Layihə

LAYİHƏ: Qapıda “divə” dönən, arağın məhv etdiyi bakılı “pantera”

14.03.2018 , 11:54

Korner.az və Sportfm.az saytlarının "Futzal: yığmamızın Avropa çempionatındakı çıxışı" layihəsi çərçivəsində yeddinci yazısı

Azərbaycanın futzal yığmasının iştirak etdiyi son Avropa Çempionatı Sloveniyada baş tutdu. Turnir boyu futzalsevərlərə dolğun məlumatlar çatdırıldı. İdmansevərlər oyunları canlı izləmək imkanı qazandı. Bəs, ilk qitə birinciliyi harda keçirilib? Hansı yığmalar həmin yarışda iştirak edib? Millimiz Azərbaycanı necə təmsil edib? Tarixə boylanaq, keçmişə baxaq…

Futzal üzrə ilk Avropa Çempionatı 1996-cı ilə təşkil edilib. Bu turnir eskperimental status daşıyıb. İspaniyanın Kordova şəhərindəki “Vista Aleqre” kompleksində qitə birinciliyinin final mərhələsi çərçivəsində cəmi 6 komanda mübarizə aparıb. Belçika, İspaniya(Ev sahibi olduğu üçün – A.Ə.), Niderland, Rusiya, Ukrayna və İtaliya “Köhnə dünya”nın ən böyük futzal trofeyi uğrunda yarışıb. 8-14 yanvar tarixlərində ispaniyalı azarkeşlər bir-birindən maraqlı oyunlara şahidlik etmək imkanı yaxalayıb. Finalda Rusiya yığmasını 5:3 hesabı ilə məğlub edən ev sahibi İspaniya ilk Avropa Çempionatının qalibi olub. Bürünc medalları isə Belçika qazanıb.

Vurulan 10 qol və qazanılan 1 xal 

Yığmamızın ilk Avropa Çempionatının seçmə mərhələdəki çıxışına nəzər saldıqda görərik ki, heyətdə bir çox tanınmış oyunçunun olmasına baxmayaraq, futzalçılarımız uğursuz nəticələrə imza atıb. İlk dəfə 1993-cü ildə formalaşdırılan millimiz elə həmin il Bakıda təlim-məşq toplanışına start verib. AFFA yığmanın ikinci toplanışını 1994-cü ilin iyul ayında təşkil edib. Bu dəfə məqsəd məhz 1996-cı ildə keçiriləcək futzal üzrə Avropa Çempionatının seçmə mərhələsində iştirak etmək olub. Yığmamız Çexiya, Polşa, Hollandiya, Slovakiya və Xorvatiya ilə eyni qrupda mübarizə aparıb. Hollandiyada keçirilən seçmə mərhələnin görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Hollandiya – Azərbaycan 3:1 (Allahverdi Babayev)

Xorvatiya – Azərbaycan 6:3 (Mahir Eyniyev 2, Fikrət Hüseynov)

Azərbaycan – Slovakiya 0:2 

Çexiya – Azərbaycan 2:10 (İlqar Aslanov, Mahir Eyniyev)

Azərbaycan – Polşa 6:4 (Mahir Eyniyev 5, Allahverdi Babayev)

Cəmi bir qələbə qazanaraq qrup sonuncusu olan millimizə Əbdülqəni Nurməmmədov rəhbərlik edib. Bütün görüşlərdə meydana çıxan yeganə futzalçımız isə qapıçı Rauf Hüseynov olub. Raufun həmin görüşlərdə etdiyi seyvlərdən, mükəmməl oyunundan hələ indi də danışılır. Hollandiyadakı matçları xatırlayan futzal veteranları Raufun reflekslərindən, cəsarətindən, cəld və çevikliyindən bəhs edir. Hər kəs sabiq qolkiperin keçilməz olduğunu vurğulayır. Bütün bunlar haqda Raufun özü nə deyir? Bunu öyrənmək isə gözlədiyimdən də çətin oldu. Sabiq “çərçivə qoruyucusu” ilə görüşmək istəyimi dilə gətirdiyim zaman nədənsə çoxları məni bu fikirdən daşındırmağa çalışdı.

