Layihə

LAYİHƏ: “Azərbaycan çempionatındakı oyunlar bizi qane etmir”

21.03.2018 , 09:17

Korner.az və Sportfm.az saytlarının “Futzal: yığmamızın Avropa çempionatındakı çıxışı” layihəsi çərçivəsində səkkizinci yazısı

2010-cu ildə futzal üzrə milli komandamız tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Təsnifat mərhələsini uğurla keçən yığmamız qitənin ən güclü 12 komandasının sırasına düşə bilib.

2010-cu ildə keçirilən Avropa Çempionatı rekordlar və yeniliklərlə yadda qalıb. Macarıstanda baş tutan turnirin final mərhələsində ilk dəfə olaraq 8 yox, 12 komanda mübarizə aparıb. Bundan başqa rekord sayda – 38 ölkə təsnifat mərhələsində qüvvəsini sınayıb. Matçlar Macarıstanın iki idman kompleksində keçirilib – paytaxt Budapeştdə 12.500 nəfərlik tutumu olan “Laslo Papp Arena” və Debretsendə 8.500 nəfərlik tutumu olan “Feniks Arena”.

Komandamız turnirdə A qrupunda – Çexiya və Macarıstanla mübarizə aparıb. Yığmamızın üzvü Biro Jade Macarıstanda 5 topla bombardirlər sırasında yer alıb. 6 xal topladığımız final mərhələsində çıxış edən Rizvan Fərzəliyev 8 il əvvəli belə xatırlayır: “2010-cu ildə Macarıstanda keçirilən Avropa çempionatında ilk oyunumuz yerli komandaya qarşı idi. Qarşılaşmanın çətin olacağını bilirdik. Çünki meydan sahiblərinə qarşı mübarizə aparmalı idik. Oyuna çıxdıq, meydanda döyüşdük və 3:1 hesabı ilə qalib gəldik . İkinci oyunda Çexiya ilə oyun bizim üçün uğurlu oldu – 6:1 hesablı qələbə bizə qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazandırdı. Artıq qarşımıza qoyulan məqsədə çatmışdıq. Daha sonra Ukrayna millisi ilə oynadıq. Oyuna pis başladıq, ilk dəqiqələrdən qapımızda qol gördük, lakin sonradan istəyimizə çatdıq və oyun 3:3 hesablı bərabərliklə yekunlaşdı. Penaltilər seriyasında uğur bizim tərəfimizdə oldu və qalib gəldik. Bununla da ilk dəfə qatıldığımız Avropa Çempionatında “Dördlər finalı”na vəsiqə qazandıq. Burada Portuqaliya millisi ilə qarşılaşdıq. O matçda uğursuzluq yaşadıq. Yenə oyun heç-heçə bitdi. Penaltilərdə isə bəxtimiz gətirmədi və uduzduq. Üçüncü yer uğrunda oyunda qrupda qalib gəldiyimiz Çexiya millisinə məğlub olduq. Uğur bizdən üz döndərdi. Oyunu sona qədər oynadım. Bizim əsas oyunçular oynamırdı. Qapıçının da bir az uğursuz çıxışı bizi məğlubiyyətə sürüklədi. Hesabda öndə olsaq da, qələbəni əldən buraxdıq”.

“Hər kəs bizə zəif rəqib kimi baxırdı”

Söhbətin davamında Fərzəliyev bir çox mətləblərə aydınlıq gətirdi:”Komanda daxilində Avropa Çempionatı ilə bağlı həyəcan vardı. Həmin dövrdə biz “Araz”  və milli komanda ilə demək olar ki, eyni heyətlə oynayırdı. Sadəcə olaraq, bu ilk idi, həyəcan var idi. Hər kəs bizə zəif rəqib kimi baxırdı. Lakin qrupda qazandığımız qələbələrdən sonra fikirlər dəyişdi. Ukrayna millisi üzərində qazanılan qalibiyyətdən sonra hər kəsə sübut etdik ki, Azərbaycan yığması bu turnirə təsadüfən qatılmayıb. Birinci il çıxış etməyimizə baxmayaraq, “Dördlər finalı”na vəsiqə qazandıq və hər kəsə göstərdik ki, artıq Azərbaycan yığması zəif rəqib deyil.  Məhz 2010-cu ildəki qitə birinciliyindən sonra futzalda bizi ciddi yığma kimi qəbul etməyə başladılar”.

