Layihə

LAYİHƏ: “Au revoir” Fransa və “espéranos” İspaniya

21.02.2018 , 12:27

Korner.az və Sportfm.az saytlarının “Futzal: yığmamızın Avropa çempionatındakı çıxışı” layihəsi çərçivəsində üçüncü yazısı

Sloveniyada keçirilən Avropa Çempionatında bir çox ilklər gerçəkləşdi. Məsələn, ilk dəfə olaraq, Almaniyanın avtomobil nəhəngi Volkswagen şirkətinin rəsmi tərəfdaşlığı ilə oyunçuların ixtiyarına 55 komfortlu Arteon, Tiguan, Passat, Golf, e-Golf və Multivanlar verildi.

Turnirin püşkatması zamanı UEFA nümayəndələri bildirdilər ki, Rusiya və Ukrayna eyni qrupa düşə bilməz. Əgər bu yığmalar eyni qrupa düşsəydi, onların yeri dəyişdiriləcəkdi. Bu kiçik sabiq Yuqoslaviya respublikasında baş tutan AÇ-də ilklərdən biri də Fransanın böyük futzal bayramında iştirak etməsi idi. “Qara qutu”ya bənzədilən, kvalifikasiya mərhələsində güclü Xorvatiya yığmasını mübarizədən kənarlaşdıran fransızların püşkatma zamanı D qrupunda yer alacağı və ilk sınağı yığmamızla oyunda verəcəyi məlum oldu.

Jakla Da Silvanın ilk dueli

Bundan əvvəl parket üzərində fransızlarla yalnız bir dəfə qarşılaşmışıq. 2011-ci ilin 25 fevralında Avropa Çempionatının əsas seçmə mərhələsinin ikinci turu çərçivəsində Bakı İdman Sarayındakı görüşdə qərbi avropalılardan üstün olmuşuq. Bu turnirin ilk matçında Qazaxıstana 6-3 hesabı ilə qalib gələn yığmamız, Joze Alesio Da Silvanın rəhbərliyi altında seçmə mərhələnin ilk turunda D qrupunda Bolqarıstan, Litva və Maltanı arxada qoyaraq D qrupunun lideri kimi Bakıya gələn Fransanı 4-2 hesabı ilə məğlub edib. Yığmamızın sabiq baş məşqçisi Biro Jadenin dubl etdiyi görüşdə digər qolları Serjao və Vitali Borisov vurub.

Oyundan sonra Alesio ilk qarşılaşmaya nisbətən oyunçularımızın daha yaxşı təsir bağışladığını bildirərək, İspaniya ilə görüşə hazırlaşıdıqlarını bəyan edib. Fransızların baş məşqçisi Pyer Jak isə əsas problemi erkən qol buraxmaqlarında görərək, gənc oyunçuları üçün bu seçmə mərhələnin oyunlarının yaxşı təcrübə olduğunu söyləyib. Alesionun isə qorxduğu başına gəlib. Belə ki, iki sonra İspaniya ilə keçirilən oyunda yığmamız meydançanı başıaşağı tərk edib 3-8. Bu məğlubiyyətə baxmayaraq, Qazaxıstan və Fransadan 3 xal alan futzalçılarımız 2012-ci ildə Xorvatiyada start götürən və Türkiyənin tarixində ilk dəfə qatıldığı qitə birinciliyinə vəsiqə qazanıb. Balkan yarımadasında isə Joze Alesio Da Silva uğursuz çıxışı ilə yadda qalıb. Portuqaliya və Serbiya ilə birlikdə D qrupunda yer alan yığmamız fevralın 1-də “Arena Zaqreb”də “Avropanın braziliyalıları”na boyun əyib 1-4. Həmin oyunda yeganə qolumuzu Rəcəb Fərəczadə vurub. İki gün sonra eyni məkanda Serbiya ilə qarşılaşan futzalçılarımız ilk hissədə 4-3 hesabı ilə öndə olmalarına baxmayaraq, hadisələrin dramatik şəkildə cərəyan etdiyi matçın sonlarına yaxın 8-9 hesabı ilə yenilərək, qitə birinciliyi ilə vidalaşıb. Avropa Çempionatının seçmə və final mərhələsinin oyunlarında Alesio aşağıdakı futzalçılara etimad göstərmişdi – Andrey Tveryankin(q), Rizvan Fərzəliyev(k), Felipe Dos Santos, Namiq Məmmədkərimov, Vitali Borisov, Biro Jade, Tyaqo Rodriges, Serjao, Rəcəb Fərəczadə, Alves Ediqleuson, Sergey Çuykov 