Fotoda soldan sağa: Ağatahir Əzimov, Rauf Hüseynov, İbrahim Həsənov

Ancaq qərarım qəti idi. "Pantera" ləqəbli bakılı balasını tapıb, danışdıracaqdım. Azərbaycan yığmasının ilk qolkiperi olan Rauf Hüseynov bizə(Onun evinə yığmamızın sabiq üzvləri İbrahim Həsənov və Ağatahir Əzimovla birgə yollanmışdım – A.Ə.)qapını açdıqda hər şey məlum oldu. Bir zamanlar güclü zərbələri dəf edən 1 nömrə ayaq üstə güclə dururdu. "Rauf, yenə içmisən?" – deyə, Ağatahir Əzimov soruşdu. "Sizi gözlədim, gec gəldiniz, ona görə içdim" – özünə haqq qazandırmaq istəyərək, cavab verdi. Söhbətə mən qoşuluram.

– Bəs, indi necə danışacaqsan?

– Sən, narahat olma. Mənim hər şey yadımdadı(əli ilə başını göstərir – A.Ə.) 

– Rauf, elə uşaqlıqdan qapıda dururdun?

– Əlbəttə, balaca uşaq idim, məhlədə daim futbol oynayırdım, qapını heç kimə vermirdim. 

– Axı uşaqların çoxu qapıda durmağı xoşlamır. 

– Mənim top çıxarmaqdan xoşum gəlirdi. Uşaqlar mən qoruduğum qapıya qol vura bilmirdilər. Oyun başlayanda hamısı bir-biri ilə dalaşırdı, deyirdilər Rauf bizdən oynayacaq. 14 yaşım olanda isə futbol məktəbinə getməyə başladım. 

– Bu necə alındı? 

– Bir gün biz həmişəki kimi məhlədə top qovurduq, kənardan bir nəfər seyr edirdi. Qan-tər içində idim. Məni yanına çağırdı(adını xatırlamadı- A.Ə.). Adımı, ünvanımı öyrəndi. Bir gün sonra iki nəfər məşqçi bizim evə gəldi. Atamla söhbət etdilər. O da razılıq verdi. 2 gündən sonra "Üçüncü bağ"da məşqlərə başladım. Bir ildən sonra məni "Metallist" komandasına cəlb etdilər. Həmin vaxt Sergey Kramarenko ilə çalışmağa başladım. O mənə çox əziyyət çəkib. Çingiz İsmayılov da mənə qapıda durmağın sirlərini öyrədib. Bir bir məhlədə böyümüşük. O yaşca məndən böyük idi, həmişə dəyərli məsləhətlər verirdi. 

– Çoxları böyük futbolda uğur qazana bilmədikləri üçün futzala meyl salıb. Səni zallara nə cəlb etdi?

– Haqsızlıq. Elə o dönəmdən Azərbaycanda futbolçuların haqqı yeyilirdi. Oynayırsan, pulunu ala bilmirsən. Oynamırsan, acından ölürsən. Mən ilk dəfə futzal yığmasına dəvət alanda 1993-cü il idi. Əla komandamız vardı. Yoxsa, indiki kimi, gətiriblər Tyaqo, Myaqo – deyirlər azərbaycanlıdı. Alə, belə azərbaycanlı olar? Tahir(Ağatahir Əzimovu nəzərdə tutur – A.Ə.) onları topla bərabər qapıya salar(gülür). Tahirdən bir dənədir.

– Oyunlara da dəm çıxırdın?

– Biz 1989-cu ildə mini-futbol üzrə SSRİ çempionatında çıxış edirdik. Bizim qrupun oyunları Norilskdə(Rusiya – A.Ə.) keçirilirdi. Çıxıram bayıra, 30 dərəcə şaxta. Belə havada nə edim? Təbii ki, “vurmaq” lazımdır.

(Söhbətə İbrahim Həsənov qoşulur)

 İ.H – Rauf oyun günü möhkəm içmişdi. Zala daxil olanda komandanın rəisi Rafiq Əlizadə dedi ki, ayaq üstə dura bilmir, bu necə oynayacaq? Biz uşaqlarla onu arxayın saldıq ki, narahat olmayın, Rauf qapıda əla dayanacaq. Elə də oldu. Qarşılaşmanın ən yaxşısı Rauf seçildi. Bu adamın refleksi dəhşət idi. 

