək imkanı yaxalayan ukraynalılar hesabdakı tarazlığı qoruya bilməyərək, sonda 5-3 hesabı ilə məğlub oldu. Beləliklə, Portuqaliya qrup qalibi kimi sonrakı mərhələyə vəsiqə əldə etdi. Ukrayna yığması ilə oyunda Jorje Brazın yetirmələri sürətli oyunla yanaşı, maraqlı kombinasiyalar yaratmaqla yadda qaldı. Heyətdə yer alan futzalçıların fərdi ustalığı sayəsində cərimə və künc zərbələri də ustalıqla yerinə yetirilirdi. Rəqibin yeganə zəif nöqtəsi isə qapıçıları idi. Portuqaliyanın çərçivə qoruyucuları qrup matçlarında inamlı təsir bağışlamadı. 

“Arena Stojiçe”də “soyuq duş” 

Əslində, Portuqaliya bizə yad rəqib deyildi. 2016-cı ildə Kolumbiyada keçirilən futzal üzrə DÇ-nin məhz ¼ final mərhələsində yenə bu yığma ilə üz-üzə gəlmişik. O zaman 1/8 finalda əsas vaxtı 7-7 hesabı ilə bitən matçda penaltilərlə Tailandı 13-8 hesabı ilə məğlub edən millimizin sükanı arxasında ispaniyalı Tino Peres dayanırdı. Bizdən fərqli olaraq, 1/8 finalda Kosta-Rikaya asanlıqla 4-0 qalib gələn portuqaliyalılar yığmamızla görüşdən öncə futzalçılarımızdan çəkindiklərini verdikləri müsahibələrdə açıq-aşkar büruzə verirdilər. 25 sentyabr 2016-cı ildə Kalidə yerləşən “Kolizeo El Pueblo”da 3-2-lik Portuqaliya qalibiyyəti qeydə alındı.

7-ci dəqiqədə rəqibin heyətində Jo hesabı açsa da, 5 dəqiqə sonra Tyaqo hesaba tarazlıq gətirdi. 17-ci dəqiqədə Matuşun qoluna sevinən portuqaliyalılar 10 dəqiqə sonra dabanı ilə estetik qol vuran Rikardinyo millimizi yenidən meydanın mərkəzinə dəvət etdi. Bu oyunda vurulan sonuncu qolu 34-cü dəqiqədə Edu öz aktivinə yazdırdı. Bununla da portuqallarla ilk dueldən məğlub ayrıldıq. 6 fevralda Azərbaycan və Portuqaliya arasında baş tutan Avropa Çempionatının ¼ final görüşü “Arena Stojiçe”yə xeyli sayda azarkeş toplamışdı. İspaniya ilə matçda yüngül zədəsi olan oyunçulara dincəlmək şansı verən yığmamızın baş məşqçisi Joze Alesio Da Silva start heyətində – Rövşən Hüseynli(qapıçı), Tyaqo, Fineo, Edu və Qalloya yer vermişdi. Braziliyalının oppanenti isə qapıçı Andre Souza ilə yanaşı, Pedru Kari, Bruno Koelyo, Joau Matuş və Rikardinyoya güvənmişdi. Çexiyalı Ondjey Çernının start fiti ilə irəli atılan yığmamızın üzvləri rəqibi şoka salaraq, 54-cü saniyədə hesabı açdı. Künc zərbəsindən Edunun ötürdüyü topa Qallonun zərbəsi Souzanın səhvi ilə müşaiyət olundu və yığmamız 1-0 önə keçdi. Ancaq təəssüflər olsun ki, ilk dəqiqədə fərqləndikdən sonra portuqaliyalıları 1-ci zonada çaş-baş salan pressinqimiz Rikardinyonun ötürməsindən sonra Pedru Karinin 2-ci dəqiqədə vurduğu cavab qoluna qədər davam etdi. Qol vurulan anda Rövşən Hüseynli ilk zərbədə topa müdaxilə etsə də, təkrar zərbə zamanı sanki hamı Karinin qol vurmasını seyr etmək üçün parket üzərinə çıxmışdı. Artıq hesab bərabərləşmişdi. Millimizin üzvlərinin kombinasiya qurmaq istəyi alınmırdı. Fineonun formada olmamasına baxmayaraq, təkidlə meydana sürülməsi, Tyaqonun zədədən sonra hələ də tam güclə mübarizə aparmaması dəqiqələr ötdükcə aşkarca hiss edilirdi.