Əbəs yerə deyilməyən sözlər

Bakıda yığmamızla matçdan sonra məğlub olmalarına baxmayaraq, məmnun görünən fransızların baş məşqçisi Pyer Jake oyunsonrası mətbuat konfransında dediyi sözlərin əbəs olmadığını bütün dünyaya nümayiş etdirdi. Bakıda jurnalistlərin qarşısına çıxan fransız seçmə mərhələnin oyunlarının Fransa yığmasının heyətində olan gənclər üçün yetərincə böyük təcrübə olduğunu söyləmişdi.

Məhz həmin gənclərdən 4 nəfər 7 il sonra baş tutacaq növbəti Azərbaycan – Fransa duelində iştirak etdi. Bizim yığmamızın heyətində isə iki nəfər – Rizvan Fərzəliyev və Vitali Borisov bir daha parket üzərində fransızlara gücünü göstərmək imkanı qazandı. Arxada qalan illər ərzində baş verən ən böyük qəribəlik isə Fransa yığmasının sükanı arxasında Pyer Jakın qaldığı halda, Azərbaycan yığmasında 2011-ci ildə baş tutan görüşdən sonra 4 mütəxəssisin çalışması idi. Ancaq Jakın yetirmələri ilə ikinci duelə yığmamızı meydançaya yenə Bakı-Astana-Bakı marşrutu ilə hərəkət edən “qaçaq” Joze Alesio Da Silva çıxarmalı oldu.

Ciddi siqnal

AÇ-2018-in play-off mərhələsində sensasion şəkildə güclü Xorvatiyanı(bu haqda geniş yazı http://sportfm.az/futzal/11021-mixaylonun-izi-il.html-red.)məğlub edərək, ilk dəfə final mərhələsinə qatılan fransızların bu uğuruna kölgə salmaq istəyənlər çox idi. Hətta bəzi KİV onların Sloveniyaya turist kimi gəldiyini yazırdı. Uzun illərdir yığmanı çalışdıran Pyer Jake isə çox nikbin görünürdü. İspaniya ilə qarşılaşmadan öncə məşhur “L’Équipe” qəzetinə müsahibə verən mütəxəssis hər kəsi şoka sala biləcəklərini dilə gətirmişdi. 31 yanvarda “Arena Stojiçe”də D qrupu çərçivəsində baş tutan ilk görüş “sehrli qutu”ya bənzədilən Fransa ilə turnirin əsas favoriti İspaniya arasında oldu. Yanvarın 28-də Sloveniyaya yola düşən yığmamız Fransa-İspaniya duelini izləmək üçün tribunada yerini almışdı. Həmin gün sensasiya olacağı heç kimin ağlına gəlməzdi. Görüşdən öncə verilən proqnozlarda ispanların şimal qonşularına böyük hesabla qalib gələcəyi təxmin edilirdi. Oyun başlayan kimi irəli atılan ispanlar 9-cu dəqiqədə “soyuq duş” yaşadılar. Abdessamad Məhəmməd fransızları hesabda önə keçirdi. Daha sonra hər iki komandanın ümumilikdə 8 dəfə fərqləndiyi matçda 4:4 hesablı şok edici nəticə qeydə alındı. Yeddiqat Avropa çempionu, qitə birinciliyində ilk dəfə iştirak edən Fransa ilə oyunda xal itirmişdi. Və bütün bunlar yığmamızın baş məşqçisi Alesio Da Silva və futzalçılarımızın gözləri qarşısında baş vermişdi. 