– Oynadığın vaxtlar xaricə niyə getmədin? – deyə, Raufdan soruşuram. 

– A kişi, kim idi məni xaricə qoyan? Fuad Musayev(AFFA-nın ilk prezidenti – A.Ə.) gözümü çıxarardı. Rusiyanın klubları dalımca düşmüşdü. Qorxumdan Musayevə yaxınlaşa bilmirdim. Yaxşı yadımdadı, 1994-cü ildə Polşa ilə oyundan sonra(Millimiz 6:4 hesabı ilə qalib gəlib – red.) bizə 10 dollar "premiya" vermişdi. Heç kim səsini çıxara bilmədi. Avropa Çempionatının seçmə mərhələsində cəmi 1 qələbə qazandıq, ona görə isə 10 dollar pul aldıq(gülür). 

– Deyilənlərə görə, hətta çox cəsarətli olan Mahir Eyniyev də Fuad Musayevə söz deyə bilmirmiş. Bu doğrudur?

– Eyniyev təkcə cəsarətli yox, həm də dözülməz idi(gülür). Cavanların gününü qara eləmişdi. Bəli, o da heç nə deyə bilmirdi. Musayev zəhmli adam idi. Sözü bir dəfə deyirdi. 

– Rauf, seçmə mərhələnin digər qarşılaşmalarındakı uğursuzluq nə ilə bağlı idi?

– Şərait yox idi. Düz-əməlli məşq keçmirdik. Taktika bilmirdik. Eləcə çıxıb oynayırdıq. Yaxşı yadımdadı, bizdən qat-qat zəif olan Çexiyadan 10 top buraxdıq. Mahir Eyniyev meydanda istədiyini edirdi. Ona söz demək olmazdı(gülür). Hollandları “sürümüşdük”. “Ağcaqanad”(Allahverdi Babayevi nəzərdə tutur – A.Ə.) meydanda "uçurdu". Amma sonda uduzduq.  

– Niyə Mahir Eyniyev haqqında danışan hər kəs onun dözülməz xarakterə malik olduğunu bildirir?

– Ona görə ki, o kral idi. Meydanda istədiyini edirdi. Özü həmişə deyirdi ki, hansı komanda çempion olmaq istəyirsə, məni alsın. O "razdevalkaya" girəndə hamı ayağa qalxırdı. Onun dediyini etmə, gör səni nə günə salırdı! Parketin üzərinə çıxanda “şirə” dönürdü. O məşqçi-zad hərləmirdi. Tək oynayırdı. Biz isə yanında ora-bura qaçırdıq. 

– Rauf, deyirlər ki, bir dəfə meydanda özündən getmisən, ancaq qapıya gedən topu çıxararaq, qol olmasına imkan verməmisən.

– Budur də,(Əli ilə İbrahim Həsənovu göstərir – A.Ə.) başıma dizi ilə elə vurdu ki, başım gicəlləndi(gülür). 1998-ci ildə Belçika ilə Dünya Çempionatının seçmə mərhələsinin oyununda qarşı-qarşıya gəlirdik. Əgər qalib gəlsəydik Dünya Çempionatına gedəcəkdik. Hesab 4-3 bizim xeyrimizə idi. Rəqib hücum edirdi, İka da(İbrahim Həsənov-A.Ə) "zaşitnikdi". Onların hücumçusu topu zərbə ilə qapıya vurdu, mən tullanıb barmaqlarımın ucu ilə topu çıxardım. İka təkrar zərbəyə imkan verməmək üçün topu vurub uzaqlaşdırmaq istəyirdi. Topun yerinə başıma vurdu(gülür), gözüm qaraldı, bircə onu gördüm ki, bulanıq halda yumru nəsə qapıya gedir. Əlimi atdım, uşaqların qışqırığını az da olsa eşitdim. Bildim ki, qaytarmışam. Nə olsun, sona 12 saniyə qala qol buraxdıq, DÇ-na gedə bilmədik.

Qeyd edək ki, yığmamız ilk dəfə 2010-cu ildə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. Növbəti yazımız yığmamızın həmin turnirdəki çıxışına həsr ediləcək.

 

Müəllif: Araz Əhmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Facebook Şərhləri

Son yazılar

Yuxarı