Yalnız Edunun əzmkarlığı hesabına qarşılaşmanın 5-ci dəqiqəsinə qədər dözə bildik. Bu dəfə də Pedru Kari künc zərbəsindən ötürülən “mərmi” ilə qapımızı sərrast nişan alaraq, komandasını hesabda önə keçirdi. Həmin epizodda yığmamızın qolunu vuran Qallo rəqibi ani olaraq gözdən buraxdı. Dəqiqələr 09:40-ı göstərərkən Vassuranın qapı qarşısında rəqibin pressinqindən qurtulmaq üçün verdiyi yalnış ötürməni Xətai Bağırovun diqqətindən yayınan Pani Varela ələ keçirdi. Onun sol küncdən Vassuradan sıyrılaraq vurduğu qüvvətli zərbə qapı torumuza daxil oldu. Qoldan sonra Hüseynli haqlı olaraq, əsəbi şəkildə səhv edən yığmamızın braziliyalısının üzərinə şığıdı. Axı, həmin epizodda “Araz”ın sabiq üzvü ayağını rəqibin qarşısına daha sərt qoysaydı, Varela zərbə endirə bilməyəcəkdi, açıq-aşkar göründü ki, braziliyalı zədə almaqdan çəkindi. Bu qoldan cəmi 51 saniyə sonra isə meydana Rikardinyo çıxdı. 1.64-lük ulduz yolüstü Fineo, Qallo və Vassuranı oyundan düşürərək sehrli sol ayağı ilə Rövşəni məğlub etdi. Artıq hesabın böyüdüyünü görən Alesio Rövşəni meydandan çıxararaq, “beşliyə” keçdi. Bu gediş isə əks effekt verdi. Birinci hissənin sonlarına yaxın hücum etməyə aludə olan futzalçılarımız qapıçımızın olmadığını sanki unutmuşdu. Qapıçı formasını daşıyan Edu isə geriyə qayıdana qədər Rikardinyo Andre Souzanın hava ötürməsini özündən bir xeyli uzun olan Fineo ilə mübarizədən qalib ayrılaraq qapıya göndərdi 5-1. Əsəbi və gərgin keçən, yersiz səhvlərlə dolu ilk hissə bu hesabla yekunlaşdı.

Azərbaycanı dünyaya biabır edən ikinci hissə

Hesabda geri düşdüyümüzü görən Alesio ikinci hissəyə daha fərqli taktika ilə başladı. Rəqibi topsuz qoyaraq, onların meydanın müxtəlif yerlərində zonaları boşaltmasını və bundan istifadə edərək, qol vurmağı hədəfləyən futzalçılarımız işinin öhdəsindən gələ bilmədi. Brunu Koelyo 24-cü dəqiqədə “qol vurmağa o qədər həvəsli olmasa da”,  Vitali Borisov və Rövşən Hüseynli onda hesabı böyütməyə həvəs yaratdı. Künc zərbəsi zamanı ötürülən topu qapı qarşısında ilk cəhddən qəbul edə bilməyən Bruno, ikinci cəhddən topu tora qovuşdurdu. 1 dəqiqə sonra “beşli” oynayan millimizin üzvlərindən Fineo rəqip qapısını yoxlamaq əvəzinə topu ayaqlarının arasında dolaşdıraraq onu Rikardinyoya qapdırdı. Cəldliklə komanda yoldaşını tapan və arxasınca düşən Edudan qurtulan ulduz oyunçu boş qapımız qarşısında aldığı ideal ötürməni sürüşərək qola çevirdi. Portuqaliyanın kapitanı bu qolla oyunda het-trikini rəsmiləşdirdi. Bu qoldan sonra dünya futzalında nadir rast gəlinə biləcək hadisə yaşandı. Matçın 27-ci dəqiqəsində Rikardinyo Ramiz Çovdarovla girdiyi ikili mücadilədə yerdə qaldı. Hakim görüşü saxladı və cərimə zərbəsi təyin etdi. Bu zaman cərimə zərbəsini yerinə yetirməyə hazırlaşan Rikardinyoya yaxınlaşan Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov onu itələdi. Portuqaliyalı dərhal federasiya prezidentinin cavabını qaytardı. Araya girən hakimlər və hər iki komandanın üzvləri tərəfləri sakitləşdirdi.

Sanki Axundovun bu hərəkəti “Riki”ni qızışdırdı. Qalan dəqiqələrdə daha aqressiv oyun nümayiş etdirən kapitan qarşılaşmanın 31-ci dəqiqəsində yenə bizi cəzalandırdı. Yığmamızın hücumu zamanı Çovdarovun zərbəsini dəf edən Souzanın qaytardığı top Rikinin önünə düşdü. Qapımız boş olduğu üçün bir saniyə belə vaxt itirməyən futzalçı topu öz cərimə meydançasından güclü zərbə ilə bizim qapıya vurdu. Boş qapıya daxil olan topu seyr etmək isə Qalloya qaldı. 4 dəfə dünyanın ən yaxşı oyunçusu adına layiq görülən Rikardinyo millimizin qapısına vurduğu qolla(21 qol) Avropa Çempionatlarının final mərhələsində ən çox qol vuran futzalçı ünvanını da ələ keçirmiş oldu. Yığmamızla görüşdə poker edən Rikardinyo rusiyalı Konstantin Yeryemenkonu 1 top üstələdi. Onun AVRO-2018-in ¼ final mərhələsində vurduğu son qolu Alesio və yetirmələrinin Bakıya bilet alması ilə nəticələndi.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Facebook Şərhləri

Son yazılar

Yuxarı