““Dördlər Finalı”na vəsiqə qazanacağımızı ağlımıza gətirmirdik”

2010-cu ildəki Avropa Çempionatında əsas məqsədimiz qrupdan çıxmaq idi. “Dördlər Finalı”na vəsiqə qazanacağımızı ağlımıza gətirmirdik. Birinci və ikinci yer, bizim üçün fərq etmirdi. Əsas məqsəd ilk mükafatçılar sırasına düşmək idi. İlk oyun həmişə vacib olur. Qələbə qazandınsa, artıq qrup mərhələsini böyük ehtimalla adlayırsan. Düşündüyümüz oldu, macarlara qalib gəldik. Bu matçdan sonra bizdə ruh yüksəkliyi yarandı, ikinci qələbədən sonra artıq özümüzə daha çox inanmağa başladıq və hansı rəqibin düşməyinə elə də önəm vermirdik, meydana çıxıb qalib gəlməyi düşünürdük”. 

Rizvan Fərzəliyev futzalımızın ən böyük bəlalarından biri olan – millimizdə yerli oyunçuların azlığı ilə bağlı məsələyə də fikir bildirdi:”Milli komandada yerli oyunçuların çox olması hər kəsə xoş olar. Ancaq barışmaq lazımdı ki, nəinki Azərbaycan yığmasında, dünyada bu təcrübə var, legionerlərdən istifadə olunur. Komandanı gücləndirmək üçün əcnəbi oyunçulara dəvət göndərən yığmalar az deyil. Mən də buna görə, həmin məsələyə pis baxmıram. Sadəcə hal-hazırda yerli oyunçu baxımdan qıtlıq çəkirik. Cavanlar bir qədər özlərini doğrultmalıdır. Ümid edirəm ki, gələcəkdə xeyli yerli oyunçular olacaq”. 

“Azərbaycan çempionatındakı oyunlar bizi qane etmir”

Milli komandanın kapitanı 8 ildən bəri nələrin dəyişdiyini belə izah etdi: “Əvvəlki illərlə müqayisədə, hazırda milli komandamızın daha az görüş keçirdiyini deməliyəm, bu yaxşı hal deyil. Təbii ki, belə vəziyyət nəticələrə də təsirsiz ötüşmür. Əvvəl həm klubun, həm də millinin heyətində xeyli oyun keçirirdik. Bu il “Araz”ın Avropa arenasında uğursuz çıxış etməsi milli komandaya da mənfi təsir etdi. Məğlub olduqda, oyun təcrübəsi də azalır. Daha çox oyun beynəlxalq keçirmək lazımdı. Öz çempionatımızdakı oyunlar bizi qane etmir. Orada rəqiblər bir az fərqlidi. Hal-hazırda bizim mənfi cəhətimiz oyun təcrübəsinin az olmasıdır”.

 

“Son Avropa Çempionatındakı çıxışımızı uğursuz hesab etmirəm” 