Tülkü hiyləgərliyi və dəyərli qələbə

Fevralın 2-si, Bakı vaxtı ilə axşam saat 9-da Azərbaycan və Fransa yığmaları bir daha meydanda üz-üzə gəlməli oldu. Həmin gün Sloveniyanın paytaxtında hava soyuq idi, hətta güclü qar yağmışdı. Ancaq hava şəraiti yığmamızın ilk martçına baxmağa gələnlərə mane olmamışdı. “Arena Stojiçe”də italiyalı Ancelo Qalantenin start fiti ilə başlayan görüş futzalsevərlərə ilk dəqiqələrdən həyəcanlı anlar yaşatmağa başladı. Birinci matçda Fransa yığmasının oyununu incəliklərinə qədər analiz edən Alesio rəqibin standard vəziyyətlərdəki zəif nöqtələrini, hücuma keçən zaman buraxdığı boş zonaları mükəmməl görmüşdü. Braziliyalının taktikası ilk saniyələrdən özünü doğrultmağa başladı. Artıq 3-cü dəqiqədə Fineounun ötürməsindən sonra Tyaqonun vurduğu qola qədər meydana Rövşən Hüseynli(qap), Tyaqo, Fineo, Edu və Qallo “beşliyi” ilə çıxan millilərimiz fransızların kapitanı və qolkiperi Camel Arunu 3 dəfə ciddi şəkildə narahat etmişdi. Üstünlüyümüzlə keçən dəqiqələr 6.59-u göstərdiyində Landri Nqalanın “gizlənərək” endirdiyi “mərmi” heç yerinə düşmədi. Fransız Rövşəni qəflətən yaxaladı. Alesio 5 meydan oyunçusuna qarşı zəif çıxış edən Jakenin yetirmələrini cəzalandırmaq üçün Rövşənin formasını yığmamızda “beşinci” funksiyasının ən yaxşı yerinə yetirən Eduya verərək, onu “döyüşə atdı”. Bundan sonra Vassura, Borisov, Fineo, Tyaqo dəfələrlə qol epizodları yaratsa da, birinci hissə 1:1 bərabərliklə yekunlaşdı. Matçın ikinci hissəsi bizim üçün çox pis başladı. Top mərkəzdən oyuna daxil edildikdən cəmi 5 saniyə sonra Abdessamad Məhəmməd Hüseynlinin də səhvindən yararlanaraq, Fransanı hesabda önə keçirdi. Bu qoldan 2 dəqiqə sonra status-kvonu bərpa edən Tyaqo, 88 saniyə ara ilə tablodakı rəqəmləri yığmamızın xeyrinə dəyişə bildi.

Belhac və Məhəmmədlə iki dəfə Rövşənin sayıqlığını yoxlayan rəqibi Qallo 29-cu dəqiqədə meydanın mərkəzinə dəvət etdi 4:2. Artıq futzalçılarımız rahatlıqla top çevirərək, rəqibin müdafiəsində əmələ gələ biləcək boşluqları aramağa başladı. Belə boşluqlardan birini 37-ci dəqiqədə Edu tapdı. Fransız futzalçılar sonuncu dəqiqəsində bir qol vuraraq, ikinci dəfə yığmamızla görüşdən məğlub ayrılmalarını rəsmiləşdirdilər. Avropa Çempionatının ilk matçında qazanılan qələbədən sonra baş məşqçi Alesio yığmamızın görüşə yaxşı hazırlaşdığını, hesabda geri düşsək də, oyun intizamını qoruduğunu söylədi. Azərbaycan millisini Avropanın ən yaxşı hücum xəttinə malik komandalardan biri adlandıran Pyer Jak isə səhvlərə yol verdiklərini və buna görə məğlubiyyətin qaçılmaz olduğunun bildirdi. Beləliklə, Joze Alesio Da Silva və Pyer Jakın ikinci duelindən yenə braziliyalı qalib ayrıldı.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Facebook Şərhləri

Son yazılar

Yuxarı