Bu il Sloveniyada baş tutan Avropa Çempionatındaki çıxışımızı uğursuz hesab etmirəm. Rəhbərlik tərəfindən qarşımıza qoyulan başlıca məqsəd qrupdan çıxmaq idi. Bunu bacardıq, bu üzdən deyə bilmərəm ki, uğursuz çıxış etdik. Bildiyiniz kimi, çətin qrupa düşmüşdük. Fransa yığması turnirin sürpriz komandalarından biri hesab olunurdu. İspaniya yığması haqqında isə danışmağa dəyməz, onların gücünə hamı bələddi. Bizim üstünlüyümüz qabaqcadan oyunları izləyə bilməyimiz oldu. Fransa – İspaniya oyununu izlədik, orada baş məşqçimiz bizə lazım olan qeydləri götürdü. Oyun 4:4 hesabı ilə bitdi və bu da bizə ilk görüşdə qələbə qazanacağımız halda qrup mərhələsini adlamağa imkan yaradırdı. Buna görə, Fransa ilə matça tam həvəslə kökləndik və parket üzərinə yalnız qələbə qazanmaq üçün çıxdıq. Yaxşı oynadıq və həmin matçda qalib gəldik. İspaniya ilə matçı da uğursuz adlandırmazdım. Oyunda mübarizə apardıq, çalışdıq, lakin təəssüflər olsun ki, məğlub olduq. Ancaq qrupdan çıxmağı təmin etmişdik. Təbii ki, daha yaxşı ola bilərdi, daha yaxşı nəticə əldə edə bilərdik, buna mən də istərdim. Ancaq belə alındı. Portuqaliya yığması ilə matçda, doğrudur, böyükhesablı məğlubiyyətlə üzləşdik, ancaq mən o matçı da uğursuz saymıram. Çünki Portuqaliya millisi bu turnirdə ən güclülərdən biri idi. Onlar əsas favoritlərdən sayılırdı, Rikardinyonun komandası həqiqətən çempionluğa layiq idi. Ümumiyyətlə, həmin matçda millimizin üzvlərinin hazırlıqsız olması fikri ilə razılaşmıram. Böyükhesablı məğlubiyytin təbii ki, səbəbləri var, ancaq bu hazırlıqsız olmağımızla əlaqəli deyil. Qeyd etdiyim kimi, bu il oyun təcrübəmiz ötən illərə nisbətən az idi, buna görə də, istədiyimizə tam nail ola bilmədik. Portuqaliya ilə matça gəlincə, oyuna yaxşı başladıq, qol da vurduq. Sonradan rəqib hesabı bərabərləşdirdi. Əvvəlki illərə nisbətən, bu il legioner oyunçularımız da fərdi olaraq o qədər də seçilmirdi. Məşqçi məcbur olub riskə əl atdı. Yəni o risk bizi həm qalib edə bilərdi, həm də böyükhesablı məğlub ola bilərdik. Təəssüf ki, başımıza ikinci mümkün variant gəldi. Məşqçimiz “beşli” oyuna keçdi, rəqib bundan istifadə edib qollar vurdu. Buna baxmayaraq bu turnirdə qarşımıza qoyulan məqsədə çatdıq və mən turnirdən uğursuz nəticə ilə ayrıldığımızı düşünmürəm”.  

“Komandamız 2010-cu ildəki uğurdan sonra geriləməyib”

Təcrübəli futzalçı hazırkı millimizi ilk dəfə 2010-cu ildə qitə birinciliyə vəsiqə qazanan komandamızla da müqayisə etməyi özünə borc bildi: Düşünmürən ki, bizim komanda 2010-cu ildən sonra geriləyib, əksinə irəliləmişik, inkişaf etmişik. Doğrudur, artıq bir çox ölkələr futzal oynaya bilir, bütün ölkələr bu oyuna böyük maraq göstərir, uğurlar əldə edirlər. Düzdür, 2010-cu il bizim üçün ən uğurlu il idi, həm klub, həm də milli baxımından, ancaq ondan sonra biz Dünya Çempionatında 5/6 yerləri tutduq. Biz eyni heyətlə orda nəticə əldə etmişiksə, geriləməmişik. Sadəcə olaraq, Avropa Çempionatında bizdən daha böyük nəticə gözləyirdilər. Sloveniyada heç qrupdan çıxa bilməyən, güclü komandalar var idi. Bəli, onlar üçün turnir uğursuz oldu. Bizim üçün yox. Biz ən azından qrupda Fransa milli üzərində qələbə qazandıq, İspaniya ilə oyunda da minimal hesabla məğlub olduq. İspaniya ilə oyunda başa-baş mübarizə gedirdi, əzmkarlıq var idi, birinci olmaq istəyirdik. Avropa çempionarına qarşı layiqli oynadıq, bu hər komandaya nəsib olmur. Sadəcə Portuqaliya millisinə məğlubiyyət bütün olanların üstündən xətt çəkdi”. 

Rizvan Fərzəliyev azarkeşlərə səslənməyi də unutmadı:”Biz azarkeşlərimizi hər zaman sevindirmək istəyirik. Növbəti mötəbər turnirlərdə də uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərə demək istəyirəm ki, 2010-cu ildə əldə etdiyimiz uğurlar təkrarlanacaq, hətta daha yaxşı olacaq. Həmin günlər yaxındadır”.

Qeyd edək ki, yığmamız 2010-cu ildən sonra keçirilən Avropa Çempionatının final mərhələsinə də(Xorvatiya, Zaqreb – red.) vəsiqə qazanıb.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Facebook Şərhləri

Son yazılar

Yuxarı